Ana səhifə / Şou Biznes / Xalq artisti Naibə Allahverdiya: “Gənclərin bu addımından dəhşətə gəlirəm”

Xalq artisti Naibə Allahverdiya: “Gənclərin bu addımından dəhşətə gəlirəm”

“Gənclərin intiharı sadəcə dəhşətdir. Hər dəfə gənclərin intihar etməsi xəbəri eşidəndə çox narahat oluram”.

Bu sözləri Xalq artisti, aktrisa Naibə Allahverdiyeva son zamanlar cəmiyyətdə intiharların artması və “gəncləşməsi” ilə bağlı Musavat.com-a açıqlamasında bildirib. Xalq artisti intiharların bu qədər artmasına müxtəlif amillərin təsir etdiyini deyib:

“Hesab edirəm ki, bu psixoloji problemdir. Biz gənclik dövründə çox çətinlik çəkmişik, lakin intiharlar olmurdu və yaxud bu qədər baş vermirdi. Biz gənc olanda bəzən geyinməyə paltar tapa bilmirdik. Amma indi gənclər hər cür paltar geyinə bilir, hər cür imkana malikdirlər. Sadəcə, sanki hamısı rahatpərəstdir, onlarda ambisiya, maraq yoxdur.

Əvvəllər gənclər üçün dərnəklər var idi. Məsələn, aktyorluq, dərzilik və sairə peşələr üzrə dərnəklər fəaliyyət göstərirdi. Yəni, gənclər bekar qalmırdı, nə iləsə məşğul olurdu. İndi isə belə deyil. Buna görə də boşluğa düşən gənclərin bəziləri intihara əl atır.

Düşünürəm ki, bizim gənclərdə indi romantizm də yoxdur. Bu da yayımlanan seriallardan irəli gəlir. Hansı seriala baxırsa orada zorakılıq, intiharlar, xəyanətlər var. Halbuki, yaxşı ailə modeli təbliğ olunmalıdır.

Həmçinin sosial verilişlərdə “ər arvada və yaxud arvad ərə xəyanət etdi”, “qız evdən qaçdı” mövzuları ətrafında müzakirələr aparırlar. Bunlar axı nəyə lazımdır?”

Xalq artisti sosial şəbəkələrdə, mətbuatda intihar, cinayət kimi hadisələrin tez-tez işıqlandırılmasının əleyhinə olduğunu bildirib:
“Sosial şəbəkələrə girəndə intiharlar, zorakılıq halları ilə bağlı informasiyalara rast gəlirik. Dəfələrlə bu barədə həyəcanla bildirmişəm ki, intihar, zorakılıq hadisələri mətbuatda, mediada işıqlandırılmasın. Bu bəzən gəncləri şüuraltı intiharlara sövq edir. Gənc həyatı hələ təzəcə dərk etməyə başlayır və bu cür informasiyalar onun psixologiyasına təsir edir. Ona görə də intihar hadisələrini trendə çevirmək olmaz. Bəzən hiss edirəm ki, özüm belə bu cür informasiyaları oxuyanda şüurumda qəribə bir hiss yaranır.

Beləliklə, bir daha qeyd edirəm ki, televiziyalarda, mətbuatda yaxşı ailə modeli, uğurlu gənclər təbliğ olunmalı, nümunə göstərilməlidir”.

Həmçinin oxuyun

Ebru Gündeş Rza Zərrabdan Hadisəyə görə boşanır?İDDİA

Türkiyənin məşhur sənətçisi Ebru Gündeşlə Rza Zərrabın boşanma prosesində müğənni Hadisənin adı hallanıb. Türkiyə mətbuatı bildirir …