Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / İcbari tibbi sığorta həkimləri niyə narahat edir – ŞƏRH

İcbari tibbi sığorta həkimləri niyə narahat edir – ŞƏRH

“Aprel ayını gözləyirəm, icbari tibbi sığortanın tətbiqindən sonra aldığım məvacib məni qane etməszsə, işdən çıxacam”. Bunu deyən həkim Gülcamal Əliyeva (ad şərtidir), qəzetimizə bildirib ki, maaş az olarsa, işini özəl klinikaların birində davam etdirəcək.

İcbari tibbi sığorta tətbiq edilən bəzi tibb müəssisələrində isə  həkimlərin öz işlərinə biganə yanaşdığı deyilir. Bizimlə söhbətdə Yevlax rayon sakini Sona Əzimova (ad şərtidir) deyir ki, bir neçə dəfə həkimlərin laqeyd davranışının şahidi olub: “Mən tibb bacısı işləyirəm, həkimlərin əksəriyyəti günortayadək işini tez bitirir, xəstələrə diqqətli, həssas yanaşmırlar. Günortadan sonra isə ödənişli tibb mərkəzlərində işləyirlər. Həkimlər xəstələrdən pul ala bilmədiklərinə görə icbari tibbi sığortanın tətbiqindən narazıdırlar”.

Hazırda 59 rayon üzrə icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən isə digər  bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.  Yada salaq ki, yanvar ayından “Tibbi sığorta haqqında” Qanuna əsasən, ölkə üzrə dövlət  və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.

İcbari tibbi sığorta belə işləyəcək - MÜSAHİBƏ | Banco.az

Sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat və üstəgəl ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat və üstəgəl ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib.

Qeyd edək ki, icbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.

Göründüyü kimi, icbari tibbi sığorta aprelin 1-dən bütün  ölkə üzrə tətbiq olunacaq, amma əhali arasında hələ də təzadlı fikirlər səsləndirilməkdədir. Bəziləri xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tariflərin aydın şəkildə izah olunmamasından şikayətçidir. İcbari tibbi sığorta tətbiq edilən  bəzi yerlərdə isə vətəndaşlar hələ də həkimlərə ödəniş etdiklərini deyirlər…

Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək - Baku Press Klub

Adil Qeybulla

Bizimlə söhbətdə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, icbari tibbi sığorta ilə bağlı ilk vaxtlar müəyyən problemlərin olması normaldır: “Ola bilər ki, bir sıra məsələlər həllini tapmasın, çətinliklər olsun. Əsas məsələ maliyyələşmə prosesinin düzgün qurulmasındadır. Məsələn, ayrılan vəsait təbii ki, çox azdır. Amma bütün bu vəsaitin şəffaf xərclənməsi, ictimai nəzarətin olması son dərəcə mühümdür.

Mənimsəmələr, əyriliklər olmamalıdır, cəlb olunan tibb işçiləri də işin keyfiyyətinə maraqlı olmalıdırlar. İndi elə dövrdür ki, əgər həkim sosial sığorta ilə sosial statusunu saxlaya bilsə, nəyə görə buradan başqa yerə qaçsın ki? Amma icbari tibbi sığorta hansısa Hippokrat andına, ya da absurd, mücərrəd şeylərə əsaslanıb həkimə təzyiq eləsə, bu nəticəsiz qalacaq”.

Professorun fikrincə, icbari tibbi sığortada ilk növbədə fiksə olunmuş əmək haqqı  tətbiq edilməlidir: “Çünki fiksə olunmuş maaş olmasa, mənimsəmələr üçün mühit yaranacaq. Fiksə olunmuş maaş o deməkdir ki, hər şey şəffaf, konkret olur, buna uyğun olaraq da nəzarət gerçəkləşir. Deyirlər ki, kim nə qədər xəstəyə baxsa, o qədər çox maaş alacaq. Demək ki, qəbul şöbəsində yenə bir qrup həkimə daha çox pasient yönləndiriləcək, bir qrup həkim isə kənarda qalacaq. Bu, neqativliyə yol açır və tam yanlış prinsipdir. Heç bir yerdə sığorta ilə bağlı belə bir prinsip yoxdur. Ona görə də biz ilk növbədə Türkiyə təcrübəsindən yararlanmalıyıq. Türkiyə zamanında bu yolla gedib, 2000-ci ilə qədər təxirəsalınmaz əməliyyatlar, yardım, doğuş dövlətin nəzarətində idi, yəni dövlət maliyyələşdirirdi, qalan xidmətlər isə vətəndaşla dövlət arasında bölünürdü. Amma hazırda dövlət bunu tamamilə maliyyələşdirir. Biz də iki etapda edə bilərik, şəffaf, düzgün bir sistem olsun, vətəndaş bundan fayda görsün”.

Ağdaş əhalisinin 90%-i icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi  xidmətlərdən məmnundur - SORĞU

İcbari tibbi sığortanın tətbiq edildiyi rayonlarda bir neçə dəfə layihə həyata keçirən Bakı Dövlət Universitetinin professoru, Sosial Hüquqların Araşdırması İctimai Birliyinin sədri Mais Əliyevin sözlərinə görə, bu sahədə bir sıra neqativ hallar aradan qaldırılıb: “Elə bir layihə yoxdur ki, onu tətbiq etməyə başlayanda problem olmasın. Bir çox neqativ faktorlar aradan qaldırıldı. İnsanlar maliyyə sıxıntısı olmadan tibbi yardım almağa gəlirlər. İlk dövrlər həkimlərə yüksək məbləğdə maaş tətbiq edildi. Ona görə də həkimlər çox maraqlı olmadılar. Düşündülər ki, 3 ya 10 xəstəyə baxsa, eyni maaş olacaq. Yeni sistemdə artıq bu kimi  halları aradan qaldırmaqdan ötrü bonus sistemi tətbiq olunacaq. Həkim həm maaş, həm də qəbul etdiyi xəstəyə və müalicəyə əsasən bonuslar alacaq. Bizim həkimlər öyrəniblər ki, özəl klinikalarda vergidən gizlənə-gizlənə, xəlvəti mühasibatlıq yolu ilə ikiqat əmək haqqı alsınlar. Özəl müəssisələrdə əmək müqaviləsinə görə maaş az yazılır. Amma faktiki maaş yüksək olur. Yəni qara mühasibatlıqla maaş az göstərilir. Burada isə mühasibatlıq aşkar, şəffafdır, ona görə də həkimlərin narazılıq etməyə haqqı yoxdur. Özəl tibb müəssisələri də İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayacaqlar. Həkimlərin maraqlı olmaması məsələsi də bundan sonra aradan qalxacaq”.

Qaydaları pozanlar 5 min manata qədər pul cəzasına cəlb edilə bilər

 Mais Əliyev

M.Əliyevin sözlərinə görə, əsas problem həkimlərin rayonlara getməsində maraqlı olmamalarıdır: “Əksər rayonlarda həkim ştatları demək olar ki, boşdur. Rayonlarda ixtisaslı kadrlar olsun, müasir avadanlıqlarla təmin olunsun. Son 15 ildə demək olar ki, regionlara Tibb Universitetini bitirmiş heç bir mütəxəssis getmir. Bu, çox ciddi problemdir. Hesab edirəm ki, icbari tibbi sığorta bu problemləri də aradan qaldıracaq. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində maarifləndirmə işləri apardıq. QHT-ləri, bu sahə ilə məşğul olan insanları topladıq. Onların icbari tibbi sığorta ilə bağlı fikirlərini öyrəndik”.

Professor qeyd edir ki, icbari tibbi sığortanın tətbiqi vətəndaşlara zəmanətli tibbi xidmət almaq imkanı yaradan və əhalinin sağlamlığının təmin edilməsi istiqamətində mühüm addımdır: “İcbari tibbi sığorta sistemi bilavasitə vətəndaşların sağlamlığı ilə bağlı olduğundan olduqca həssas bir sahədir. Bu sahədə qanun pozuntusu hallarının əvvəlcədən müəyyən edilərək qarşısının alınması dövlət üçün həyati əhəmiyyətli vacib məsələdir. Ona görə də icbari tibbi sığorta sistemində sığorta təminatının həyata keçirilməsi üzərində ictimai nəzarətin həyata keçirilməsinin mühüm əhəmiyyəti vardır”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə qəzetimizə bildirilib ki, səhiyyə işçilərinin əməkhaqları könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, dövlət büdcəsi və ya yerli büdcə, büdcədənkənar vəsaitlər, hüquqi və fiziki  şəxslərin gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşir: “Bu qaydanın 3-cü hissəsində müəyyən edilmiş vəsaitlər hesabına səhiyyə iççisinin əmək haqqına aşağıdakılar daxildir tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər”. 

Bununla belə, agentlikdən o da qeyd edilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Qaydaya əsasən tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxil edilib: “Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, aylıq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir. Dəyişikliyə əsasən tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 9 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib”. Musavat.com

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …