Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Xiyarə, Stəkan… kimi adlar qoymaq uşaqlara psixoloji zərbədir

Xiyarə, Stəkan… kimi adlar qoymaq uşaqlara psixoloji zərbədir

AMEA-nın Dil Komissiyası bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin təqdim etdiyi siyahıdan çıxardığı bir neçə gülünc adın siyahısını yayıb.

Siyahıda Kəsdim, Vor, Cinayətkar, Şüşəbənd, Stəkan, Xiyarə, Portağal, Limonə, Ansambl və s. bu kimi anlaşılmaz və gülünc adlar yer alıb.

Bu cür adlara əsasən sovet vaxtı rast gəlinsə də hazırda bəzi rayon və kəndlərdə bu qəbildən adlara rast gəlinir.

AMEA Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü bu fikirdədir ki, son illər Türkiyə türkcəsindən keçən adlar üstünlük təşkil edir.

T.Şükürlü virtulaaz.org saytına açıqlamasında bildirib ki, hazırda ad seçəndə əsasən şəxs adları lüğətindən istifadə olunur: “Son illər isə Türkiyə türkcəsindən keçən adlar üstünlük təşkil edir. Hazırda uşaqların nənə-babalarının da adları qoyulur. Amma mənə elə gəlir ki, buna da ehtiyac yoxdur, dövrə uyğun yeni adlar qoymaq yaxşıdır”.

Adların mənasına gəlincə isə T.Şükürlü deyir ki, ziyalı ailələr uşağa ad seçəndə onun mənasına da fikir verir: “Amma hər ailə belə deyil. Eləsi var ki, adın mənasına yox, səslənməsinə, görünüşünə fikir verir. Adlar lüğətinin hazırlanmasına gəlincə hələ ki, planda yoxdur, amma bu məsələ müzakirə olunacaq”.

Məlumat üçün bildirək ki, 2011-ci ildə Aydın Paşayev və Alimə Bəşirovanın hazırladığı adlar lüğətində 16 min 164-dən çox şəxs adı var. Onlardan 8328-i kişi, 7836-ı isə qadın adıdır. Amma elə şəxs adları lüğətinin özündə də müasir dövrlə səsləşməyən, yeni nəsldə gülünc doğura biləcək adlar var.

Bəs başqalarının qınağına, irad və tənəsinə səbəb olan gülünc adlar uşaqların xarakterinə, psixologiyasına necə təsir edir?

Psixoloq Narınc Rüstəmova deyir ki, ad insanın psixikasına çox ciddi təsir edən faktordur və bununla bağlı ayrıca elm də var: “İnsanın adının daşıdığı mənalar zaman keçdikcə onun şüuraltına yerləşir və həmin mənadakı xüsusiyyətləri özlərində daşıyırlar. Adıçəkilən siyahıdakı qəbildən gülünc adlar isə uşaqlarda ümumiyyətlə kompleks yaradır və onlar yaşıdlarının gülüş obyektinə çevrilirlər. Xüsusən də yeniyetməlik yaşı dövründə bu narahatlıq daha da artır. Zaman keçdikcə uşaqlarda öz adına qarşı antipatiya yaradır, ona görə də 18 yaşını tamamladıqdan sonra adını dəyişən kifayət qədər adam var. Valideynlər öz eqolarına, hansısa xatirələrinə görə ad seçimi etməməlidir, onun mənasını, uşağın gələcək həyatına, sosial çevrəsinə təsirini düşünməlidirlər”.

Psixoloq hesab edir ki, uşağın adı doğulmadan əvvəl seçilməli və  o, ana bətnində ikən ana uşağına həmin adla səslənməlidir: “Hamiləliyin 4-cü ayından başlayaraq uşaq ananın səsini eşidir. Bu vaxtdan etibarən uşağa öz adı ilə müraciət etmək lazımdır. Hər hansısa qısaltma, başqa cür əzizləmələr məsləhət deyil. Bu da gələcəkdə uşaqların utanmasına səbəb ola bilir. Ən çox istifadə olunan adlar cinsiyyət fərqi olmayan adlardır. Məsələn, bir kişi pasiyentim var idi, adı Aynur idi. Mən səhv eşitdiyimi düşünüb onun adını təkrar soruşdum və o adam çox pərt oldu. Yəqin ki, onun adına daha fərqli reaksiya verənlər, gülümsünənlər olub. Valideynlər öz övladlarını bu situasiyaya salmamalıdır”.

N.Rüstəmova onu da əlavə etdi ki, uşaqlara verilən adların gülünc səslənib-səslənməməsi ilə yanaşı daşığı mənanın da onların xarakterinə, həyatına böyük təsiri var: “Əgər adına öz adının mənasını bilirsə və ona uyğunlaşmağa başlayırsa, adın xüsusiyyətlərini özündə daşımağa başlayır. Bu baxımdan adın gözəl səslənməsi ilə yanaşı mənası da önəmlidir.  Məsələn, “Leyla” ad kimi gözəl səslənsə də mənası bədbindir, “bitib tükənməyən gecə” deməkdir”.

Psixoloqun da qeyd etdiyi kimi, həddi-buluğa çatandan sonra adını dəyişən kifayət qədər adam var.

Bəs qanunvericilikdə addəyişmə prosedura necədir? Adını dəyişmək istəyən şəxs hara müraciət etməlidir?

Hüquqşünas Adəm Məmmədov deyir ki, şəxslərin adını dəyişməsi Ailə Məcəlləsinin 54-cü maddəsi ilə təmin olunur: “Şəxsin 18 yaşı tamam olubsa, qeydiyyat orqanlarına müraciət edib adını dəyişə bilər. Əgər qeydiyyat orqanı imtina edərsə, onda məhkəməyə müraciət etməli və əsaslandırmalıdır ki, adı ona cəmiyyət arasında problem yaradır, ona görə də dəyişmək istəyir. 18 yaşı tamam olmayan şəxslərin ad dəyişməsinə gəlincə isə müvafiq icra hakimiyyəti orqanı həmin şəxsin qəyyumuna razılıq verməlidir. Bu razılıqdan sonra qəyyum qeydiyyat şöbəsinə müraciət edə  və adı dəyişə bilər. Əgər uşağın 10 yaşı tamam olubsa, bu zaman uşağın özünün də razılığı olmalıdır”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın