Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Şou Biznes / Zığda məmurlarla qarşıdurma: bir ev söküldü, intihar anonsu verildi

Zığda məmurlarla qarşıdurma: bir ev söküldü, intihar anonsu verildi

Bu gün Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) göstərişi ilə səhər saatlarında 28 evin işıq, qaz və su xətti kəsilib. Hatəm Allahverdiyev küçəsindəki 89 saylı ev sökülüb. Söküntüyə etiraz edən ev sahibi Emin Həmidovla icra nümayəndələri arasında qarşıdurma yaranıb.

Virtualaz.org saytının hadisə yerində olan reportyorları xəbər verir ki, sakinlər evlərinin onlara xəbərdarlıq edilmədən sökülməsinə etiraz ediblər. Əraziyə polis çağırılıb.

Sakinlərin etirazından sonra Suraxanı RİH nümayəndələri ərazini tərk ediblər. Söküntü prosesini yalnız Zığ qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədov və sahə müvəkkili izləyib. Digər sakinlər evlərinin söküləcəyi təqdirdə özlərini yandıracaqları ilə bağlı xəbərdarlıq ediblər. Bundan sonra söküntü prosesi tam dayandırılıb.

Sökülən evin sahibi Emin Həmidov virtualaz.org saytına açıqlamasında bildirdi ki, ona evinin söküləcəyi ilə bağlı xəbərdarlıq edilməyib: “Səhər qonşular zəng vurub xəbərdarlıq etdilər. Ev tamamilə qəzalı vəziyyətdə olduğundan kirayəyə köçmüşük. Lakin dövlət tərəfindən kirayə haqqı ödənilmir. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri dedilər ki, evin qonşulara təhlükə yaratdığı üçün onlar evin söküntüsünü tələb ediblər. Yəni çoxsaylı şikayətlər olduğu üçün ev sökülür. Lakin şikayətlərlə bağlı hansısa sənəd təqdim etmədilər”.

Qonşular isə E.Həmidova ondan şikayət etmədiklərini dedilər.

E.Həmidov artıq mübarizənin nəticə vermədiyini söylədi: “5 ildir məhkəmələrdəyəm. Suraxanı Rayon İcra Hakimiyyəti Suraxanı Rayon Məhkəməsində evin sökülməsinə dair iddia qaldırmışdı. Məhkəmə isə evin sənədsiz olmasını əsas götürərək qanunsuz tikili kimi sökülməsinə dair qərar çıxarmışdı. Amma mən təkrar məhkəməyə müraciət edərək evin və torpağın sənədlərini təqdim etdim. Bundan sonra torpağın başqa torpaqla əvəzlənməsi, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş zərərin ödənilməsinə dair qərar çıxarıldı. Sonuncu məhkəmə 2 il əvvəl olub. Bakı İnzibati-İqtisad Məhkəməsi dəymiş zərərin ödənilməsi ilə bağlı tələbi rədd etdi, amma torpağın başqa torpaqla ödənilməsinə qərar verildi. İki ildir torpaq verilmir. Artıq etirazların mənasız olduğunu görürəm”.

Sakinlər isə bildirdilər ki, dünən gecə 28 evin sahibinə xəbərdarlıq göndərilib. Hatəm Allahverdiyev küçəsinin sakini Rəfiqə Yaqub qızı Həsənovanın adına göndərilən xəbərdarlıqda deyilir ki, sizin ev qəzalı vəziyyətdədir, qarajınız isə uçmaq üzrədir, evi öz hesabınıza sökün, yoxsa icra hakimiyyəti ağır texnika gətirərək sökəcək.

R.Həsənovanın oğlu isə qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədova evlərinin söküləcəyi təqdirdə benzin töküb yandıracağı ilə bağlı xəbərdarlıq etdi. C.Əhmədov isə onların evlərinin sökülməyəcəyinə söz verdi.

Qəsəbə nümayəndəsi Cəlaləddin Əhmədov sakinlərə bundan sonrakı söküntünün  məhkəmə icraçıları tərəfindən aparılacağını dedi: “Biz yalnız təhlükəsizliyi təmin edirik. Sizin nə şikayətiniz varsa, başqalarına deyin”.

Bundan sonra C.Əhmədov sakinlərdən birinə 250 manat kirayə haqqı verdi: “Solmaz xanım, bu da sizin pulunuz, idarəyə gəlib sənədə qol çəkərsiniz”.

Qəsəbə nümayəndəsinin bu hərəkəti isə digər sakinlərin narazılığına səbəb oldu: “Baxın, sakinlərin birliyi belə parçalanır. Birinə pul verirlər, digəri öz hesabına kirayəyə çıxarılır”.

Zığ sakini Seyran Mustafayeva dedi ki, evləri tam yararsız hala düşüb: “İki ay əvvəl digər sakinləri kirayəyə köçürdülər. Gəlinim hamilə olduğu üçün biz köçmək istəmədik. İndi evdə iki körpə var. Hər gün çatlar dərinləşir, ev başımıza uçur. Amma  Cəlaləddin Əhmədov deyir ki, öz hesabınıza köçün, iki ay əvvəl köçsəydiniz, kirayə haqqı ödəyərdik”.

Təranə adlı sakin də etiraz etdi: “Mənim ondan nə fərqim var ki?! Niyə birinə pul verirlər, digərinə yox? Jurnalistlərin yanında çıxarıb pul verirlər. Mən də evimə qayıdacam. Ev başıma uçsun, bəlkə mənim də şikayətimi dinləyərlər”.

Sakinlərdən biri isə qonşularına xitabən belə dedi: “Abid Şərifov Türkiyədə baş verən faciəyə görə ağlayır. Bir az da gözləyin, bizim üçün də göz yaşı tökəcək”.

…Beləliklə, söküntü işləri bir evin yerlə-yeksan edilməsi ilə tamamlandı. Hələlik, bu günlük… Bəs sabah nə olacaq? Hələ heç nə məlum deyil. Sakinlər səksəkə içində yaşamaqda davam edir.

 

Həmçinin oxuyun

“Ailəmin daşını başına döyənlər çoxdu” – Xuraman Şuşalı

“Rəbbim, özün məni və ailəmi mərdimazarlardan, pis insanlardan qoru!” Bu sözləri müğənni Xuraman Şuşalı sosial …

Bir cavab yazın