Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Yas mağarında yeddi gün toyu oldu – FOTOLAR

Yas mağarında yeddi gün toyu oldu – FOTOLAR

İçindəki vətən sevgisi onu rahat nəfəs almağa qoymurdu. Toyuna bir ay qalmış – 1992-ci ilin mart ayında böyük qardaşı – Namiq Yusifovun da müharibədə olmasına baxmayaraq, Naiq evdən gizlin qaçaraq könüllülər sırasına qoşulur. Hərbi qeydiyyatdan keçmədən belə döyüşlərə atılır. Ən ağır əməliyyatlarda qəhrəmanlıqlar göstərirdi.
Son nəfəsində belə dostlarını buraxmır, onlarla ermənini məhv edir…
Ailə, yoxsa vətən? 
Naiq Nəsir oğlu Yusifov 1970-ci ildə yanvarın 5-də Tovuz rayonunun Ağdam kəndində dünyaya göz açıb. 
 

1987-ci ildə orta məktəbi bitirən Naiq Sovet Ordusu sıralarında hərbi xidmətini Gürcüstanda başa vurub. Evə dönər-dönməz, valideynləri, etirazına baxmayaraq, onu qonşuluqdakı qızla nişanlayır. Müharibənin bu cür qızğın çağında nişandan-toydan danışmağı özünə ar bilən Naiqin ürəyində bu toyun, bu vüsalın baş tutmayacağıyla bağlı hiss varıydı. Buna görə də anasını qınayan Naiq onun nahaq bu cür iş tutduğunu deyirdi.  O, döyüşlərdən salamat qayıtmayacağından, qızın onu gözləyib bədbəxt olacağından qorxurdu. Bir tərəfdən bu fikirlərdən yorulur, digər tərəfdən isə bir addımlığında baş verən dəhşətli hadisələrə tab gətirə bilmirdi. Beləcə, 1992-ci ilin mart ayında evdən gizlin qaçaraq könüllülər sırasına qoşulur. O zamanlarda hələ ordu tam formalaşmadığından, əsgərlər silahla təchiz olunmadığından hərbçilər hətta ov silahlarıyla vuruşur, geri çəkilmək bilmirdilər. Çənlibel əməliyyatı Naiqin iştirakı ilə aparılan ən uğurlu döyüşlərdən olub.
Ana-atanın böyük ürəyi!
1992- ci il martın 24-də səhər tezdən döyüş əmri verilir. Tovuzun Koxa Nəbi kəndində gedən hücum əməliyyatında Naiqin də olduğu dəstə erməni mühasirəsinə düşür. Onları qorumaq, xilas etmək üçün qumbaraatanı düşmənin PDM-nə tuşlayaraq işə salır. Qəlpədən yara alan Naiq ona yaxınlaşan ermənilərə avtomatla atəş açır, əlindəki qumbaranı köksünə sıxır, özünü ölümə atmaqla dostlarını mühasirədən çıxarır. Son nəfəsində belə on nəfərə yaxın düşməni məhv edərək ali, zirvələrin ən ucası olan Şəhidlik zirvəsinə qalxır. Yusifovların məhləsində bugünlərdə qurulacaq al qırmızı lentli, bər-bəzəkli toy mağarı yasa dönür, Naiqin xoş günü üçün edilən ərzaq tədarükü, nə qədər ağır da olsa, yasına sərf olunur. Naiq Yusifova ölümündən sonra Azərbaycanın Milli Qəhrəman adı verilir. Anası Xədicə xanımdan Naiqin Bakıda – Şəhidlər Xiyabanında dəfn olunması üçün icazə istəyirlər. Lakin ana oğlunun məzarının ona yaxın olmasını arzulayır, uzaq ellərə, qəribliyə getməsinə razılıq vermir. Nişanlısı Naiqdən sonra başqasıyla ailə qurmaqdan imtina etsə də, Naiqin ata-anası ağbirçəklik, ağsaqqallıq edərək, ona kəndlərindən başqa bir oğlan üçün elçilik edir, özləri yenidən nişanlayır, toy-büsat qururlar…
Bu rayonun sakinləri bir qarış olsun torpağını düşmənə verməyib!
Məhz bu cür tale, bu cür döyüş yolu məni Naiqi araşdırmağa sövq etdi. Qəhrəmanımızın doğulduğu Ağdam kəndinə gedişimlə bağlı bir qədər sonra danışacağam. Hələlik indi bir haşiyə çıxmaq istəyirəm. Uşaqlıqdan bir neçə məsələ hər zaman məni narahat edib. Məsələn, Allahın kim olduğu, necə, harda yaşadığı, fiziki görünüşünün necə olduğu kimi… Dünyanı, böyük şəhərləri araşdırmaq, gedib gəzməkdənsə əlimin içi qədər yaxın olan iki şəhər haqda hər zaman düşünmüşəm.
 
Bunlardan biri Tovuz, digəri isə Türkiyənin İzmir şəhəri olub. Bəlkə də düşünəcəksiniz ki, bunların Naiqə nə dəxli var? 
Haqlısınız, düşünün, amma istərdim ki, qəhrəmanımızla bağlı yazıya başlamazdan əvvəl bu gün yaşayıb, suyunu içdiyim Tovuz haqda bir neçə kəlməni sizinlə bölüşüm. Elə uşaqlığımdan qohumların (əmioğullarım) Tovuzla bağlı əhvalatları, buranın gözəl insanlarının olması barədə söylədikləri məndə bu rayona xüsusi maraq oyadıb. Tale mənə hər iki şəhərdə yaşamağı nəsib elədi. Mənə görə, torpağına ayaq basıb, suyunu içdiyin yerin qədrini bilməsən, burda yaşamağa haqqın çatmır. Hələ 1988-ci ildə erməni qəsbkarları Azərbaycana torpaq iddiasına başlayanda düşmən Tovuz rayonu haqda da böyük xəyallar qururdu. Təbii ki, buranın igidləri buna biganə qala bilməzdi. Onu da deyim ki, Tovuzun özünümüdafiə batalyonu ermənilərə bir qarış olsun torpaq verməyib. Çoxlu şəhid qanı bahasına da olsa, öz torpaqları  üçün sonuna qədər döyüşüblər. Uşaqlıqdan bəri xəyalını qurduğum bu torpaq düşündüyümdən daha artıq maraq doğuracaq ərazi imiş.
Bu gün o marağı, o sevgini Tovuza Naiq kimi qəhrəmanlar yaradıb. Baxmayaraq ki, qarlı havada, xarabaya çevrilən yollarla Ağdam kəndinə getmək bir qədər çətin oldu. Amma onun müəllimlərinin və ailəsinin danışdıqları bizə bu çətinliyi unutdurdu.
Əvvəlcə Naiqin adını daşıyan Ağdam kənd orta məktəbinə üz tutduq. Burada düşmənlə burun-buruna, heç bir şey olmamış kimi, hər gün top-silah səsi sədaları altında dərs keçən müəllimlər və şagirdlərinin üzlərindəki gülüşü gördük.
Naiq şagird kimi…
Məktəb direktoru Şahnaz Əyyubova (Naiqin müəllimi olub) şagirdi Naiqi belə xatırlayır:
– Naiq Yusuifovun sayəsində bu kəndi də kimlərinsə xatirlaması məni sevindirdi. Naiq mənim şagirdim olduğu üçün çox sevinirəm və onunla qürur duyuram. Onu deyim ki, Naiq qısa həyat yolu keçib, buna baxmayaraq, ən yüksək zirvədə durur. Bu gün biz bütün şagirdlərə Naiqi nümunə gətirərək milli vətənpərvərlik ruhunda təhsil veririk. Gördüyünüz bu dağın (məktəbin qabağındakı dağları göstərir) ətəyində erməni quldurlarının postu yerləşir. Biz demək olar ki, hər gün silah səsləri ilə oyanıb, dərslərimizi keçirik. Amma bundan zərrə qədər qorxmuruq. Bu coğrafiyada yaşamağımız bizi hər an hər şeyə hazır olmağa vadar edir.
Bu, ailəmə xəyanət olardı!
Şahnaz xanım davam edir:
 
– Naiq uşaqlıqdan fərqli idi. Dərslərini yüksək səviyyədə oxumasa da, nizam-intizamlı şagird idi. Sonralar Naiq böyüdü, amma bizə olan hörmətini itirmədi. Sizə bir xatirə danışım: Bir gün rayondan gəlirdim. Küçənin başında Naiqi gördüm. Soruşdum ki, bəs Rusiyada idin, niyə qayıtdın? Dedi ki, iki gün əvvəl gəldim və könüllü olaraq vuruşmaq üçün ərizə yazmışam. İndi mənim Rusiyada olmağım vətənimə, ailəmə xəyanət olar. Mən doğrudan da düşündüm ki, axı Naiqin böyük qardaşı da vuruşur. Buna görə də onun vuruşması mütləqdir? Belə oğulları olan Tovuz işğal edilə bilməz. Naiqin ölümündən sonra pedaqoji şuranın qərarına əsasən məktəbimizə onun adı verildi. Məktəb kollektivi, şagirdlərimiz indi onun adına layiq olmağa çalışır.
Naiqə verdiyim sözü tuta bilmədim…
Naiqin dil-ədəbiyyat müəllimi Məlahət Hacıyeva söhbətə qoşulur:
– Bir az əvvəl dedilər ki, Naiqlə bağlı müsahibə almağa gəliblər, düzü məni həyəcan bürüdü. Çoxdandır belə bir fürsət axtarırdım ki, gələn olsa, mən də bir neçə kəlimə danışım. 10-cu sinfə kimi Naiqin dil-ədəbiyyat müəllimi olmuşam. Naiq birinci sırada dostu Nuru ilə otururdu. İnanın çox maraqlı,  gülərüz, zəkalı şagird idi. Bir gün Naiqlə küçədə qarşılaşdıq. Harasa tələsməsinə baxmayaraq, əlimdəki yükü alıb mənə evə qədər kömək elədi. Ona zarafatla dedim ki, söz verirəm, sənin toyunda qol açıb yaxşıca oynayacam. Qayıdıb dedi ki, müəllimə qismət olsa, oynayarsan. Amma mən Naiqə verdiyim sözü tuta bilmədim. Bu məktəbdə Naiqlər yetişir və ermənilərə bir qarış torpaq verməyəcəyik. Bir nəfər belə olsun kəndimizi tərk etməyib, gündəlik dərslərimizi davam etdiririk. Vətənimiz sağ olsun.
Naiq bizi yox, savaşı seçdi…
Söhbətimizi Naiqin anası Xədicə xanımla davam etdirik: 
– Mən anayam, mənim üçün oğullarımın hamısı əzizdi. Ancaq Naiq mənim qürur mənbəyimdir. Vallah, oğlum haqda hər şey deyilib.
Mənim çox danışmağım artıq olar. Oğlumun doğulması indiki kimi yadımdadı. Naiq uşaqlıqdan qardaşlarından fərqlənirdi. Elə bil od parçası idi. Atasına deyirdim ki, bu uşağı özümüzlə saxlayaq. Qorxurdum ona nə isə ola. Adətən çılğın uşaqlar başıbəlalı olur. Elə bu cür də oldu. Naiqi yeddi yaşından məktəbə qoyduq. Orta məktəb bitirdikdən sonra rus ordusunda xidmətə getdi. O, gedəndə ermənilər quduzlaşmamışdı hələ. Ancaq Naiqim qayıdanda top-tank səsindən beynimiz silkələnirdi. Açığını deyim ki, yanımdan ayrılmaması üçün onu sevdiyi qızla tez nişanladım, hətta rəsmi nikahları da bağlandı. Bir müddət sonra toyları olacaqdı. Qismət olmadı oğluma. Nə isə biz çox dedik, o dinləmədi. Gecələri gizli şəkildə böyük qardaşının yanına, cəbhəyə qaçırdı. Axır dözmədi, könüllü ərizə yazıb vuruşmağa başladı. O sevdiyini, bizi seçmədi, savaşı, mübarizəni üstün tutdu. Heç unutmuram, gecələri bizi yuxuya verib yorğanını elə adam şəklində düzəldib döyüşə qaçardı. Sizcə, bir insanın bundan başqa hansı bilinməyən tərəfi olar? 
– Canından əziz bildiyi balasının yoxluğu haqqında danışmaq ana üçün ağırdı. Bilirəm, suallarımla yaranızın qaysağını qopardıram.
 
Bəs Naiqi itirdiyiniz günü necə xatırlayırsınız?
 
– Bir gün evdə yoldaşımla oturmuşduq, dəhşətli atışmalar başladı. İnanın, göy üzü tutuldu. Güllələr kəndin bütün evlərinə dəyirdi.
 
Qəfildən atıma kəsildi, atası məni pəncərənin qabağına çağırıb əli ilə dağın döşünü göstərib dedi: – Görürsən, yuxarıdan bir maşın gəlir, görəsən bu maşın hansı fağırın balasını gətirir? Bəlkə də bizim oğlanlardan biridi… İnanın ürəyim onsuz da qırılmış vəziyyətdə idi. Çünki iki oğlum döyüşürdü. Ancaq özümü sındırmayıb dedim ki, a kişi, biz seyid nəsliyik, bizim uşaqlara erməni gülləsi batmaz. Axı, mən hardan bilim ki, balalarım mühasirəyə düşüb, şəhid olub. Nə isə balamı gətirdilər, bütün rayon həyətimizə töküldü. Məni uzaqlaşdırsalar da, özümü çatdırıb gördüm oğlumun kürəyi dağılıb, ciyəri qabırğalarının arasından çıxıb… Nə isə həyətdə toy mağarının yerinə yas mağarı quruldu. Onun bütün toy ədviyyatları, bağladığımız heyvanları yasına kəsdik. Yolun bir ucunu mən, yoldaşım isə o biri tərəfini kəsib kimsəni həyətdən buraxmadıq. Yalvardıq ki, onun ehsanından yesinlər. Axı bu gün onun toyu idi. Oğluma yeddi gün toy edib öz ünvanına yola saldıq. (Xədicə ana danışa bilmir kövrəlir…)
Ermənilər yas mağarına 3 bomba atdı…
Naiqin atası Nəsir kişi söhbəti davam etdirir. Onu deyim ki, Nəsir kişi olduqca məğrur adamdı. Gözləri görməsə də, bunu bizə hiss etdirmək istəmir.
Ata belə xatırlayır oğlunu:
– İki oğlum 27 nəfərlik könüllü dəstədə döyüşüb. Və kimin nə deməyindən asılı olmayaraq, hər kəs ana vətənini qorumalıdı. Bir oğlum şəhid olub o, birilər də şəhid olsa, ürəyim kabab olar, amma qürur duyaram. Onu deyim ki, bu kənddə hər gün düşmənlə atışmalar olub. Kənddə raket, bomba yağış kimi yağıb. Ancaq biz Ağdam sakinləri kəndi əsla tərk etməmişik. Bir dəfə tikilən sığınacaqda qadınlar gecələyib, kişilər səngərdə, yaşlılar isə evdə oturublar. Onu deyim ki, Naiqin 40 mərasimi günü ermənilər həyətdə qurulan mağara 3 bomba atdılar. İki  bomba açılmadı, biri isə həyətdən kənara düşüb açıldı. Həmin vaxt camaat yemək yeyirdi. Mağarın yanına düşən bombalar partlasaydı, burada bir insan belə sağ qalmazdı. Naiqin ölümündən sonra hökumət ona Milli Qəhrəman adı verdi. Mən kimsədən bir şey ummadım.
Naiqə hər ay verilən qanpulunu toplayıb, dağın başından 3 kilometrlik məsafədən su çəkdirib kəndin ortasında onun adına bulaq tikdirdim. 
 

Bu dəqiqə hamı o sudan istifadə edir. Bu günlərdə isə yenə Naiqin qanpulu ilə məktəbdə ona büst qoyduracam. Biz oğlumuzu təmənnasız  qurban vermişik. Bu gün də qürur duyuram ki, bu dağlarda erməni bir qarış yüksəkliyi belə ala bilməyib. Bütün yüksəkliklər bizdədi. Ancaq narahat olduğum, qürurumu incidən tək şey var – Ağdam kəndinin yollarının bərbad olması. Milli Qəhrəmanı olan kəndin yolu belə bərbad olmamalıdır.
Vətən sağ olsun
Naiqlə bərabər döyüşən böyük qardaşı, Namiq Nəsirov müharibədə travmalar aldığından danışa bilmədi. Tək dediyi bu oldu: “Vətən sağ olsun! Mən bu gün də döyüşə getməyə hazıram”.
Onlar hər yerdə, hər kəsdə Naiqi axtarırlar!
Təəssüflər olsun ki, Naiqin məzarı Azərbaycan və Ermənistan arasındakı neytral zonada yerləşdiyindən bu gün yaşlı ata-anası onu ziyarət edə bilmir.
Onlar Naiqin yolunu gözləyirmiş kimi baxışlarını uzaqlara dikiblər. Naiqin və Ağdam kəndindən olan 12 şəhidin adına ehsan bulağı tikdirən ata, buranın sərinliyində az da olsa ürəyini soyutmağa, ovutmağa çalışır. Anası oğlunun adını daşıyan məktəbdə təhsil alan hər bir şagirdin canında Naiqdən də bir zərrə olduğuna inanır, onların gülüşlərində Naiqin səsini axtarır. (Musavat.com)









Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın