Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Yeni Bakı” massivinin sakinləri özbaşınalıq və kobudluqdan şikayət edir – VİDEO

“Yeni Bakı” massivinin sakinləri özbaşınalıq və kobudluqdan şikayət edir – VİDEO

“Ehtiram Yusifov işıq şitimizə tros bağladı, özümü isə yumruqla vurdu”

Son zamanlar Masazırda yerləşən “Yeni Bakı” Massivi ilə bağlı mətbuatda şikayətlər çox dərc olunur. Qafqaznews.az-a müraciət edən bir qrup sakin bildirib ki, “Yeni Bakı” Yaşayış Massivini tikən və hazırda şəhərciyə nəzarət edən “İlin Dörd Fəsli”MMC onların hüquqlarını pozur. Sakinlər xüsusilə də komendant Ehtiram Yusifovun özbaşınalığından və sakinlərə qarşı kobud davranışından şikayət ediblər.

Müraciətdə qeyd olunur ki, digər yaşayış massivlərində kommunal ödəniş hər kvadrat metrə 20 qəpik olduğu halda, “Yeni Bakı”da hər kvadrat metrə görə 40 qəpik aylıq ödəniş toplanılır. “Beləliklə, mənzillərdən külli miqdarda kommunal xidmət haqqı toplanılır, lakin yaradılan şərait heç də ürəkaçan deyil. Sadəcə lifti və həyətin təmizliyini bəhanə edərək, bu məbləğin yığılması haqsızlıqdır. Təhlükəsizlik kameralarının da çoxu işləmir, bu yaxınlarda şəhərcikdə 2 oğurluq hadisəsi baş verdi, kameralardan görüntü ala bilmədilər. Nə üçünsə usta lazım olanda özümüz tapıb gətiririk, əgər məişət-kommunal problemlərini özümüz həll ediriksə, bu qədər yüksək kommunal ödəniş absurddur. Kommunal xidmətdən əlavə, biz qazpulu, işıqpulu və supulu da veririk. Onlar “Azərişıq”dan elektrik enerjisini ümumi alır, bizə isə nisbətən baha qiymətə satırlar. “Azərsu”ilə də vəziyyət belədir. İstəyirik ki, bu iş birbaşa olsun, hansısa problem yarandıqda birbaşa həmin qurumlardan haqqımızı tələb edək. Bizə hansısa mətbəədə çap etdirdikləri kağızlarda qəbz verirlər. Bunun isə adıkeçən qurumlarla heç bir əlaqəsi yoxdur. Onlar bizimlə bağladıqları müqaviləyə belə əməl etmirlər”, – deyə sakinlər vurğulayıblar.

Onların sözlərinə görə, komendant E.Yusifovun göstərişilə, kommunal ödənişi keçirməyən sakinlərin işıqlarını söndürür: “Çıxıb görürük ki, elektrik şitlərini velosiped trosu ilə bağlayıb. Səbəbini soruşduqda deyir ki, kommunal ödənişi keçirin, sonra imkan verək. Ofisə gedib digər ödənişləri edəndə qəbul etmirlər ki, əvvəlcə kommunal xidmət haqqını keçirin. Ehtiram Yusifov sakinlərlə çox kobud danışır və hətta deyir ki, “mənim arxamda Paşayevlər durub, kimə şikayət edirsinizsə edin”. Biz müxtəlif qurumlara, Abşeron RİH-ə də müraciət etmişik, yenə nəticə yoxdur. Kimsə bizi eşitmək istəmir”. Sakinlərdən Qabil Səfərov adlı vətəndaşın təxminən bir ay əvvəl Ehtiram Yusifov tərəfindən döyüldüyü barədə də məlumat aldıq. “Evdən zəng etdilər ki, işığımız kəsilib. Gəldim gördüm ki, blokda şitimiz velosiped trosu ilə bağlanıb. Açmaq istəyəndə Ehtiram Yusifov gəlib qolumdan çəkdi və sol gözümün altından yumruq zərbəsi vurdu. Həkimə getdim, tibbi ekspertizadan da keçmişəm və polisə müraciət olunub. Qəribədir ki, kamera görüntüləri ortada yoxdur.

Məsələni hazırda Abşeron RPİ-nin müstəntiqi Zamiq Mustafayev araşdırır, lakin bu məsələ çox ləng gedir və biz bu işin aparılmasından narazıyıq”.

Müstəntiq Zamiq Mustafayevin telefon nömrəsini taparaq, onunla əlaqə saxladıq. Lakin Z.Mustafayev bizimlə danışmaq istəmədi: “Hələ yekun qərar yoxdur, sizə heç nə deyə bilmərəm. Hazırda istintaq gedir. Telefonda heç nə deyə bilmərəm, gəlin, sizi materiallarla tanış edim”. Ehtiram Yusifovla da əlaqə saxladıq. “Mən sizi dəvət edirəm bura gələsiniz, hər şeylə yerində tanış olasınız, burda sakinlərlə də söhbət edək. Mən nə təsdiqləyirəm, nə də inkar edirəm. Vaxtınız olanda gəlin şəhərcikdə söhbət edək”, – deyə Ehtiram Yusifov telefonda açıqlama verməkdən imtina etdi.

Qeyd edək ki, iki gün öncə müəllif şəxsən “Yeni Bakı” Massivində olub və sakinlərlə söhbət edib. Adıkeçən dövlət qurumlarının mövqeyini isə növbəti yazımızda dərc etməyə çalışacağıq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın