Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / “Azərbaycanda insanlarin 90%-də kütləvi immun müqaviməti əmələ gəlib”

“Azərbaycanda insanlarin 90%-də kütləvi immun müqaviməti əmələ gəlib”

“COVİD-19-la bağlı tətbiq edilən bir çox məhdudiyyətlərin ləğv olunması düzgün qərardır və insanların normal həyata qayıtmasının ilkin şərtidir”.

Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. 

O, təəssüflə qeyd edir ki, virus xofundan qurtarmağa xidmət edən bu vəziyyətlə bəziləri sanki barışmaq istəmirlər. “COVİD-19-un qonşu ölkələrdə şiddətli artımı, ölüm hallarının kəskin çoxalması, xüsusən cavanlar arasında üstünlük təşkil etməsi haqqında məlumatlar yayılır və insanları qorxu altında saxlamağa çalışırlar. Hətta bəziləri daha “uzaqgörənlik” edərək, virusun yenidən alovlanacağı, bu dəfə xəstələnənlər içərisində uşaqlar və gənclərin üstünlük təşkil edəcəyini söyləyirlər. Odur ki, karantin tədbirlərinin mərhələli şəkildə sərtləşdiriləcəyinin gündəmdə olduğu iddia olunur”, – professor əlavə edib.

M.Qəniyev vurğulayır ki, belə məlumatlar tamamilə yanlış və əsassızdır, xoş olmayan məram və məqsədlərə xidmət edir: “Əvvəla, konkret səbəbləri göstərməklə, COVİD-19-un bizim millətimiz və xalqımız üçün “qorxulu kabus” olmaması haqqında dəfələrlə yazmışam. Şübhəsi olan, onları təkrar-təkrar oxuya bilər.

İkincisi, böyüklərə xas olan əksər fizioloji, neyro-humoral, immun və reseptor mexanizmlər yalnız 2-ci uşaqlıq yaş dövrünün sonu, yəni qızlarda 11 yaşdan, oğlanlarda isə 12 yaşdan sonra tam formalaşır. O cümlədən, COVİD 19-un bağlanaraq orqanizmə daxil olduğu ACE2 reseptorları da. COVİD-19 postsinaptik hüceyrə baryerini aşmasına yardımçı olan basiqin (CD147) və Neyropilin-1 reseptorları isə, söylədiyim yaş qruplarında ümumiyyətlə “supresiya” vəziyyətində olur. Odur ki, bəzi kənaraçıxmalar nəzərə alınmazsa, bu yaş qrupuna qədər uşaqların COVİD-19-a yoluxma, xüsusən də bu infeksiyanı ağır keçirmə ehtimalı yoxdur”. Tibb elmləri doktoru əminliklə vurğulayır ki, qeyd etdiyi yaş qrupunda olan uşaqların bağça və ya məktəbə getməsinə görə heç bir narahatlıq və qorxu hissi keçirmək lazım deyil: “Bu uşaqların əlinə 95%-li spirt vurmayın, onlara maska taxdırmayın. Sadəcə olaraq, adi gigiyenik vərdişlərə əməl etməyi onlara aşılayın və ən əsası, onların üzündən kimsənin öpməsinə icazə verməyin”.

M.Qəniyev bildirir ki, 11-12 yaşdan gənclik dövrünün tamamlandığı 19 yaşa qədər COVİD-19-un letallıq əmsalı 0,2%-dən 0,6%-ə qədərdir: “Yəni hər 1000 nəfər xəstələnməyə 2-6 nəfərə qədər ölüm halı düşür. Bu faiz nisbəti də bir qayda olaraq, irsi-genetik və ya ciddi ağır müalicəyə dözümlülük göstərən xəstəliyi olan gənclərdir. Başqa sözlə desək, bu yaş qrupunda tamamilə sağlam olan yeniyetmə və gənclərdə letallıq faizi sıfırın üstündədir. Yəni adi gigiyenik vərdişlərə əməl olunarsa, COVİD-19 bu yaş qrupu üçün heç bir halda qorxulu deyil. Mən adi gigiyenik vərdiş dedikdə nə maska taxmaq, nə də əllərin spirtlənməsini nəzərdə tutmuram, yalnız nəfəs-nəfəsə durmaq və hazırda bizim gənclər arasında stereotipiya halını almış öpüşməyi nəzərdə tuturam”. 

Professor insanlar arasında, xüsusən övladlarına görə qorxu toxumu səpmək istəyənlərə xatırlatma edib: “Hazırda ölkəmizdə COVİD-19 əleyhinə vaksinasiya olunanların ümumi sayı 7 milyon 174 min 292 nəfərdir. Bunların içərisində hər iki doza vaksin alanların sayı 4 milyona yaxındır. Hərgah, keçən ilin son 3 ayı, eləcə də bu ilin mart, aprel, həmçinin son aylarda yoluxub-sağalanların ümumi sayını nəzərə alsaq, Azərbaycanda insanlarin 90%-dən çoxunda kütləvi immun müqavimətin əmələ gəldiyini məsuliyyətlə söyləmək olar. Digər tərəfdən, məlum həqiqətdir ki, COVİD-19-un orta inkubasiya dövrü 2-14 gündür. Lakin 90%-dən yuxarı hallarda bu müddət cəmi 5,2 gün təşkil edir. Kütləvi insan kontaktının sentyabrın 29-dan, yəni ali məktəblərdə dərslərin başladığı gündən olduğunu nəzərə alsaq, virusun iddia olunan alovlanması oktyabrın üçündə baş verməli idi. Halbuki sentyabr ayının 29-u ilə müqayisədə (842 yoluxma halı) 4 oktyabrda yoluxma halı 2,2 dəfə azalıb, 391 nəfər olub. COVİD-19-un məlum inkubasiya dövrün nəzərə alsaq, növbəti günlərdə yoluxma sayının arta biləcəyinin nə praktik, nə də heç bir elmi əsası yoxdur. Hətta bunu kimsə istəsə və ya arzulasa belə”.

Musa Qəniyev sonda qeyd edib ki, oktyabr-noyabr aylarında fəsli viral infeksiyaların artması təbii qanunauyğunluqdur. “Odur ki, bu il də həmin halın aşağı faiz nisbətində də olsa təkrarlanacağı qaçılmazdır. Bu səbəbdən növbəti iki ayda hər boğaz ağrısını, temperaturun yüksəlməsini, baş, oynaq, əzələ və qarın ağrısını COVİD-19 hesab edib, hissiyyata qapınmayın, stress, gərginlik və ruhi sarsıntıya düşməyin, təyinatsız antiviral, hormonal və antibakterial dərman preparatlarını qəbul etməyin, rentgen, xüsusən KT sevdasını birdəfəlik unudun”, – professor tövsiyələrini verib. AzPolitika.info

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …