Şənbə , Aprel 20 2024
Ana səhifə / Tibb / 5 əməliyyatdan sonra xəstə ölmüşdü – Həkimə niyə cinayət işi açılmır?

5 əməliyyatdan sonra xəstə ölmüşdü – Həkimə niyə cinayət işi açılmır?

Bakı şəhər sakini Bəhruz Əliyev atası Şahmurad Əliyevin həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edir.

“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirir ki, kifayət qədər faktlar olmasına baxmayaraq, heç kim məsuliyyətə cəlb olunmayıb.

B.Əliyev iddia edir ki, Xətai Rayon Prokurorluğunda onun işi ədalətsiz formada araşdırılır: “1955-ci il təvəllüdlü atam Şahmurad Əliyev 2021-ci ilin fevralında öd yolundakı daşın götürülməsi məqsədilə Diaqnoz Tibb Mərkəzində əməliyyat olundu. Əməliyyat qapalı şəkildə həkim Rafael Həsənov tərəfindən aparıldı. Lakin əməliyyat zamanı həkim ehtiyatsızlıqdan atamın 12 barmaq bağırsağını deşdi. Yəni həkim daşı götürə bilmədiyi azmış kimi, atama ölümcül xəsarət yetirdi. Atam cəmi 1 ay sonra vəfat etdi.

Rafael həkim bizə bu işi bacarmadığını əvvəldən desəydi, bəlkə də atam ölməyəcəkdi. Mən həkim səhlənkarlığı ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət etdim. Ərizəyə baxan Xətai rayon prokurorunun köməkçisi Etibar Əliyev araşdırmadan sonra cinayət işinin başlanılmasını rədd etdi. Şikayətim əsasında Baş Prokurorluq qərarı ləğv edərək yenidən araşdırmaya göndərdi. İki dəfə məhkəmə-tibb ekspertizası keçirildi. Ekspertiza rəyində atamın ölümünə səbəb olan həkim səhvləri ilə bağlı kifayət qədər faktlar göstərildi. Lakin konkret olaraq ölümün səbəbinin müəyyən edilmədiyi qeyd edildi. Göstərildi ki, meyit müayinə olunmadan konkret səbəb demək olmur”.

Şikayətçi bildirir ki, Xətai Rayon Prokurorluğunda növbəti araşdırma müstəntiq Mahmud Mehdiyevə tapşırılıb. O da eynilə əvvəlki həmkarı kimi ölüm səbəbi və aparılmış müalicə arasında səbəbli əlaqə olmadığı qənaətinə gəlib. Cinayət işi başlanmasından rədd qərarı verilib: “Təcrübədə yüzlərlə ekspert rəyləri var ki, tibbi sənədlər əsasında verilir. Atamın tibbi sənədlərində də müalicəyə gələrkən səhhəti, vəziyyəti, yanlış keçirilmiş əməliyyatdan sonra evdə keçirdiyi ağrılı vəziyyəti, sonrakı əməliyyatlardakı drenaj və sonda ölümü göstərilib. Ekspertiza ölüm zamanı texniki qüsurların, həkim səhvlərinin olduğunu təsdiq edib. İş materiallarında olan videodan açıq-aydın görünür ki, Rafael həkim atamın bağırsaq nahiyəsinə müdaxilə etmək üçün azı 50 dəfə cəhd edir. Kliniki protokollara əsasən, qapalı əməliyyatlar zamanı xəstənin 12 barmaq bağırsağında bağırsaq burulması aşırı dərəcədə olarsa, həkim 3 cəhddən sonra müdaxiləni dayandırmalı və açıq əməliyyata keçməlidir. Ekspertiza rəyində göstərilib ki, bağırsaqda defektin tapılmasına baxmayaraq, həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısının qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməyib. Hətta ölüm şəhadətnaməsində belə ölümün səbəbi kimi əməliyyat zamanı bağırsaqda yaranan iltihablanma göstərilib”.

B.Əliyevin sözlərinə görə, həkim özü də etiraf edir ki, bağırsağın deşilməsi məhz onun öz əməli nəticəsində baş verib: “Öd daşını götürmək riskli əməliyyat deyil. Minlərlə xəstə var ki, müalicə alaraq həyatdadırlar. Əgər atamın həyati riski yox idisə, deməli atamın ölümünə səbəb onun səriştəsiz həkim tərəfindən əməliyyatıdır.

Ekspertiza ölüm faktının həkimin səhvi səbəbindən olduğunu nə təkzib edə bilir, nə də təsdiq etmək istəyir. Müstəntiq işə düzgün hüquqi qiymət vermək üçün Səhiyyə Nazirliyindən mütəxəsis rəyi almır. Bu qədər fakt və dəlillər olduğu halda cinayət işi başlanmırsa, deməli həkimi məsuliyyətdən yayındırmağa çalışırlar. İş üzrə obyektiv araşdırma aparmaqla Rafael Həsənov barəsində cinayət işi başlanmasını və məsuliyyətə cəlb edilməsini istəyirik”.

Məsələ ilə bağlı Diaqnoz Tibb Mərkəzi ilə əlaqə saxladıq. MMC-nin Baş həkimi Ələddin Cabbarov bildirdi ki, 1955-ci il təvəllüdlü Şahmurad Əliyev Ağaverdi oğlu 3 fevral 2021-ci ildə Diaqnoz Tibb Mərkəzinə xolodexolitiaz (öd yolunda daş) diaqnozu ilə daxil olub: “Diaqnoz Tibb Mərkəzinin Qastroenteroloqu Rəfael Həsənov tərəfindən müayinə olunub, xəstəliyi haqqında məlumat verilib. Xəstənin razılığı ilə ERCP əməliyyatına götürülüb.

Xəstə 5 mart 2021-cü il tarixinədək xəstəxana şəraitində yatıb. Vaxtında xəstəyə müdaxilə və lazımi müalicələr olunub. Bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilib.

Hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılıb və sübut olunub ki, qastroenteroloq Rəfael Həsənovun günahı yoxdur”.

Şikayətlə əlaqədar Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Şahmurad Əliyev öd kisəsində daş və xroniki iltihab diaqnozu ilə “Diaqnoz” Tibb Mərkəzinə daxil olub: “03.02.2021-ci ildə öd axarında olan daşları götürmək məqsədilə xəstəyə əməliyyat olunub. Qüsurlu əməliyyat zamanı onikibarmaq bağırsağın deşilməsi baş verir. Bu səbəbdən əməliyyatı başa çatdırmaq mümkün olmayıb və bir neçə uğursuz cəhddən sonra əməliyyat sonlandırılıb. Xəstə cərrahın nəzarəti altında ambulator müalicəyə buraxılıb. Ertəsi gün vəziyyətinin ağırlaşması ilə əlaqədar yenidən xəstəxanaya gətirilib. 5 fevral – 2 mart (2021) tarixləri arasında xəstə 4 dəfə əməliyyat olunub. Məlum olub ki, texniki səhv nəticəsində xəstənin onikibarmaq bağrsağının divarı deşilib və qarın boşluğunun iltihabı inkişaf edib. Bağırsaqda böyük ölçülü dəlik aşkarlandığı üçün müdaxilə başa çatdırılmadan sonlandırılıb. Xəstə martın 5-də “Diaqnoz” Tibb Mərkəzində vəfat edib.

Lakin yaxınları tərəfindən qəti etiraz edildiyinə görə mərhumun meyiti müayinə edilməyib, bu səbəbdən də onun ölümünün əsl səbəbi barədə fikir söyləmək mümkün deyil. Yalnız xəstəlik tarixində onun müalicə həkimləri tərəfindən ölümünə səbəb yazılıb. Bu isə klinik diaqnoz və onun ölüm səbəbi barədə klinisistlərin fikridir. Məhkəmə-tibb ekspertləri və ya patoloqlar meyiti müayinə etmədən müalicə həkimlərinin təyin etdikləri ölüm səbəbini mütləq həqiqət kimi qəbul edə bilməzlər.

Bu hadisə ilə əlaqədar hazıra qədər prokurorluq orqanlarının qərarı ilə 3 dəfə məhkəmə-tibbi ekspertiza aparılıb, ixtisaslı mütəxəssislərin də iştirakı ilə ayrı-ayrı ekspertlər tərəfindən elmi əsaslı və obyektiv rəylər tərtib edilib. Qeyd olunan texniki qüsur səhiyyə sistemində mövcud və qüvvədə olan təlimat qaydalarının pozulması kimi qiymətləndirilib və buna məsul şəxsin əməliyyatı icra edən həkim-mütəxəssisin olması göstərilməklə həkim günahlandırılıb.

Hazırda da növbəti ekspertiza təyin edilib və tamamilə başqa bir ekspert qrupu tərəfindən icra edilir. Təkrar ekspertizanın rəyi düzgün və obyektiv olacaq”.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Şahmurad Əliyevin 2021-ci il martın 5-də müalicə olunduğu Diaqnoz Tibb Mərkəzində ölməsinə dair hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: “Araşdırma zamanı təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub, həmçinin digər zəruri hərəkətlər aparılır. Araşdırma nəticəsində müvafiq qərarın qəbul edilməsi təmin ediləcək”.

Amin  Nəzərli

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …