Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Tibb / Azərbaycanlıların dözməyən ürəyi – öndə gələn ölüm səbəbi

Azərbaycanlıların dözməyən ürəyi – öndə gələn ölüm səbəbi

Ötən il Azərbaycanda bütün səbəblərdən ölənlərin sayı 76878 nəfər olub. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, əhali arasında ölümün əsas səbəbləri  müxtəlifdir.

2021-ci ildə Azərbaycanda insanlar ən çox qan dövranı sistemi xəstəliklərindən ölüb – 41708 nəfər.

Ölüm səbəbləri sırasında sonrakı yeri yenitörəmələr (xərçəng şişi xəstəlikləri) tutur. Ötən il xərçəng xəstəliyindən ölənlərin ümumi sayı 8509 nəfər olub.

Bəzi infeksion və parazitar xəstəliklərdən ölənlər üçüncü sırada gəlir – 6677 nəfər.

Azərbaycanda ölümün digər səbəbləri aşağıdakılardır:

tənəffüs sistemi xəstəliklərindən 4115 nəfər;

həzm sistemi xəstəliklərindən 2659 nəfər;

sinir sistemi xəstəliklərindən 2520 nəfər;

sidik-cinsiyyət sistemi xəstəliklərindən 1241 nəfər;

travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələrindən 2993 nəfər;

endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından 1700 nəfər;

perinatal dövrdə meydana çıxan bəzi hallardan 349 nəfər;

anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 181 nəfər;

qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntulardan 66 nəfər;

hamiləlik, doğuş və zahılıq dövründə 20 nəfər;

sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən 10 nəfər;

dəri və dərialtı toxumanın xəstəliklərindən 6 nəfər.

Göründüyü kimi, Azərbaycan vətəndaşları ən çox ürək, qan-damar sistemi problemlərindən ölür. Son zamanlar ürəktutmalar hədsiz artıb və gəncləşib. Niyə ürəyimiz dözmür? Səbəb gərginlik, stress, yoxsa qidalanmamızdır?

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb:

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov: “Yeni texnologiyaların tətbiqi, hərəkətsizlik, qidalanma, qidalardakı xolestrinlər  buna gətirib çıxara bilir”

“Ümumiyyətlə, qeyd etdiyiniz statistika yeni deyil. Hər zaman ürək-damar sistemi xəstəlikləri ölüm səbəbi kimi öndə olub. Bu gün də təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində öncüllüyünü qorumaqda davam edir. Buna səbəb kimi daha çox hərəkət amili önə çıxır. Yeni texnologiyaların tətbiqi, insanların oturaq həyat tərzi sürməsi, hərəkətsizlik, qidalanma, qidalardakı xolestrinlər  buna gətirib çıxara bilir.

Hərəkətsizlik qan dövranının adekvat olmamasına, qanın laxtalanma sisteminə mənfi təsir etməsinə səbəb olur. Məlum olduğu kimi, hərəkət olmadıqda qanda durğunluq daha çox olur. Ümumiyyətlə, ürək xəstəlikləri sırasında daha çox infarktlara rast gəlirik. İnfarktların da baş verməsinin ciddi səbəbi damar divarının spazma və yaxud damarda qanın laxtalanma sisteminin pozulması, qanın qatılaşması fonunda baş verən durğunluq və yaxud damar divarında hər hansı bir zədə  olur. Əlbəttə ki, animaniya, qida pozğunluğu, stress qeyd etdiyim bu üç səbəbin ortaya çıxmasına rəvac verir. Bu baxımdan dünyada bu gün artıq daha erkən müayinələr, testlər keçirilir. Bundan başqa, müəyyən müayinələr var ki, onlar mütləq şəkildə aparılır. Bütün bunlar ürək-damar sistemi xəstəlikləri, bu xəstəlikdən ölüm riskinin çox olması ilə bağlıdır.

Ümumiyyətlə, ürək elə bir orqandır ki, kəskin bir problem olduqda həyatı itirmək riski ilə üz-üzə qala bilirik”.

 İdris Xəlilov

“Oksigen” klinikasının kardioloqu, professor doktor İdris Xəlilov da mövzu ilə bağlı rəy və tövsiyələrini bildirib:

“Ürək-damar xəstəlikləri ilə bağlı statistika yeni deyil. Bu əvvəlki illərdə də belə idi, indi də vəziyyət bu cürdür. Yəni ürək xəstəlikləri bütün dünyada birinci sırada dayanır.

Bunun səbəbləri müxtəlifdir. Səbəblər sırasında birinci yaş məsələsi, ikinci genetika, üçüncü stress, dördüncü həyat tərzi, hərəkətsizlik, çəkinin artmasıdır. Həmçinin şəkər xəstəliyi, qan təzyiqi səbəblərdən biridir.

Ümumiyyətlə, 40 yaşa qədər biz orqanizmimizi qorumuruq, çəkimiz artır, nəticədə qanda şəkərin miqdarı artır, qan təzyiqi yüksəlir və bundan sonra damarlar dözmür, ürək-damar xəstəlikləri ortaya çıxır”.

“Son zamanlar ürəktutmalar niyə bu qədər çox gəncləşib?” sualımıza isə həkim bu cür cavab verdi:

“Ürək xəstəliklərinə hər zaman hər yaşda rast gəlinib. Hətta doğulmamış uşaqlarda belə ürək xəstəliklərinin olması məlumdur. Daha bir məsələ, 20 il əvvəl mətbuat, media bu qədər aktiv və əlçatan deyildi. Yəni bir informasiya olan kimi artıq hamı mediadan və yaxud sosial şəbəkələrdən xəbər tutur.

Hesab edirəm ki, insanlar 35 yaşdan sonra müayinələr üçün həkimə getsələr, bu cür xəstəliklərin sayı dəfələrlə azalmış olar”.

Həmçinin oxuyun

Kardioloq əhalini ”Səssizqatil”-ə qalib gəlməyə səslədi – Video

Hipertəzyiq bədəndəki digər ciddi nasazlıqların siqnalı ola bilər. Yüksək qan təzyiqi müstəqil bir xəstəlik deyil, …