Ana səhifə / Şou Biznes / “Yeni nəfəs–2” adlı qısametrajlı ssenari müsabiqəsinin qalibləri – FOTOLAR

“Yeni nəfəs–2” adlı qısametrajlı ssenari müsabiqəsinin qalibləri – FOTOLAR

Dövlət səviyyəsində gənc kinematoqraflara davamlı dəstək göstərilir.

Yeni nəslin istedadının, potensialının üzə çıxarılması üçün Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən müxtəlif səpkili layihələr həyata keçirilir. Belə layihələrdən biri “Yeni nəfəs”dir. Gənc kinematoqraflar bu layihədə özlərini sınayıblar.

Noyabrın 5-də “Yeni nəfəs–2” adlı qısametrajlı ssenari müsabiqəsinin qaliblərinin adları açıqlandı. Nizami Kino Mərkəzində təşkil edilən “Yeni nəfəs–2” adlı qısametrajlı ssenari müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev açaraq müsabiqə haqqında məlumat verdi. C.Quliyev bildirdi ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilib. Müsabiqənin tarixi haqqında məlumat verən C.Quliyev qeyd etdi ki, ilk müsabiqə 3 il əvvəl keçirilib. C.Quliyev qeyd etdi ki, budəfəki müsabiqəyə 100-ə yaxın ssenari daxil olub. Onlardan 42 müəllifin 63 ssenarisi müsabiqəyə buraxılıb. Ssenarilər beş nəfərlik tanınmış sənət adamlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Kodlaşdırılmış ssenarilərin oxunuşu zamanı bütün şəffaflıq qorunub.

C.Quliyev həmçinin vurğuladı ki, müsabiqə artıq ikinci dəfə keçirilir və bu dəfə təqdim olunan ssenarilər öz orijinallığı,  professionallığı, mövzu rəngarəngliyi baxımından  əvvəlkindən fərqlənib. C.Quliyev bu ənənənin davam etdiriləcəyini və “Yeni nəfəs-3” adlı müsabiqə  keçiriləcəyini dedi. O məlumat verdi ki,  2017-ci ilin  fevralında Kinematoqrafçılar İttifaqı tərəfindən tammetrajlı ssenari müsabiqəsi elan olunacaq.

Tədbirdə vurğulandı ki, ilk onluğa düşən ssenarilərin müəllifləri üçün ustad dərsləri keçiriləcək. Birinci dəfə keçirilən müsabiqənin qalibi olan “İkinci güllə” (Natiq Rəsulov) ssenari əsasında “Nərimanfilm” kinostudiyası tərəfindən film çəkilir və artıq tamamlanma işləri gedir. Tədbirdə yaxın gələcəkdə bu müsabiqədə qalib olan ssenarilər əsasında da filmlərin çəkiləcəyinə əminlik ifadə olundu.

Onu da deyək ki, “Yeni nəfəs-1” in materialları  toplu halında çap olunub və mərasimdə sərgilənmişdi. Məlumat verildi ki, gələn il “Yeni nəfəs–2” ssenari müsabiqəsinin qalibi olan işlər də nəşr ediləcək.

Bildirək ki, tədbirdə müsabiqənin münsiflər heyətinin üzvü, Əməkdar İncəsənət Xadimi, kinorejissor və ssenarist Ayaz Salayev da çıxış etdi, bildirdi ki, kinoya istedadlı gənclərin gəlməsi təqdirəlayiqdir.  Onun sözlərinə görə, bu kimi müsabiqələr gənclərin yaradıcılığına böyük stimul verir. Tanınmış kinodramaturq, yazıçı, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə isə bildirdi ki, müsabiqəyə təqdim edilən qısametrajlı ssenarilərin arasında kifayət qədər maraqlı işlər olub və istedadların içindən daha istedadlılar seçilib. O, həmçinin qeyd etdi ki, təqdim edilən 63 ssenarinin hamısını qalib etmək mümkün deyil və qalib olmayanlar ruhdan düşməməlidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova da gəncləri təbrik etdi. O, çıxışında bildirdi ki, gənclərə kinomuzun gələcəyi kimi baxır və onları çox sevir. İttifaq sədri onu da vurğuladı ki, gənclərə hər zaman böyük şərait yaradılır və yenə də yaradılacaq.

Tədbirdə səsləndirildi ki, təqdim olunan ssenariləri yüksək qiymətləndiriblər. Bildirilib ki, müsabiqəyə qat-qat yüksək səviyyəli ssenarilər təqdim olunub. Bu deməyə əsas verir ki, kinoya yeni nəfəs gəlir və bu yeni nəsil Azərbaycan kinosunun gələcək uğurlu inkişafından xəbər verir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının gənclərin istedadının üzə çıxmasına xüsusi önəm verdiyini söyləyən kino xadimləri qeydetdilər ki, qurumun bu istiqamətdə gələcəkdə böyük planları var.

Tədbirin sonunda qaliblərin adları açıqlandı. “Yeni nəfəs–2” adlı qısametrajlı ssenari müsabiqəsində birinci yerə  Ayşad Səfərəliyev və Orxan Səmədov, ikinci yerə İlqar Quliyev, üçüncü yerə isə Murad Muradov layiq görülüb. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunub.

(Baki-Xeber.com)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın