Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / “İmmun sistemi güclü olanlar da qripə yoluxur” – Nazirlik rəsmisi

“İmmun sistemi güclü olanlar da qripə yoluxur” – Nazirlik rəsmisi

Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir. Bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün bir sıra sadə üsullar var. Belə ki, qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək tövsiyə olunur.

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova hazırda olduqca aktual olan mövsümi qripə qarşı peyvənd mövzusu ətrafında danışarkn deyib. Onun sözlərinə görə, müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etmək vacibdir.

“İstənilən xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha əlverişlidir. Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə qarşı peyvəndlərin aparılması həyata keçirilir. Hətta immun sistemi olduqca güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb. Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən AR Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib”.

N.Mürsəlova peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklərin peyvənd olunduğları haqqında məlumat verib. Onun dediyinə görə, qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib, peyvənd oluna bilər: “Onu da qeyd edim ki, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır”.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …