Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Yenə bal yarmarkası, yenə bal kimi şirin vədlər…

Yenə bal yarmarkası, yenə bal kimi şirin vədlər…

Kənd Təsərrüfatı Nazirliyi bu il də  arıçılıq məhsullarının yarmarkasını keçirəcək.

Nazirliyin açıqlamasında qeyd olunur ki, oktyabrın 10-dan noyabrın 10-dək arıçılıq məhsullarının yarmarkası olacaq. Məqsəd isə arıçılıq təsərrüfatlarının inkişafına dəstək vermək, fermerlərə məhsullarını bazara çıxarmaqda şərait yaratmaqdır.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, yarmarkalarla bağlı arıçılara müraciət edilib.

Müraciətdə deyilir ki, yarmaqkada yalnız arı saxlayanlar öz təsərrüfatlarının məhsulunu sata bilərcəklər. Yarmarkada satılacaq arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir.

Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcək. Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının yarmarkada nümayişinə və satışına yol verilməyəcək.

Yarmarkanın keçirildiyi 1 ay müddətində arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarına və satış pavilyonlarına müşahidə kameraları ilə də nəzarət olunacaq.

Yarmarkada yerlərin bölüşdürülməsinə gəldikdə isə yerlər arıçıların iştirakı ilə püşkatma qaydasında müəyyən ediləcək. Oktyabrın 8-dən sonra müraciət edən arıçıların məhsulları satış üçün yarmarkaya buraxılmayacaq.

Qeyd edək ki, ötən ilin eyni dövründə, elə eyni məkanda arıçılıq məhsullarının satış-yarmarkası keçirilmişdi. Kənd təsərrüfatı naziri Heydər Əsədov açılış mərasimində arı məhsullarının, xüsusilə də balın keyfiyyətinin yoxlanıldığını, tonlarla balın satıldığını, ölkədə arıçılığın inkişaf etdiyini açıqlamışdı. Açılışın ilk günündə balın kiloqramı 15-20 manata təklif edilirdi.

Amma sonradan satıcılar qiymətlərin nazirliyin müdaxiləsi ilə endirilməsindən narazılıq etdilər. Ötən yarmarkada diqqətçəkən məqamlardan biri də İran, Qırğızıstan və digər ölkələrdən gətirilən balların satışa çıxarılması oldu. Bu, yerli arıçıların narazılığına səbəb olsa da xarici məhsullar satışdan çıxarılmadı.

Builki yarmarkada xarici məhsulların satışa çıxarılıb-çıxarılmayacağı ilə bağlı nazirliyin açıqlamasında qeydlər yer tapmayıb.

Amma ekspertlər əvvəlki illərdə yarmarkaya çıxarılan balların xalis məhsul olmadığını iddia edirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov təmiz arı balının bir kiloqramının 100 manata olduğunu deyir.

Digər ekspert Əkrəm Məmmədov da yarmarkaya çıxarılan balın keyfiyyətini təsdiq edən sənədlərin müxtəlif vasitələrlə əldə etməyin mümkünlüyünü söyləyir. Ekspert bildirir ki, balın və ya digər arı məhsullarının yarmarkaya çıxarılması, üstəlik qiymətlərin inzibati yollarla endirilməsi arıçılıq təsərrüfatlarının inkişafına yönəldilməyib. Əksinə, arıçılıq təsərrüfatları təmiz balın ucuz satışa çıxarılmasında maraqlı deyillər.

Xatırladaq ki, ötən il 90 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum satışa çıxarılmışdı.

Onu da bildirək ki, müxtəlif rəylərə baxmayaraq yarmarkalara çıxarılan bal bazar qiymətlərindən ucuz təklif olunur. Buna görə də arıçılıq məhsullarının satış-yarmarkasına maraq böyükdür.

Sərgi-satış yarmarkası Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (“Köhnə dəyirman”ın yaxınlığında) keçiriləcək.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın