Ana səhifə / Şou Biznes / Yol hərəkəti qaydalarını pozan məşhurlar – Xalq artisti, meyxanaçı, icra başçısı, deputat…

Yol hərəkəti qaydalarını pozan məşhurlar – Xalq artisti, meyxanaçı, icra başçısı, deputat…

“Bəzi tanınmış şəxslər özlərini toxunulmaz hesab edirlər. Fikirləşirlər ki, tanınmaq, məşhur olmaq onlar üçün mühafizə pərdəsi rolunu oynayır”.

Bunu Modern.az-a yol-nəqliyyat sahəsi üzrə ixtisaslaşmış “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı yol hərəkəti qaydalarını pozan tanınmış şəxslər barədə danışarkən deyib.

E.Muradlı ad-sandan sui-istifadə hallarının yolverilməz olduğunu vurğulayıb və bunu xüsusən də şou-biznes nümayəndələrinə aid edib.

“Görürsən ki, hansısa yol polisinin və ya məmurun toyunda gedib orada 3-4 mahnı oxuyur, sonra da deyir ki, “mən filankəslə dostam. Mən bu qaydaları poza bilərəm. Mənə heç kim dəyə bilməz”. Yaxud da yol patrul əməkdaşı tərəfindən saxlanılan zaman zəng vuracaq həmin şəxsə onu buraxdıracaq. Sonra da heç patrul əməkdaşının “saxla!” əmrinə tabe olmayacaq. Belələri arasında şou-biznes nümayəndələri daha çoxdur”.

E.Muradlı bildirib ki, o, dəfələrlə yol polislərinin reydlərində olub və maraqlı hadisələr müşahidə edib.

“Meyxanaçı Namiq Qaraçuxurluya Neftçilər prospektində “saxla!” əmri verildi. Amma o saxlamadı. Gitaraçı Çingiz Mustafayevə patrul əməkdaşları yaxınlaşıb ki, “sənədləri təqdim edin”. O, da deyir ki, sənədlər üstündə yoxdur, evdə soyuducunun içində qalıb. Yəni bu adam polis əməkdaşını ələ salır. Həmin əməkdaşlar da onu maşından şortiklə düşürtdülər. Maşını da cərimə meydançasına apardılar.
Müğənni Ayaz Qasımovun 6500 manat cəriməsi, 113 MMX-sı var. İzzət Bağırovun da 300 manat cəriməsi və 6 balı var. İki dəfə qayda pozuntusuna yol verib. Hər iki cərimə də sürət həddini aşması ilə bağlıdır.
Həmişə vergi ilə bağlı problemlər yaşayan Abbas Bağırovun da 11 balı və 190 manat cəriməsi var. Meyxanaçı Namiq Məna da avtomobili etibarnamə olmadan idarə edir”.

Baş redaktor avtomobili olan xanım sənətçilərin də kişi həmkarlarından geri qalmadığını deyib.

“Müğənni İlahə İbadova, xalq artisti Aygün Kazımova və başqaları bu sırada öndə gedirlər. Əməkdar artis Nüşabə Ələsgərlinin 4 MMX-sı və 120 manat cəriməsi var. Müğənni Ruhinin 580 manat cəriməsi, 14 cərimə balı və 8 protokolu var. Avtomobilinə artıq iki dəfə həbs qoyulub. Yerə- göyə sığmayan Azəri qızı Günelin 340 manat cəriməsi, 14 cərimə bal var. Digər populyar müğənni Rəqsanə ildə 2-3 dəfə qəza törədir. Bunun səbəbi isə ya içkili maşın sürməyi, ya sürə bilməməyi, ya da qaydalara əməl etməməyinlə bağlıdır.
Müğənni Elnarə Xəlilova isə maşınının nömrə nişanını çıxarıb sürür. Nömrə yerinə də yazır ki, Elnarə. Hazırda onun 350 manat cəriməsi və 12 cərimə balı var”.

Elməddin Muradlı qeyd edib ki, cəriməsi və cərimə balları olanlar arasında siyasətçilər, millət vəkilləri, məmurlar, xüsusi olaraq da icra başçıları da var.

“Onların bu cərimələri qanuni şəkildə rəsmiləşdirilərsə, cərimə balları toplanarsa, həmin avtomobillərin sürücüləri sürücülük hüququndan məhrum edilməlidirlər. Həmin cərimə ballarını hesablayanda 40-a çatır. Qanunda isə göstərilir ki, 20 və yaxud daha çox cərimə balı olanlar sürücülük hüququndan məhrum edilir”.

Ekspert hesab edir ki, qanunların tətbiqi hamı üçün eyni olmalıdır.

“Bu məsələdə vətəndaşlar kateqoriyaya bölünməməlidir. Necə ki, bu gün yol polisi prinsipiallıq göstərir. Avtoxuliqanlıq, tabesizlik, sərxoş vəziyyətdə maşını idarə edən şəxləri qəti bağışlamır. Bunu bütün şəxslərə tətbiq etmək lazımdır. Bəziləri belə fikirləşirlər ki, hansısa yollarla cəriməni ödəməkdən yayına bilərlər. Amma fikirləşmirlər ki, müntəzəm olaraq yol hərəkəti qaydalarını pozmaqla, sürət həddini aşmaqla bir gün əzrayılın əlindən yayına bilməyəcəklər”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın