Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Yaşıllığı qorumalı olan məmur, ağacları məhv edir” –  FOTOLAR

“Yaşıllığı qorumalı olan məmur, ağacları məhv edir” –  FOTOLAR

Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov 3078-ci məhəllədə çoxmərtəbəli bina tikmək fikrinə düşən “Murad” MMC tikinti şirkəti indi də ətrafdakı ağacları kəsir.

Şirkətin qanunsuz şəkildə adıçəkilən ərazidə yaşayış binası tikməsi haqda musavat.com saytı olaraq xəbər vermişdik. Tikintiyə icazə almaq üçün dəfələrlə müxtəlif yollara əl atan şirkət icazə verilməsə də, tikintiyə davam edir.

Belə ki, sonuncu dəfə yanvarın 14-də Bakı şəhər İcra Hakimiyyəti “Murad” MMC şirkətinə bəhs edilən ərazidə tikinti aparmağa icazə verməyib. Bunun qarşılığında şirkət məhkəməyə müraciət edib. Hakimə “Bu ərazidə 2 ildir ki, tikinti gedir. BŞİH indi başlayıb, bizə mane olmağa…” – deyə şikayət edilib. Hakim BŞİH-nin tikintiyə mane olmaması üçün qərardad çıxarıb.

Bundan sonra şikayətçi sakinlər bir daha məhkəməyə müraciət ediblər. Hakim ərazidə bir neçə aydır ki, tikinti getdiyini, sakinlərin narazı olduğunu öyrəndikdən sonra əraziyə gəlib. Tikintinin normalara uymadığını əsas gətirərək, verdiyi qərardadı ləğv edib. Amma işin icrasını, tikintinin dayandırılması işini BŞİH-nə həvalə edib. Onlar isə məsələyə məhkəmənin baxmasını, qərardadın qüvvədə saxlanmasını istəyirlər.

Beləliklə bu vəziyyəti fürsət bilən şirkət binanın tikintisinə davam edir. Bu da azmış kimi, yaxınlıqda olan binanın birinci mərtəbəsində olan mənzili alaraq, orada ofis yaratmaq istəyirlər. Əslində bu, normal səslənə bilər. Lakin bu ofis ərazidə olan ağacların kəsilməsi hesabına başa gələcək.

Belə ki, ərazidə yerləşən ağaclar gecə ilə gizli şəkildə kəsilir. Sakinlərin sözlərinə görə, şirkətin işçiləri ofis yaratmaq istədikləri mənzilin qapısının yerini dəyişmək üçün çöldə olan yekə ağacları kəsirlər: “Etdikləri hərəkət tamamilə qanunsuzdur. Cavan ağacları kəsiblər. Digərlərini də kəsəcəklər. Biz buna görə şikayət də etmişik. Lehimizə qərar verilib. Əlimizdə sənəd də var. Memarlıq və Şəhərsalma Baş İdarəsinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı sənəddə yazılıb ki, bu, qanunsuzdur. Məsələ ilə icra hakimiyyəti məşğul olsun. Lakin indi özünüz də görürsünüz. Ağacları kəsib, özlərinə şərait yaradırlar. Bu da azmış kimi, əlavə tikili də tikmək istəyirlər”.

Sakinlər iddia edirlər ki, ağacların kəsilməsində Binəqədi Rayon Yaşıllaşdırma Sahəsinin rəisi Maşallah Məmmədovun da rolu var: “Burada ağac kəsənlər onların əməkdaşları olub. Biz buna tam əminik, çünki işçiləri tanıyırıq. Üstəlik Maşallah müəllimlə telefon əlaqəsi də saxlamışıq. Yəni ki, bu işdən boyun qaçıra bilməz. Yaşıllığı qorumalı şəxs, ağacları məhv edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də şikayət etmişik. Onlar da araşdırma aparırlar. Bir ağacın bu qədər böyüməsi üçün bir insanın ömrü qədər vaxt lazımdır. Bunu belə rahatlıqla məhv etmək olmaz”.

İddialarla bağlı Binəqədi payon Yaşıllaşdırma Sahəsinin rəisi Maşallah Məmmədovla əlaqə saxladıq. M.Məmmədov iddiaları təkzib etdi: “Xeyr, biz ağac kəsməmişik. Yəqin ağacları budayan zaman bizim əməkdaşları görüblər. Yanlış anlayıblar. Həmin ərazidə kəsilən ağaclar haqda bizim də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də xəbəri var. Bu haqda araşdırma aparırlar. Yəqin ki, ağacı kəsənlər tapılacaq və cəzalandırılacaqlar”.

















Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın