Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / Zəvvarı yol qeydlərini Kərbəladan yazır – FOTOLAR

Zəvvarı yol qeydlərini Kərbəladan yazır – FOTOLAR

“Ərəfə günü”, yəni Qurban bayramından öncəki gün müsəlmanlar üçün ən əlamətdar bayramlardan biridir. Çünki həmin gün müsəlman zəvvarlar Məkkə yaxınlığındakı Ərəfat çölündə dua və ibadətlə məşğul olurlar. Sabahı gün isə Zilhiccə ayının 10-u İslam aləminin əsas bayramı olan Qurban bayramı qeyd olunur.

Ancaq eyni zamanda Ərəfə günü Əhli Beyt sevdalısı müsəlmanların üz tutduğu daha bir məkan var – Kərbəla. Tarixi mənbələrə görə, İmam Hüseyn (ə) Həcc ziyarətini yerinə yetirdiyi zaman xəlifə Yezidin onu öldürmək üçün silahlı adamlar göndərildiyi xəbərini alır. Məkkədə Həcc zamanı qan tökülməməsi (Həcc zamanı savaşmaq haramdır – K.R.) üçün Həzrət Hüseyn Məkkəni tərk edərək onu şəhərlərinə dəvət edən Kufə sakinlərinin çağırışına səs verir. Bu səbəbdən də Həzrət Hüseynin sonuncu Həcc ziyarəti Ərəfə əməlləri olmadan yarımçıq qalır. Buna görə də, Hüseyn (ə) sevdalıları Həccə gedə bilmədikdə Kərbəlaya gedərək Peyğəmbərin (s.ə.s) nəvəsini ziyarət edir, Ərəfə gününü Kərbəlada qeyd edirlər.

Ötən il olduğu kimi, bu il də “Ərəfə günü” İraqa ziyarət səfəri fürsəti yarandı. Səfərimiz Bakıdan birbaşa İraqa – Nəcəf şəhər hava limanına idi. Bakıdan İraqa uçuşları (Bağdad və Nəcəf şəhərlərinə – K.R.) İraq Hava Yolları təşkil edir. Bakıdan gedən təyyarədə bir neçə azərbaycanlı zəvvarı çıxmaqla yerdə qalanlar iraqlı turistlər idi.

 

IMG_20170827_180859.jpg (1.66 MB)

 

Nəcəf Beynəlxalq Hava Limanına enəndə yayın istisində ərəblərin nədən Azərbaycana səfər etdiyini anlayırsan. Gecəyarısı olsa belə, havada 35-40 dərəcə arası istilik var idi, nəfəs almaq belə çətindi. Gündüz isə saat 10-da artıq istilər normal günlərdə 48-50 dərəcə arasında dəyişir.
Mənə orda dedilər ki, Nəcəfdə əsas yay iyunun 15 ilə avqustun 15 arasında olur. Yəni mən getdiyim zaman artıq “yay bitmiş” sayılırdı, amma quru və amansız isti insanı rəsmən qovururdu.

İraqın digər ərəb ölkələri ilə müqayisədə üstünlüyü, bu ölkədə suyun bolluğudur. Su neftlə bol Yaxın Şərqdə ən bahalı və çatışmayan məhsuldur. Mesopotamiyanın insan mədəniyyətinin beşiyi olmasının əsas səbəblərindən biri də fikrimcə, çaylarla bağlıdır. Şiddətli istilərə baxmayaraq Dəclə və Fərat çayları ilboyu suludur və bu səbəbdən İraq torpaqları meyvə-tərəvəz qıtlığı yaşamayıb.

 

IMG_20170827_135938.jpg (1.57 MB)

 

Tarixdən bəlli olduğu kimi, müsəlmanların Peyğəmbərin (s.ə.s) vəfatından az sonra Sasani dövləti ilə müharibəsi zamanı savaş bölgəsində hərbi toplanış düşərgəsi olaraq inşa edilən Kufə şəhəri 4-cü xəlifə İmam Əlinin (ə) hakimiyyəti zamanı paytaxta çevrilir. Bu seçimin hikməti tam aydın olmasa da, Əhli Beytin tarixində İraq mühüm rol oynayır. İmam Əlinin (ə) övladları olan imamların əksəriyyəti İraqda yaşayıb və burada dünyasını dəyişərək dəfn olunublar. İmam Əlinin məzarının yerləşdiyi Nəcəf şəhəri isə Kufədən 12 km məsafədə yerləşir. Rəvayətə görə, Kufə məscidində Ramazan ayının 19-cu gecəsi xaricilərdən olan İbn Mülcəm tərəfindən qılıncla vurularaq ağır yaralanan xəlifə İmam Əli (ə) iki gün sonra vəfat edib və ailənin ən yaxın bir neçə üzvü tərəfindən Kufədən çıxarılaraq, gizli şəkildə dəfn olunub. İmam Əlinin (ə) məzarı yalnız Abbasi xilafəti zamanında xəlifə Harun ər-Rəşid (hakimiyyət illəri 786-809 – K.R.) zamanında tapılıb. Sonradan tədricən göllər və təpəliklərdən ibarət olan Nəcəf (söz təpəlik mənasındadır – K.R.) qısa zamanda şəhərə çevrilib. Sonrakı illərdə zamanın dövlət başçıları, Səlcuqlar dövləti, Səfəvi və Osmanlı imperatorları dəfələrlə Nəcəfə gedərək İmam Əlinin (ə) məzarını ziyarət etmiş, məqbərəsini müxtəlif vaxtlarda təmir və bərpa etdirmişdir.

 

IMG_20170827_113720.jpg (1.64 MB)

Nəcəf şəhəri Şeyx Tusinin (995-1060-cı illər – K.R.) zamanında elmi-dini mərkəzə çevrilib. Şəhərdə mədrəsələr, dini tədris ocaqları, kitabxanalar fəaliyyətə başlayıb. Sonrakı 1000 ilə yaxın zaman ərzində Nəcəf şiə aləminin müqəddəs ziyarətgahı olmaqla yanaşı, həm də elm mərkəzi kimi fəaliyyət göstərib. Yeri gəlmişkən, Nəcəfdə ötən əsrin əvvəllərinə qədər nüfuzlu azərbaycanlı ailələr yaşamış, İrəvanilər, Badkubeyilər, Naxçıvanilər və digər ərazi adını xatırladan soyadlar olub və bu gün də qalır. Hazırda Ayətullah İrəvani Nəcəfdə dərs deyən məşhur din alimlərindən biridir. Təəssüf ki, onunla görüşə bilmədik. Nəcəfdə Azərbaycan mədrəsəsi – “Badkubeyi” mövcud olub.

 

IMG_20170827_135932.jpg (1.82 MB)

 

Nəcəfin qədim hissəsində böyük islam ilahiyyatçısı Ayətullah Şeyx Ənsarinin adını daşıyan məscid var. Bu məscidin özəlliyi ötən əsrin 70-80-ci illərində Ayətullah Ruhullah Xomeyninin burada ilahiyyatçı tələbələrə İslamda siyasi hakimiyyət modeli – Vilayəti Fəqih iqtidarı mövzusunda dərslər deməsidir. Bu məscid bir növ İslam İranının ideoloji əsaslarının qoyulduğu yerdir. Ancaq Nəcəf ruhaniləri uzun illər siyasətə qarışmayıb, tarix boyu yalnız ingilis işğalına qarşı ötən əsrin əvvəllərində cihad fətvası veriblər. Daha bir siyasi fətvanı isə Ayətullah Şirazi Qacar Nəsrəddin şaha qarşı verib. “Tənbəki üsyanı” adlandırılan bu hadisə zamanı məhz Şirazinin fətvasından sonra İranda Şahın tütün istehsalı və satışı hüququnu ingilislərə satmasına qarşı etiraz və boykot aksiyaları başlayıb. Nəticədə, şah qərarından imtina edib.

 

IMG_20170828_120302.jpg (1.44 MB)

 

Nəcəfdə bir neçə tanınmış İslam alimləri, mərcəyi-təqlidlər yaşayır. Onlardan ən məşhuru Ayətullah Seyid Sistani İran əsilli olsa da, kiçik yaşlarından İraqa köçüb və hazırda ən nüfuzlu din alimi hesab olunur. 2014-cü ildə İŞİD Mosulu işğal etdikdən sonra məhz Sistaninin fətvası ilə könüllü ordu – Həşdi Şabi formalaşdırıldı, terrora qarşı səfərbərlik elan olundu. Hazırda İraqda Sistaninin siyasi hakimiyyət üzərində ciddi təsiri var. Hökumət onunla hesablaşır. Ancaq yaşlı adam ilin bütün vaxtlarını Nəcəfdəki evində yaşayır.

İraqda olduğumuz müddətdə əsas gündəm mövzularından biri ölkədə ikinci nüfuzlu ailənin nümayəndəsi olan Sədrlər ailəsinin lideri Müqtəda əs-Sədrin Səudiyyə Ərəbistanına səfəri və ona qarşı sərt reaksiyalar idi. İraqlılar bu mövzuda danışmağa meyilli deyil. Hətta qalan bütün mövzularda rahat danışan İraqın 4 əsas mərcəyi-təqlid alimlərindən olan Ayətullah Bəşir Nəcəfi Sədr haqqında sualıma cavab olaraq “bu siyasilərin verdiyi qərardır, özləri məsuliyyət daşıyır, məni maraqlandırmır”, deyə cavab verdi.

Sədr ailəsi hələ də İraqda əsas siyasi güc hesab olunur. Bir sıra yaşayış məntəqələri və müqəddəs ziyarətgahlar onların idarəçiliyi altındadır. Bunların arasında Bağdadın məşhur Sədr rayonu da var. Yeri gəlmişkən, İraqın digər şəhərləri kimi Nəcəf, Kərbəla və Kufə şəhərləri müharibənin izlərini daşıyır, küçələrdə beton sədlər, postlar, partlayış və atışma izləri hələ də qalır. Ancaq ilk dəfə İraqa getdiyim 2009-cu illə müqayisədə xeyli dəyişiklik var. Avtomobillər yenilənib, insanlar daha rahat və imkanlı görünür. Bundan başqa, küçələrdəki hörümçək toruna bənzəyən elektrik xətləri artıq yoxdur, yenilənib.

 

IMG_20170827_180911.jpg (1.62 MB)

 

Yeri gəlmişkən, hər nə qədər müharibə və terrordan əziyyət çəksə də, neft gəlirləri hesabına İraqda maddi vəziyyət yaxşılaşmaqdadır. Əmək haqları yüksəkdir, mənimlə təyyarədə yol yoldaşı olan mühəndis Kərim 1300 dollar pensiya aldığını deyirdi. Orta məktəb müəllimlərinin minimum maaşları isə 500 dollardan başlayır.

Nəcəf və Kərbəla arasında məsafə 80 kilometrə qədərdir. Bu yolu adətən avtobusla gedirlər ziyarətçilər. Yollarda postlar hələ qalsa da, əksər postlar ləğv olunub, sayı azalıb. 2009-cu ildə gördüyüm yol patrullarına az-az rast gəlmək mümkündür. Kərbəla Nəcəflə müqayisədə daha böyük şəhərdir. Hər il sadəcə Məhərrəm ayında on milyonlarla insan Kərbəlaya gəlir. Uzun illər baxımsız qalsa da, indi abadlıq işləri aparılır. Ancaq ziyarətçilərin sayının çoxluğu, ənənəvi ərəb şəhər mədəniyyəti təsirləri və aramsız davam edən müharibələr şəhərin daha səliqəli və modern olması qarşısında əsas maneədir. Lakin son illərdə çox sürətli tikinti və təmir işləri gedir. Xüsusən də İmamların məqbərələri ətrafında çox ciddi təmir və tikinti işləri aparılır.

 

IMG_20170827_173951.jpg (1.90 MB)

 

Səfər müddətində bir günlük Samirra şəhərinə 10 və 11-ci imamların məqbərələrini ziyarətə getdik. 2006-cı ildə radikal təkfirçi qruplaşmalar tərəfindən Samirradakı məqbərə kompleksi partladılaraq dağıdılıb. Ancaq hazırda artıq təmir işləri böyük ölçüdə başa çatıb. “Ərəb baharı” sonrası başlayan terror müharibələri Samirranın dağılması ilə nəticələnib və şəhər hələ də təhlükəli məkan hesab olunur. Ancaq buna baxmayaraq, məqbərə və ona gedən yol beton divarlar və silahlı əsgərlər tərəfindən ciddi şəkildə qorunur. Bağdadda Kazimeyn (iki Kazım – K.R.) rayonunda məqbərədə dəfn olunan 7-ci və 9-cu imamların məzarı Samirra ilə nisbətən daha əmin-aman bölgə olsa da, bütün İraqda olduğu kimi, burada da ciddi yoxlamalar var.

 

haci shahin-1.jpg (170 KB)

 

İraqda yaddaşımda ilişib qalan əsas müşahidələrimdən biri azərbaycanlılara münasibət oldu. Məsələn, Nəcəf və Kərbəlada Azərbaycana isti münasibət gördük. Ənənəvi turistlərə qarşı olan yanaşmanı kənara qoysaq, hətta Kərbəlada İmam Hüseynin (ə) məqbərəsinin rəhbərliyi ziyarət qrupumuzun məqbərənin içərisində əza məclisi keçirməsinə icazə verdi. Daha sonra qrupda olan ilahiyyatı Hacı Şahin Həsənli məqbərə kompleksin rəhbərliyi ilə görüşdü.

 

haci shahin.jpg (131 KB)

 

Səfərin ən gözəl anlarından biri də Kərbəlada İmam Hüseynin (ə) məqbərəsində “Azərbaycan şəhidləri” adı verilən məclisin keçirilməsi idi. Məqbərədə şəhidlərin şəkilləri əks olunmuş plakat onminlərlə ziyarətçiyə nümayiş olundu. Daha sonra isə şəhidlər məclisi təşkil edildi.

 

shwhidkler.jpg (188 KB)

 

Ancaq Bağdad Hava Limanında daha fərqli münasibət gördük. Doğrudur, bunları ənənəvi şərq təkəbbürü və ayrı-seçkiliyi hesab oluna biləcək reaksiya da saymaq olardı. Amma iraqlı ilə azərbaycanlı arasında ayrı-seçkilik, yersiz müdaxilə də diqqətimdən yayınmadı. İraq hələ də dünyanın ən təhlükəli ölkələrindən biri olaraq qalır. Bunu ən bariz şəkildə sübut edən Bağdad Hava Limanıdır. Hava Limanına 10 km qalmış gəldiyimiz avtobuslardan endirildik, hava limanı avtobuslarına mindirildik. Bundan sonra, ardıcıl olaraq postların birində sadəcə sənəd yoxlamasında, digərində xüsusi it vasitəsilə axtarış, daha sonra hər kəsin düşürülüb X-Ray cihazından keçirilməsi proseduru baş verdi. Bütün bunlar Hava Limanına bir neçə km qalmışa qədər davam edir. Hava limanının girişində yenidən xüsusi itlər çantaları yoxlayır və sizi girişdə növbəti X-Ray cihazından keçirib içəri buraxırlar. Bundan sonra ənənəvi qeydiyyat, polis yoxlamasından sonra sonuncu dəfə təyyarəyə minik zamanı üzərində olan əşyalarla birlikdə X-Ray cihazından keçməli olursan. Çox yorucu və əzablı olan bu prosesdə yeganə təskinlik havaya qalxdıqda içərisində olduğun təyyarənin partladılmayacağına olan ümidindir.

 

IMG_20170830_083952.jpg (2.06 MB)

 

Və sonda İraqın Bakıdakı səfirliyi ilə bir neçə cəhd etməyimə, hətta əməkdaşlardan biri ilə danışmağıma baxmayaraq, İraq səfərim zamanı səfirlikdən siyasi və ictimai xadimlərdən müsahibə almaqda hər hansı yardım ala bilmədik. Baxmayaraq ki, formal da olsa İraq səfirliyi ara-sıra İraqa jurnalist səfərləri təşkil edərək ölkədəki vəziyyətlə tanış etməyə çalışır. Ancaq nədənsə İraq səfirliyinə yaxın düşmək mümkün olmur. Bəlkə də Bağdadın saatları hələ çox köhnə tarixlə işləyir.

Kənan Rövşənoğlu,

IMG_20170827_113531.jpg (2.17 MB)

 

Həmçinin oxuyun

Manaf Ağayev və Afət Fərmanqızı tandemi jurnalistdən nə istəyir…

Bu günlərdə jurnalist həmkarlarımdan birinin müğənni Manaf Ağayevin hələ şou-biznesdə parlamasından çox əvvəllər “makler” (ev …

Bir cavab yazın