Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Tibb / Azərbaycanda özəl klinikalar, hamilə qadınlar və böyük risklər…

Azərbaycanda özəl klinikalar, hamilə qadınlar və böyük risklər…

Azərbaycanda hər il 150-160 min arası doğuş həyata keçirilir. Ana və uşaqların sağlamlığı daim Səhiyyə Nazirliyinin diqqətindədir. Ölkədə 100-dən çox özəl klinika fəaliyyətdədir, lakin özəl tibb müəssisələrindən yalnız 12-nin antenatal (doğuşaqədər) və doğuşayardım xidməti göstərmək üçün lisenziyası var.

Bu məlumatı Azərbaycanın baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzin direktoru,  Səhiyyə Nazirliyinin  Doğuşa Yardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib.

Doktor Məmmədovanın  sözlərinə görə, bu o deməkdir ki, özəl klinikaların yalnız 12-si hamilə qadına baxmaq, onun hamiləliyini nəzarətdə saxlamaq  və doğuşu idarə etmək hüququna malikdir.

“Bəzən hamilə qadınlar bunu bilmədən, dərk etmədən rast gələ hansısa özəl klinikaya gedir, laboratoriyada analiz verir, UZİ-dən keçir. Laboratoriya həkimi “hər şey yaxşıdır” deyən kimi elə bilir ki, gedib evində oturub vaxtın bitməyini gözləmək lazımdır. Halbuki analizlərin nəticəsi yaxşı olsa da, bədəndə hansısa bir dəyişiklik gedə bilər, bunu isə yalnız hamiləliyə nəzarət edə bilən, təcrübəli həkim müəyyən edə bilər”,-o deyib.

Mərkəz rəhbəri qeyd edir ki, özəl klinikalara verilən lisenziyanın iki növü var. Klinika digər xidmətlərlə yanaşı ginekoloji xidmət də göstərə bilər. “Yəni söhbət hamilə olmayan qadına göstərilən ginekoloji xidmətdən gedir, bu xidmətlərə hamilə qadınlara antenatal və doğuşayardım xidməti daxil deyil. Hamilə qadınlar bunu bilməlidirlər. Özəl klinikalar da hamilə qadının vəziyyətinə görə məsuliyyət daşıyırlar”,-Məmmədova əlavə edib.

Mərkəz rəhbəri antenatal və doğuşayardım xidməti sahəsində göstərilən işlərin nəticələrinin təhlili ilə bağlı tədbir keçirildiyini də xatırladıb. Onun sözlərinə görə, ilin 6 ayında rəhbərlik etdiyi müəssisəyə  960 xəstə daxil olub: “Onların 600-ü ağır xəstə olub. Göstəricilərə görə, 600 ağır xəstənin 14 faizi antenatal qulluğu dövlət müəssisələrində deyil, özəl müəssisələrdə alıb. Bu o deməkdir ki, hər 100 qadının on dördü yararsız xidmət alıblar. Elmi- Tədqiqat Mamalıq Ginekologiya İnsitutunun nəticələrinə görə isə, 108 nəfər özəl klinikalarda yararsız xidmət alıb. Biz demək olar ki, bu xəstələri həyata qaytarmışıq”.

Baş mütəxəssis qeyd edib ki, uşağın sağlam dünyaya gəlməsi üçün hamiləlik dövründə həkim müayinəsindən keçmək lazımdır. Dövlət qadın məsləhətxanaları hamilə qadınlara antenatal qulluq,  yəni hamiləlik dövründə nəzarəti həyata keçirir. Baş mütəxəssisin sözlərinə görə, sağlam qadınlar hamiləlik müddətində 7 dəfə həkim-ginekoloqun müayinəsindən keçməlidirlər. Yəni bu, yalnız sağlam qadınlara aiddir. Qadın hamiləlikdən əvvəl və hamiləlik dövründə hansısa xəstəlik keçiribsə, yaxud fəsadlaşma baş veribsə, 10-15, bəzi hallarda daha çox həkimə getməli, müntəzəm həkim nəzarətində olmalıdır.

Hamilə qadınlara antenatal xidmətlə bağlı Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xüsusi təlimatlar, klinik protokollar və əmrlər var. Baş mütəxəssis hamilə qadınların məhz dövlət qadın məsləhətxanalarına müraciət etmələrini tövsiyə edir.

Məmmədova əlavə edib ki, dövlət qadın məsləhətxanalarının vəzifələri təkcə hamilə qadınlara nəzarət etmək deyil: “Doğuşdan sonrakı 40 gün zahılıq dövrü hesab edilir, həmin dövrdə yeni ana olanlara qadın məsləhətxanasının həkimləri nəzarət edirlər. Qadın doğum evindən çıxarkən mütləq şəkildə yaşadığı ərazi üzrə  qadın məsləhətxanasına telefonaqramma, yəni rəsmi məlumat göndərilir. Çünki doğuş zamanı da fəsadlar yarana bilər. Qadın məsləhətxanası məlumat alandan sonra vaxtında ixtisaslı yardım edirlər. Təəssüf ki, özəl klinikalarda teleqramma göndərmirlər, qadınlar zahılıq dövründə nəzarətsiz qalırlar”.

Problemlərdən biri də hamilə qadınların vaxtında deyil, yalnız ağırlaşandan sonra həkimə müraciət etmələridir. Məmmədova qeyd edib ki, bəzən xüsusilə də gənc qadınlar hamiləliyin ilk 12 həftəsində həvəsli olurlar. Həkim hər şeyin yaxşı olduğunu söyləyəndən sonra bir daha müraciət etmirlər: “Bir də hamiləliyin son həftələrində təzyiq yüksəldikdən, sidikdə zülal qalxdıqdan sonra həkim axtarırlar. Həkim axtaranda da çox vaxt özəl müəssisələrə gedirlər, orda qeydiyyata düşürlər. Amma problem dərinləşəndə yenidən dövlət müəssisələrinə geri dönürlər. Bir də görürsən, özəl klinikada depozit yatırmağa maddi imkanları olmur, ağır durumda dövlət müəssisələrinə üz tuturlar”.

Amma başqa bir məsələ də var, özəl klinikadan dövlət müəssisələrinə gələnlərin mütləq mübadilə kartı olmalıdır, halbuki çox zaman gətirmirlər. “Mübadilə kartı ona görə lazımdır ki, həkim bilməlidir, 4-6 ay ərzində hamilə hansı müayinələrdən keçib, hansı müalicələri alıb, xəstənin durumu necədir, yanaşı gedən xəstəlikləri varmı, hamiləlik dövründə xəstəlik keçiribmi. Bu haqda məlumatlar olmayanda xəstəyə yardım göstərmək də çətin olur. On görə də mütləq şəkildə mübadilə kartı olmalıdır”.

Baş mütəxəssis onu da bildirib ki, hazırda ölkədə birinci səviyyəli  50-yə yaxın  doğum evi fəaliyyətdədir. Bu müəssisələrdə yalnız sağlam qadınlar dünyaya uşaq gətirirlər. İkici səviyyəli doğum evlərinin sayı 30-a yaxındır. Bakı və bölgələrdəki üçüncü səviyyəli doğum evlərində isə ağır fəsadlı hamiləliklər, xroniki xəstəlikləri olan hamilələr qəbul edirlər.

“Hamiləlik dövründə dövlət qadın məsləhətxanalarında vaxtında həkimə müraciət etmək körpənin sağlam doğulması üçün vacibdir, bunu həm qadınlar, həm də onların valideynləri bilməlidirlər”,-Məmmədova əlavə edib. Virtualaz.org

Həmçinin oxuyun

Mirkazım Seyidovun sağlıq durumu ağırdı – Heydər Əliyev Fonduna müraciət edildi

Tanınmış ictimai-siyasi xadim, Azərbaycan və Rusiya dövlətlərininin ali mükafatlarının laureatı Mirkazım Seyidov hazırda 1 saylı …