“Əməliyyatda iştirak edən qadın deyir ki, vəziyyəti pisləşən qızımı görəndə pis olub və otağı tərk edib”
İndi
gənc qızlar arasında yeni zərərli adətlər ortaya çıxıb. Hər cəhətdən
sağlam həyat sürmək əvəzinə, bir-biri ilə bəhsə girərək, estetik
əməliyyat eşqinə düşürlər. Bunun üçün özlərində qüsur axtarır, hansısa
aktrisaya, müğənniyə bənzəməyə çalışırlar. Belə olanda ailəni yola
gətirib əməliyyat stoluna asanlıqla uzanırlar. Halbuki
rinoplastika-burun estetik əməliyyatları heç də asan tibbi müdaxilə
deyil. Hər halda mütəxəssislər belə deyirlər. Həkim axtarışına çıxan
pasiyentlərin hədəfi istədiyinə nail olmaqdır. Çox az hissəsi əməliyyat
və həkimlər barədə ətraflı məlumatla tanış olurlar. Bir çox həkimlər isə
maddi maraq qarşısında həkimlik məsuliyyətini unudaraq, lazım
oldu-olmadı, əməliyyatlara hər zaman hazırdırlar. Səhiyyədə baş alıb
gedən nəzarətsizlik, özbaşınalıq isə həkim-pasiyent arasında problemləri
artırır.
Martın
18-də Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi 18 yaşlı Leyla
Mürsəlova Starmed Klinikasında həyatını itirdi. Adı məşhur olan plastik
cərrah Sənan Mehdiyevin xəstəsi olan Leylanın əməliyyatda verilən yüksək
dozalı narkozun təsirindən öldüyünü dedilər. Əlbəttə, ailə üçün gənc
övladının ölümü böyük faciə və şok oldu. Leylanın qəfildən ölümü
ətrafında da çox suallar doğurdu. Artıq mərhumənin ölümündən xeyli vaxt
keçsə də, məsuliyyət daşıyan həkimlər barədə hər hansı cəza tədbiri
görülməyib. Əməliyyat stolunda ölən qızın atası Namiq Mürsəlov
Analitik.az-la söhbətində qızının ölümündə cavabdeh olanların
cəzalandırılmasını tələb etdiyini bildirib. Səhiyyə Nazirliyi, Heydər
Əliyev Fondu və başqa qurumlara yazılı müraciət edən çarəsiz atanın
sözlərinə görə, hələ də səriştəli orqanlardan hər hansı cavab gəlməyib:
“Starmed klinikasının fəaliyyəti dayandırılıb. Səhiyyə Nazirliyinin
başqa reaksiyasını görməmişik. Ölüm halı ilə bağlı Yasamal Rayon
Prokurorluğuna müraciət etmişəm, müvafiq maddə ilə (ehtiyatsızlıq
üzündən adamöldürmə) cinayət işi açılıb. Fuad adlı müstəntiqin apardığı
ilkin istintaq prosesi davam edir. Əməliyyatda iştirak edən tibbi
heyətdən ilkin ifadələr alınıb. Tibbi Ekspertizanın rəyini gözləyirik”.
“Klinikada əməliyyatla bağlı hər hansı sənədləşmə aparılmayıb”
Bəziləri
gənc qızın ölümünü “qisməti beləymiş” deyib keçsə də, bir qrup faciənin
baş verməsində həkimlərlə yanaşı, ailəni də günahlandırır: “Valideynlər
bu yaşda gənci əməliyyata göndərməməli idilər”, “özəl klinikaya
güvənmək olmazdı”, “gəncin müayinəsini yaxşı etdirməli idilər” kimi
qınaqlar az deyil. Məsələ ondadır ki, hər bir valideyn övladı üçün belə
bir son olmasını xəyal etməyə qorxar. Fakt odur ki, valideynlərdən çox,
əməliyyatı boynuna götürən həkim diqqətli olmalı idi. Ata Namiq Mürsəlov
həkimi qızının seçdiyini Analitik.az-a deyib: “Sənan Mehdiyev haqqında
yaxşı cərrah rəyi var. Leyla da deyilənlərlə bizi razı saldı. Əslində
mən və anası ona çox dedik, ehtiyacın yoxdu, qızımın şəkillərdə də heç
qüsurunun olmadığını görə bilərsiz. Leylanın əməliyyatı tək plastik
məqsədli yox, həm də tibbi tərəfdən lazımlı idi. Burnunda çəpər əyriliyi
də vardı. Xəbərlərdə qızımın ürək problemini gizlətdiyimizi, elə bu
səbəbdən öldüyünü yazırlar. Bəli, Leylanın kiçik yaşlarında ürəyində
azca narahatlığı vardı və müalicə etdirmişdik. Son illər şikayəti də yox
idi. Biz fevralın 20-də həkimlə ilk konsultasiyaya getdik, martın 9-u
analizlər, müayinələr aparıldı. Sənan həkim kobud insandır, onun
xəstələrlə davranışı əvvəldən xoşuma gəlmədi. Həkim pasiyenti ilə
danışanda sağlamlıq problemlərini, istəkləri, psixoloji vəziyyətini
nəzərə almalıdır. Əməliyyatdan qabaq hazırlıq mərhəsi heç olmadı.
Əməliyyatla bağlı sənədləşmə qəti aparılmayıb. Sadəcə əməliyyat haqqı –
1500 manat danışmışdıq, vəssalam. Qızımın ətraflı müayinə və psixi
hazırlığı tam edilmədi. Bunları sonradan daha aydın başa düşdüm.
Təssəvvür edin, əməliyyatda rol oynayan anestezioloqu yalnız faciəmizi
xəbər verəndə gördük. Ona kimi bizdən hər hansı sorğu-sual olunmadı. Ən
azı, qızımın əməliyyatına icazəsi üçün müqavilə, sənəd belə imzalamadım.
Belə çıxır ki, onlar qeyri-qanuni və yaxının izni olmadan əməliyyata
başlamışdılar”.
“Qızımı öləndən sonra əməliyyat ediblər”
Əməliyyat
günü baş verənləri xatırladan Namiq Mürsəlov deyib ki, Starmed
klinikasına 17 mart, səhər doqquzun yarısı gəliblər: “Hətta bizdən qabaq
başqa ailənin əməliyyatı vardı. Mən də maraqlandım, sübhdən nə
əməliyyatdır olub, görəsən? Sonra Leylanı əməliyyat otağına apardılar.
Saat
11-ə işləmiş anestizoloq gəlib dedi ki, bəs Leylanın təzyiqi düşüb,
temperaturu çox yüksəkdir, ürəyi dayanmaq üzrədir, amma biz vəziyyətini
normala qaytarmağa çalışırıq. Həmin vaxt onlar bizdən Leylanın
vəziyyətini gizlətdilər, bəlkə də onda qızım keçinmişdi. Amma bizə ölüm
xəbərini təxminən axşam saat 4-də dedilər. Vaxtında bizə doğru məlumat
versəydilər, mən də əlavə həkim gətirməyə çalışardım. Amma qızımın
doğrudan da vəziyyəti ağır olub və bunlar hətta əlavə reanimatoloq da
gətiriblər sonradan, o da gec gəlibmiş. Bir də, həmin klinikanın tibbi
avadanlıq və əməliyyat otağının hazırlığı kifayət qədər olmayıb. Biz
əməliyyat zamanı dəhlizdə gözləyəndə bir kişi tez-tez xəstəxana ilə çöl
arasında qaça-qaçda idi. Maraqlandıq, sən demə, həmin kişi əməliyyat
otağı üçün dərmanlar dalınca göndərilibmiş. Belə çıxır ki, klinika
əməliyyat zamanı baş verəcək hər hansı vəziyyət üçün tibbi preparatla
təmin olunmamışdı”.
“Qızımı əziyyətlə öldürüblər”
Çox
maraqlıdır ki, ölkə səhiyyəsində belə bir fikir var. Həkimlər təqsirkar
ola bilməzlər, həkim səhv etməz. Axı ən təcrübəli həkimin belə
səhlənkar davranmasa da, səhv addımı ola bilər. Namiq müəllim deyir ki,
Sənan həkimin ilkin ifadələri saxtadır: “Sənan həkim deyir ki, guya
qızımın vəziyyəti əməliyyatı başa çatdırana yaxın pisləşib. Axı
əməliyyat saatına nəzər salsaq, həkimin qızımın vəziyyəti haqqında
ara-sıra bizə verdiyi məlumatlarla onun ifadəsində böyük fərq görərik.
Çünki narkozdan sonra qızımın pisləşməsini xəbər edən həkimlər,
vəziyyətini normala qaytarmadan necə əməliyyat ediblər? Belə çıxır ki,
qızım keçinəndən sonra əməliyyata başlayıblar. Çünki qızımın burnunda
tamponlar vardı. Bunu əlbəttə Leylanın ölümündə məsuliyyətdən qaçmaq
üçün ediblər. Axı Sənan həkim tanınan biridir. Heç bir həkim əlində
xəstənin ölməsini arzulamaz, amma Sənan Mehdiyev qızımın ölümündən sonra
da özünü təqsirli hesab etmədi. Mənə ağır gələn odur ki, qızımı zülmlə
ölüdürüblər. Biz onu görəndə qolları, biləkləri gömgoy idi. Görünür ki,
qızım hansısa iynəyə reaksiyası zamanı şok keçirib və onu qollarından
bərk saxlayıblar. Tibb bacısının ifadəsi isə məni lap özümdən çıxardı.
Əməliyyatda iştirak edən qadın deyir ki, vəziyyəti pisləşən qızımı
görəndə pis olub və otağı tərk edib. Axı əməliyyatdakı tibb işçisi
müdaxilə, əl-ayağa düşmək əvəzinə niyə qaçmalıdır ki? Belə naşı,
məsuliyyətsız tibb işçiləri niyə insanları bədbəxt edirlər?..”
Söhbətinin sonunda ata, bu işin arxasınca gedəcəyini və təqsirli həkimlərin cəzalandırılması üçün hər şey edəcəyini deyir.
“Leylanın çox arzusu vardı”
Mərhumənin
qrup yoldaşı Fidan Cabbarova Analitik.az-la söhbətində bildirib ki,
Leylanın ölümü hamıya pis təsir edib: “Ölüm xəbərini eşidəndə şok
keçirdik. Leyla bizlə hec vidalaşmamışdı da. Sadəcə əməliyyata girmək
istəyirdi. Son sözü də o oldu ki, mənim üçün dua edin. Onun əslində heç
bir qüsuru yox idi. Sadəcə kompleks edirdi. Analizlərinin cavabını
səbirsizliklə gözləyirdi, elə problemli də çıxmadı. Anası bizə deyir ki,
əməliyyat günü səhər dəfələrlə “Leyla, bəlkə, getməyəsən” dedim, razı
olmadı. Təəssüf, gənc idi Leyla. Arzuları var idi, alman dilini
öyrənirdi, kolleci bitirən kimi imtahan verəcəkdi. Bir qardaş, bir bacı
idilər. Kiçik qardaşına deyirmiş ki, əməliyyatdan salamat çıxım, sənə
hədiyyə alacam”.
///analitik.az