Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Dünyada 50 milyonadək körpəni öldürən xəstəlik Azərbaycanda da bəlalar törədir

Dünyada 50 milyonadək körpəni öldürən xəstəlik Azərbaycanda da bəlalar törədir

Bu gün dünyada ən geniş yayılan xəstəliklərdən bir hissəsi də ürəklə bağlıdır. Statistikaya görə, təkcə 2015-ci ildə dünyada 48.9 milyon körpə ürək qüsuru ilə dünyaya gəlib. Azərbaycanda da ürək xəstəliklərinin geniş yayıldığını söyləmək mümkündür. Son illər ürək qüsuru ilə doğulan uşaqların sayında da artım gözə çarpır.

Respublika Uşaq Xəstəxanasının “Kardiologiya” şöbəsinin müdiri Xalidə Abdinova da Spuntik Azərbaycan-a müsahibəsində belə deyir.

– Ürək qüsurlarının səbəbləri nə ilə bağlıdır?

– Son illərdə ürək qüsurlarının sayı artıb. Bəlkə də xəstəliyin daha yaxşı aşkarlanması rəqəmləri bu qədər gözəçarpan edib. Onu qeyd edim ki, ürək qüsurlarının əsas səbəblərindən biri bətndaxili infeksiyalar, qohum nikahları və irsi xəstəliklərdir.

– Hansı halda ürək qüsuru sonradan yaranır?

– Ürək qüsurlarının sonradan aşkarlanması yalnız revmatizm mənşəli zədələnmələr zamanı olur. Lakin öncəki illərlə müqayisədə valideynlərin zamanında müraciət etməsi ilə revmatizmdən yarana biləcək bu cür qüsurların da sayında azalma qeydə alınıb.

– Xəstəxanaya müraciət edən xəstələrin yaşı ilə bağlı məlumat verərdiniz.

– Xəstəxanamıza 2 aydan tutmuş 17 yaşadək xəstə qəbul etmişik. Hazırda xəstəxanamızda 3 aylıq uşaq müalicə alır. Həmin uşaq İranda əməliyyat olunduqdan sonra bura yerləşdirilib. Hazırda körpədə sidikqovuculuqla bağlı problem var. Bundan başqa, 3 aylıq körpədə təngnəfəslik, magistral damarların transpozisiyası var. Bu, çox ciddi qüsurdur. Bu qüsur aşkarlandıqda damarlar düzgün paylaşmır. Bundan başqa xəstəxanamızda eyni anda 5 ürək qüsurundan əziyyət çəkən xəstələr də var.

– Ürək qüsurları ilə bağlı ən ağır xəstəliklərdən biri olan kavasaki xəstəliyinin əlaməti ilə bağlı məlumat verərdiniz.

– Kavasaki xəstəliyi virus mənşəli və uzunmüddətli xəstəlikdir. Bu zaman xəstədə yüksək hərarət müşahidə olunur. EXO müayinə aparıldıqdan sonra belə xəstələrdə ürək damarlarında genişlənmə aşkarlanır. Bu zaman virus ürəyin özünü yox, damarlarını zədələyir. Belə olan halda erkən yaşlarda da infarkt keçirmə ehtimalı yaranır.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …