Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Tibb / Meyitdən orqan köçürülməsi üçün konsepsiya hazırlanır – Nazirlik

Meyitdən orqan köçürülməsi üçün konsepsiya hazırlanır – Nazirlik

“Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9 nəfərə qaraciyər köçürülüb”. Lent.az-ın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əməliyyat olunan xəstələrin 22 faizi uşaqlardır: “Əməliyyat olunan uşağın ən kiçiyinin 5 yaşı olub. Xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir. Donor hovuzunun artırılma yollarından ən çox yayılmış olanı meyit orqanlarından istifadədir”.

Şöbə müdiri onu da qeyd edib ki, donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyası icra edilir: “Xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu, əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il 1 cütə belə əməliyyat şamil olunub. 3 cüt də əməliyyata hazırlaşır. Yəqin ki, gələn il onlar da əməliyyat olunacaq”.

M. Kazımi bildirib ki, hazırda dövlət tərəfindən ehtiyacı olan xəstələr üçün meyit orqanlarından istifadə etmək üçün müəyyən konsepsiya işlənilir. Cərrah onu da qeyd edib ki, mövsümlə əlaqədar göbələk zəhərlənməsi zamanı qaraciyər çatışmağı yaranır. Zamanında qaraciyər köçürülərsə, xəstənin həyatını xilas etmək olur.

M.Kazımi bildirib ki, Gürcüstandan 9 xəstə, Rusiyadan isə 1 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına orqan köçürülməsi ilə bağlı müraciət edib.

Həmçinin oxuyun

Leykemiyanın aşkar olunmayan əlamətləri

Qan xərçəngindən əziyyət çəkən pasiyentlərdə bir çoxu aşkar edilməyən bəzi simptomlar ortaya çıxa bilər. Bu …