Ana səhifə / Tibb / Azərbaycanın “Virtual cərrahiyyəsi” Türkmənistandakı iqtisadi forumda təqdim olundu

Azərbaycanın “Virtual cərrahiyyəsi” Türkmənistandakı iqtisadi forumda təqdim olundu

Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları Sərgisi təşkil olunub.

Sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti də iştirak edir. Milli pavilyonumuzda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin son innovativ məhsul, xidmət və həlləri nümayiş etdirilir.

Sərgidə İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Virtual cərrahiyyə” startapı da təqdim olunub. “Virtual cərrahiyyə” layihəsi müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və səmərəli cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir. Belə ki, KT (kompüter tomoqrafiyası) və ya MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrinin 3D formatı və cərrahi əməliyyatın virtual planlaşdırma sxemi xüsusi holoqrafik cihaza ötürülür. Bundan sonra cərrah artırılmış reallıq eynəyi taxaraq onun kompüterində olan məlumatı xüsusi proqram təminatı ilə əməliyyat sahəsinə yerləşdirir. Beləliklə, cərrah əməliyyat sahəsinin real görüntüləri ilə yanaşı, gözə görünməyən anatomik strukturların 3D formatda radioloji görüntüsünü əldə edir.

Forumda Türkmənistan, Qazaxıstan, İran, Rusiya və Azərbaycan iştirak edir.

Forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayır.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …