Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / Azərbaycanda yazılan dərman amerikalı həkimi DƏHŞƏTƏ SALDI

Azərbaycanda yazılan dərman amerikalı həkimi DƏHŞƏTƏ SALDI

Publika.az-ın müsahibi uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayıb, çalışan soydaşımız Nahidə Kərimlidir.

– Nahidə xanım, son dəfə vətəndə nə vaxt olmuşdunuz?

– İl yarım əvvəl gəlmişdim.

– Nələr dəyişib bu müddətdə?

– Bakı günbəgün dəyişir. Çox gözəlləşib.

– Neçə ildir Amerikada yaşayırsınız?

– 25 il olacaq yaxında.

– Bir igidin ömrü…

– Eyni zamanda bir göz qırpımında keçən ömür. Qərib yerdə adam həmişə doğmalıq axtarır. Hətta kiminsə avtomobilində “AZE” yazısı görəndə qəlbin döyünür.

– Qürbətdə keçən ömürdən danışın biraz.

– Həyat yoldaşım Əhməd Obalı Amerikada yaşayırdı. Ailə qurub, birgə Bakıya köçməyə qərar verdik. Sonra bir çox hadisələr baş verdi. Məcbur orada qalası olduq. Amma yaxşı ki, qalmışıq. Oğlumuz dünyaya gəldi. Hazırda 23 yaşı var. Amerikada böyüdü, təhsil aldı. Orada əldə etdiklərini mən ona Azərbaycanda verə bilməzdim.

– Əslində qürbətə qatlanmağımızın ən böyük səbəbi də övladlarımıza daha rahat həyat vermək istəyidir.

– Təbii ki… Yad ölkədə yaşamağı kim istəyər? Mən də arzulayardım ki, övladıma verdiyim güclü təhsil öz vətənimdə olsun. Kaş ki, Amerikanın həsəd apardığımız cəhətləri Azərbaycanda olardı. Yoxsa bizim qürbətdə nə işimiz var? Yaxşı xatırlayıram, 2000-ci il idi. Anam yanıma gəlmişdi. Elə oldu ki, dərmanı bitdi. Getdim aptekə yenisini almağa, dedilər ki, o dərman həkim təlimatı olmadan verilmir. Anamı klinikaya apardım. Həkim dərmana baxan kimi, təlaşla bildirdi ki, bu çox ağır durumdur. Təcili əməliyyat lazımdır. Anamın ayağından damarlar çıxardıb, ürəyin ətrafına tikdilər. Ondan sonra düz 17 il yaşadı. Amma burada qalsaydı, yəqin ki, elə o dərmanları qəbul edib, ölümünü tezləşdirərdi. Düşünürəm ki, kaş o şərait, sığortalı tibb sistemi burada da olardı.

– Bu mövzuya toxunmuşkən, bir az da işiniz barədə danışaq…

– Bakıda memarlıq ixtisası üzrə təhsil almışdım. Amerikada isə başqasının şirkətində memar kimi çalışmaq sərf etmədi. Ona görə də Şəhər prokurorluğunda, məhkəmədə işləməyə başladım. Bizim əsas işimiz ailə dağıldıqdan sonra, yaxud elə evlənmədən övladından imtina edən valideynləri axtarıb tapmaq, və aylıq aliment ödənişini təmin etməkdir.

– Bəs aztəminatlı ailələrdə uşaq dünyaya gələndə dövlət onları öz himayəsinə götürür?

– Uşaq Amerikada doğulubsa, dövlət 18 yaşınadək onu maddi cəhətdən təmin edir. Amma bu durumda ailənin aztəminatlı olmağı şərtdir. Yəni ailə dövlətə yalan danışa bilməz. Danışsa belə onu qanuni yolla ifşa etmək çox asandır. Bəzən görürsünüz ki, rus ailələri də bu yola əl atırlar. Lakin biz onların sosial sığorta nömrəsinə daxil omaqla harada işlədiyini, nə qədər maaş aldığını müəyyən edə bilirik. Bu qanunlar yaşadığım İllinois ştatına aiddir.

– Ailə hansı halda aztəminatlı sayılıb, dövlətdən yardım alır?

– İllik gəlir 35 min dollardan azdırsa, dövlət yardım edir.

– Övladından imtina edən atalarla, anaların nisbəti hansı dərəcədir?

– Kobud desək, 90 faiz atalar, 10 faiz isə analar övladlarını tərk edir.

– Bəs hər uşağa görə aliment maaşın neçə faizini təkşil edir?

– Bir uşaqdırsa maaşdan 20 faiz, iki uşaq üçün 28, üçünə 32, dördünə isə 50 faizi dövlət atanın maaşından kəsib, ananın hesabına yatırır.

– Tutaq ki, ata ailədən imtina etdi, ana da dünyasını dəyişdi, yaxud elə hər iki valideyn qəzada öldülər. Uşaq hansı qurumun, yaxud kimin himayəsinə keçir?

– Amerikada Foster Care adlanan şəxslər var. Onlar doğma valideyni əvəz etmirlər, həm də uşağı ömürlük himayələrinə götürmürlər. Uşaq doğma ata, anasını tanıyır və foster ailəsi ilə birgə yaşayır. Amma dövlətin nəzarəti mütləq şəkildə həmin ailənin üzərində olur.

– Hər kəs Foster Care üçün öz namizədliyini təqdim edə bilər?

– Müraciət edib, yoxlanışdan keçirlər. Əgər nəticə qənaətbəxşdirsə, bəli. Həmçinin dövlət foster ailələri öz nəzarətində saxlayır, onlara aylıq maaş verir. Uşaq tez-tez yoxlanışdan keçir. Əgər ailə ona yaxşı baxmırsa, geri alınır. Baxın bu sistemdir. Məsələn, mənim bir iş yoldaşım var, faster ailədə böyüyüb. Həm öz ailəsini, həm də foster ailəsini çox sevir.

– Amerikada uzun müddət yaşayan bir rəfiqəm bu ölkə haqda bütün təsəvvürümü alt-üst etdi. Onun dediyinə görə, orada valideynlər övladlarını, hətta nəvələrini bizdən də çox düşünüb, qayğı göstərirlər. İmkanları yetdiyi qədər onlara bank hesabı açıb, gələcəklərini təmin edirlər.

– Bəli, doğrudur. Hətta hər il həmin məbləğin üstünə pul da gəlir. Uşaq böyüyüb, 18 yaşa çatanadək həmin pula toxunmaq olmaz, yoxsa məbləğ artmır.

– Necə düşünürsünüz, ailədə qadının öhdəlikləri əsas olmalıdır, yoxsa kişinin?

– Amerikadakı kimi bərabərlik olmalıdır. Hər bir qadın biznes sahibi ola bilir. Yəni cinsiyyət fərqi qoyulmur. Bəzi rayonlarımızda hələ də qadın küçədə sərbəst gəzə bilmir, nə isə soruşmaq lazım gələrsə, kişi önə çıxır. Amerikada isə qadınların, hətta uşaqların fikirlərini ətraf mütləq dinləyir.

– Nahidə xanım, vicdanlı cəmiyyətin formulunu verə bilərsinizmi?

– İstənilən cəmiyyətdə haqsızlıq var. Lakin insanlar arasında ona göstərilən reaksiya fərqlidir. Amerikada sən öz haqqını tələb etməyə qalxsan, ətrafın səni müdafiə edə bilir. Ümumiyyətlə, istərdim ki, hər bir cəmiyyətin üstünlükləri bizim ölkədə olsun. Məsələn, anam Amerikada dünyasını dəyişdi, biz onu orada da dəfn etdik. Çünki bacım, qardaşım, hamımız oradayıq. Tez-tez gedib məzarını ziyarət edirik. Atamın qəbrinə isə bu 26 ildə yalnız Azərbaycana gələndən-gələnə gedə bilirəm. Problem odur ki, qəbristanlıqlar şəhərdən, kənddən çox aralıda yerləşir. Yağış yağır bütün yolları palçıq basır. Amerikada isə əksinə, cəmiyyət qəbristanlıqdan qorxmur. Hesab edirlər ki, ölən doğmalarının ruhları daim onlarladır. Şəhərin mərkəzi küçələrində qəbristanlıqlar var. Hər yer otla, çiçəklə bəzədilib. İnsanlar gəlir, əyləşir, dərdləşir. Bəlkə elə doğrudan da əzizlərimizin ruhu bizimlədir?!

– Katolik ölkədə yaşamaq dini mənsubiyyətinizə təsir etdi?

– Amerikada müxtəlif dindən olan insanlar tanıdım. Ən yaxın rəfiqələrim buddistdirlər. Onların dini ilə maraqlandım. Xatırlayırsınızsa, 11 Sentyabr faciəsi baş verəndən sonra ABŞ hakimiyyəti güclü təhlükəsizlik tədbirləri almağa başladı. İki, üç qat artıq pul ödəməklə hamı uşağını xüsusi məktəbə qoyurdu. Biz də oğlumu qeydiyyatdan keçirdəndə, soyadımız müdiriyyəti narahat etdi ki, siz müsəlmansınız. Bu məni çox üzdü, amma onları da anlayırdım. Ölkə ağır dövrdən keçirdi. Bundan sonra bütün dinlərə qəlbimin qapısını açdım. İndi hamısına böyük etiqadım, sevgim var. Hər biri haqda da kifayət qədər məlumatlıyam.

– Ən ali hiss budur yəqin. Bəs sevgi nədir sizin üçün?

– Sevgi yalnız kişi və qadın arasındakı bağlılıq deyil. İnsanın qəlbində bu hiss olanda yuxusuzluğa belə qalib gəlir. Qəribə bir enerjiyə köklənir.

– Bəs siz o enerjini nədən alırsınız?

– Övladımın uğurlarından. O dərslərində yüksək nəticə göstərir, yaxud pianoda gözəl bir musiqi ifa edir, bazar günləri mənim üçün çay dəmləyir, deyir gəl içək… Bundan böyük ruh yüksəkliyi yoxdur.

– Əslində xobəxtlik üçün bizə çox az şey lazımdır. Onu kənarda axtarınca əlimizdə olanlardan zövq alsaq, daha rahat yaşaya bilərik.

– Bir isti qucaq, “səni sevirəm ana” kəlməsindən böyük xoşbəxtlik yoxdur.

– Nahidə xanım, söhbətimizi siyasətə yönəltmək istəməzdim, ancaq Tramp Amerikası haqda da sual verməyə bilmərəm.

– Gəlin, başlayaq ondan ki, Amerikada vətəndaşların tam söz azadlığı var. İdarəçilik sistemində məhkəmə, prezident və Konqress eyni hüquqa malikdirlər. Yəni əgər Tramp müsəlmanlara vətəndaşlıq verilməsinə qarşı olsa belə, Konqress və məhkəmə razı olmadıqca əmrlərini həyata keçirə bilməz. Hazırda kasıb ölkələrdən gəlib, Amerikanın sərhədlərində körpəsini dünyaya gətirən analar var. Onlar ümid edirlər ki, uşaq 18 yaşına çatanda onlara da vətəndaşlıq veriləcək. Çünki övladlarının bu hüququ olacaq. Məhz bu faktların qarşısını almaq istəyir Tramp. Lakin Konqress razı olmasa, Trampın arzuları gerçəkləşməyəcək.

– İki xanım söhbət eləsin və mətbəx mövzusuna toxunmasın… Günah olar.

– Öz mətbəximizi çox sevirəm. Xüsusən də Şah plovumuzu. Doğrudur Amerika marketlərində lazım olan bütün ərzaqları tapıb, bişirə bilirəm, amma ləzzət eyni olmur. Məsələn, bizdə əti qaynadırsan, üstünə bir az duz əlavə edib, yeyirsən, amma orada elə deyil axı. Gərək nə qədər ədviyyat qatasan ki, xörək ləzzətli alınsın. Çünki bizim torpağımız çox bərəkətlidir. Digər xalqların mətbəxini də mənimsəmişəm. Məsələn, mənim hazırladığım suşini yeyən bir daha başqa yerdə yemir.

– Diasporumuz necə, fəaliyyəti ürəkaçandır?

– Təbii ki, çox zəifdir. Çünki hamı tədbirləri öz maddi gücü hesabına həyata keçirir. Maliyyə yardımı yoxdur. Bu barədə ermənilərdən, yəhudilərdən çox geridəyik.

– Sizcə, soydaşlarımız Amerikada hansı biznesi qursalar, vətənimizə daha çox faydaları toxunar?

– Hər kəs gücü çatan, özünə güvəndiyi yöndə vətən üçün nələrsə edə bilər. Ancaq çoxu pul xərcləyib, vətəni mənfi yöndən tanıdacaqlarsa, heç nə etməsələr, daha məqsədə uyğundur.

– Şərq xanımının Qərbdə güzəranı neçə keçir?

– Bilirsiniz, son zamanlar dünyamız elə balacalaşıb ki, hamımız bir-birimizdən ən gözəl şeyləri mənimsəməliyik. Bir şey Şərqdə gözəldirsə, onu həmən mənimsəməliyik, Qərbdə daha faydalıdırsa, vaxt itirmədən onu öyrənib, özümüzünküləşdirməliyik. Hamımız bu balaca dünyanın doğma sakinləriyik.

– Necə sağollaşaq?

– Bilirsiniz, bu yaxınlarda işdən nahar fasiləsinə çıxmışdım. İş yerim şəhərin mərkəzindədir. Meriyanın binası ilə yanaşı. Türk mədəniyyətinə həsr olunmuş festival keçirilirdi. Milli libas geyinmiş türk qızları “Sən gəlməz oldun” musiqisinin sədaları altında podiuma çıxdılar. Məni elə qəhər boğdu ki, özümü saxlaya bilmədim,gözlərim yaşardı. Hamıya deməkn istəyirdim ki, bu bizimdir. Vətən doğmadır, bizimdir. Ölkəmizə abadlıq, sülh, bol bərəkət istəyirəm. Hərkəsin qazancı bol olsun, evlərində xoşbəxt həyat, bəxtəvər günlər, əmin-amanlıq diləyirəm. İşqalda olan torpaqlarımız tezliklə azad olsun.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …