Ana səhifə / Tibb / Azərbaycanda xərçəng niyə artıb?- Çirkli su, keyfiyyətsiz qida…

Azərbaycanda xərçəng niyə artıb?- Çirkli su, keyfiyyətsiz qida…

Azərbaycanda 2017-ci ildə 11 192 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib.

Məlumata görə, əhalinin hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 115 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 468 nəfər olub. Ötən il ərzində 5 777 nəfər kişidə, 5 415 nəfər qadında bədxassəli şiş aşkarlanıb.
Qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, yumurtalığın, mədənin, uşaqlıq cisminin, kişilər arasında isə traxeya, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, prostat vəzinin, sidik kisəsinin, eləcə də çənbər bağırsağın bədxassəli şişlərlə xəstələnmə halları daha çox olub. Keçən il qadınların 33,8 faizində süd vəzinin, kişilərin 20,5 faizində traxeya, bronx və ağciyərin bədxassəli şişi aşkarlanıb.

“Cümhuriyət” qəzeti mövcud vəziyyəti terapevt Rasif Bağırovla müzakirə edib.  Həkim bildirib ki, Azərbaycanda bədxassəli şişdən dünyasını dəyişmiş insanlar çoxdur:

 

“Əslində, bu xəstəlikdən dünyasını dəyişmiş insanlar olduğu üçün statistikaya da təsir etməlidir. Amma buna baxmayaraq Azərbaycanda bədxassəli şişdən əziyyət çəkənlərin sayında artım görünür. Onkoloji xəstəliyin yaranma səbəbi tibb elminə tam dəqiqliklə aydın deyil. Sadəcə, bəzi kanserogen maddələrin orqanizmdə və ətraf mühitdə toplanması, nəhayətdə onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Paytaxt da daxil olmaqla Azərbaycanın bölgələrində ekoloji tarazlıq kifayət qədər normal deyil. Təbiətdə çoxlu miqdarda tullantı məhsullarının toplanması, qida məhsullarının beynəlxalq standartlara cavab verməməsi, içməli suyun tərkibinin standartlara uyğun olmaması və.s bütün bunlar onkoloji xəstəliklərin artması ilə nəticələnir. Göstərilən statistikanı 100 faiz düzgün hesab etmirəm. Statistikaya düşməyən, kənarda qalan çox sayda xəstələr var ki, onları da buraya əlavə etsək, kifayət qədər böyük rəqəmlər alınar”.

Terapevtin sözlərinə görə, xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi insanların böyük əksəriyyətinin həyat şəraitinin aşağı olmasıdır: “Həmçinin, əhalinin iş və əmək şəraitinin düzgün tənzimlənməməsi, eyni zamanda ölkədə ekoloji tarazlığın pozulması bu xəstəliyi tətikləyir. Müəyyən regionlarda əhalinin sıxlığı həddən artıq çoxdur. Müşahidələr göstərir ki, onkoloji xəstəliklər cənub zonasında daha çox yayılıb. Çünki orada hər kilometrə düşən əhali sıxlığı, sayı Çindən sonra ikinci yeri tutur. Təbii ki, sıxlıq olan ərazidə çoxlu tullantılar da yaranır, bu da ekoloji cəhətdən yaşayış şəraitinin pisləşməsində özünü daha çox göstərir. Bu isə, onkoloji xəstəliklərin yaranmasına təkan verən səbəblər sırasındadır”.

“Hələ də Azərbaycanda dördüncü növ buğdanın unundan qida məhsulu kimi istifadə edilir”

Rasif Bağırov onu da qeyd edib ki, əhalinin qəbul etdiyi ərzaq məhsulları onkoloji xəstəliklərin yaranmasında birinci yerdə durur: “Hazırda əhalinin qəbul etdiyi kolbasa, sosiskalar, müxtəlif “Fast food” yeməkləri qida borusu xərçəngi riskini artırır. Eyni zamanda iaşə müəssisələrinə nəzarətsiz şəkildə, haradan gəldi qəbul edilən keyfiyyətsiz ərzaq məhsulları da onkoloji xəstəlik riskini əhəmiyyətli dərəcədə artırır. Hələ də Azərbaycanda dördüncü növ buğdanın unundan qida məhsulu kimi istifadə edilməsi halları var. Təbii ki, insan orqanizminə zərər verəcək ərzaq məhsulları ilə qidalanmaq onkoloji xəstəliklərin artmasına gətirib çıxaracaq.

Krandan gələn içməli suyun bulanıqlığı gözlə görüləcək həddədir.

Bulanıq suyun tərkibində ağır metalların, bədəndə xərçəng xəstəliyi yarada biləcək kanserogen və oksidatin maddələrin miqdarı da çoxdur. Bulanıq suyun tərkibində sərbəst radikallar olan maddələr çoxdur. Bu maddələr orqanizmə daxil olan kimi zədələməyə başlayırlar. Nəzərə almaq lazımdır ki, insan orqanizmində olan bir hüceyrə gün ərzində 300 sərbəst radikalın müxtəlif hücumuna məruz qalır. Əgər yüksək səviyyədə olmayan ərzaq məhsulları qəbul olunursa, deməli, normal halda hüceyrələr 300 yox, daha artıq hücuma məruz qalır. Hüceyrə özünü bu hücumlardan qorumaq üçün insan orqanizmində antioksidant maddələrin miqdarı çox olmalıdır. Amma Azərbaycan əhalisi həmin antioksidant maddələri lazım olan qədər qəbul etmir. Buna görə də Azərbaycanda onkoloji xəstəliklər artır”.

Onkoloji xəstəliklər riskinin kişi ilə qadın arasında yüksək olmasına gəlincə, Rasif Bağırov vurğulayıb ki, kişilər qadınlara nisbətən yüksək risk daşıyıcısıdır: “Bu fərq ona görə yaranır ki, kişilər orqanizmə həddən artıq zərərli vərdişlərlə ziyan vurur. Siqaret çəkən, spirtli içkilər qəbul edən kişilərin sayı qadınlarla müqayisədə çoxdur. Demək olar ki, kişilərin 80-85 faizi siqaret çəkir. Siqaret ən güclü kanserogen maddədir. Siqaret çəkən, spirtli içki qəbul edən qadınlar az olduğundan, bədxassəli şişlər kişilər arasında daha çox yayılıb. Digər bir fərq kişilərin ağır fiziki işlərdə çalışmasıdır, bu səbəbindən orqanizmi zəifləyir. Ona görə də qadınlara nisbətən kişilərdə xərçəng riski yüksəkdir”.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …