Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Yeni tikilini sökdülər, amma Maliyyə Nazirliyini ittiham edirlər…

Yeni tikilini sökdülər, amma Maliyyə Nazirliyini ittiham edirlər…

2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialına qarşı qaldırdığı iddia əsasında növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim İntizar Bayramova sədrlik edib.

Xatırladaq ki, “Svit Haus” MMC 2012-ci ildə Nərimanov rayonu, Gülər Qədirbəyova küçəsi 5 ünvanında- Heydər Əliyev Mərkəzinin ön hissəsində yerləşən ərazidə çoxmərtəbəli yaşayış binasının inşasına başlayıb. Sonradan həmin ərazinin ümumi konsepsiyaya uyğunlaşdırılması məqsədi ilə yeni layihənin təklif ediləcəyi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən yekun qərar qəbul edilənə kimi işlər müvəqqəti dayandırılıb.

Lakin parking yeri və 4-cü mərtəbəsinə kimi qaldırılmış tikili 2016-cı ilin avqust ayında “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialı tərəfindən məhkəmə qərarı olmadan sökülüb.

İddiaçı tərəfin nümayəndəsi Kamandar Nəsibov məhkəməyə yazılı şəkildə müraciət edərək prosesin süni şəkildə uzadıldığını bildirib: “Biz məktubla müraciət etdik ki, işin icraatını dayandırmaq qanunsuzdur. Şikayət verdik, amma cavab almadıq. İşə mahiyyəti üzrə baxmaq əvəzinə “bizə məlum olmayan səbəblərdən”məhkəmə prosesi gedişatında prosedur qaydalara riayət edilmir, təqdim etdiyimiz sənədlərə, sübutlara önəm verilmir, cavabdeh tərəfi müdafiə etmək üçün bizim işimizə lazım olmayan sənədlər yığırsınız, cavabdeh tərəfin izahatlarına üstünlük verirsiniz. Cavabdeh tərəf qanunsuz halda başqasının əmlakını ləğv edib. Buna görə cinayət məsuliyyətinə cəlb olunmalı idi”.

K.Nəsibov iddiaçı tərəfdən tələb olunan bütün sənədləri təqdim etdiklərini, lakin işə mahiyyəti üzrə baxmaq əvəzinə iddia tələbindən kənara çıxıldığını vurğulayıb: “Bütün sənədləri məhkəməyə təqdim etmişik. Daha hansı sübut verməliyik ki, o bina orada var idi? Cavabdeh tərəf məhkəmədə əvvəl həmin ərazidə bina olmadığını, sonra isə belə bir binanı görmədiyini dedi. Məhkəməyə təqdim etdiyimiz sənədlər cavabdeh tərəfin yanlış olmasını sübut edir. Bu sənədlərdən aydın şəkildə görünür ki, orada tikinti olub və qanunsuz şəkildə sökülüb. Söküntü ilə bağlı fotoşəkilləri də məhkəməyə təqdim etmişik”.

İddiaçı tərəfin nümayəndəsi məhkəmənin diqqətinə çatdırıb ki, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Nərimanov rayonu, Gülər Qədirbəyova küçəsi 5 ünvanında inşa edilən tikilini pul müqabilində uçurub: “Yüzə yaxın vətəndaşın və “Svit Haus” MMC-nin maddi vəsaiti hesabına tikilmiş beşmərtəbəli binanı söküblər, indi deyirlər ki, görməmişik. Cavabdeh tərəf əsas sənədləri təqdim etməyib. Bu binanı pul alıb uçurublar. Binanı uçurmaq üçün nə qədər pul aldıqlarını desinlər. O ki qaldı binanın qanuni və ya qanunsuz tikilməsinə bu, müvafiq dövlət orqanlarının səlahiyyətindədir.

Görmüsünüzmü ki, kimsə icazəsiz tikinti aparsın, daşı-daş üstə qoysun? Heydər Əliyev Mərkəzinin yaxınlığında kiminsə qanunsuz tikinti aparması mümkündürmü?”

Daha sonra K.Nəsibov Heydər Əliyev Mərkəzinin ön hissəsində yerləşən ərazidə abadlaşma işlərini həyata keçirmiş, “Svit Haus” MMC-yə məxsus 2 mərtəbəli parking yeri və 3 mərtəbəli tikilini sökmüş “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialının söküntü ilə bağlı müvafiq səlahiyyətlərinin olub-olmaması, binanın sökülməsi üçün hansı dövlət məmuru tərəfindən göstəriş verilməsi və buna əsas olan bütün sənədlərin məhkəməyə təqdim olunması barədə hakimin tələbinin bu günə qədər cavabdeh tərəfin yerinə yetirmədiyini açıqlayıb: “Cavabdeh tərəf düzünü desə yaxşı olardı. Desin ki, binanı qanunsuz uçurmuşuq. Bu səlahiyyəti onlara kim verib, açıb desinlər. Sifarişi Maliyyə Nazirliyi verib. Ora birbaşa Samir Şərifov gəlib. Söküntü cavabdeh şirkətin işçiləri tərəfindən aparılıb. Şirkətin rəhbəri buna görə məsuliyyət daşıyır. Təəccüb doğuran odur ki, hansısa türk şirkətinin filialı çoxsaylı proyektləri olan Maliyyə Nazirliyinin “krışalı”ğı ilə pul qoparır. Açın filialın saytına baxın, görün hansı proyektlərdə iştirak edib”.

“İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialının nümayəndəsi Elyar Qasımov sifarişçi tərəfin məhkəməyə dəvət olunmasını məqsəduyğun hesab edib: “İddiaçı tərəf sifarişçinin kim olduğunu soruşur. Əgər məsləhətdirsə, sifariş edən tərəfi məhkəməyə dəvət etsəniz yaxşı olar”.

Hakim cavabdeh tərəfdən tikintinin sökülməsinə və abadlaşdırma layihəsinə dair sənədlərin, podrat müqaviləsinin və maliyyə sənədlərinin məhkəməyə təqdim edilməsini istəyib:”Müqavildə razılaşma necə olub? Həmin sənədləri gətirin”.

K.Nəsibov Maliyyə Nazirliyinin rəsmi nümayəndəsinin məhkəmədə dindirilməsini tələb edib: “Maliyyə Nazirliyinin İşçi qrupunun rəhbəri Rauf Kərimov gəlsin məhkəmədə dindirilsin”.Virtualaz.org

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın