Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Xəzərin hansı hissəsində batmaq təhlükəsi var?

Xəzərin hansı hissəsində batmaq təhlükəsi var?

“Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin təsdiq olunmuş Əsasnaməsinə müvafiq olaraq respublikanın su hövzəsi çimərliklərdə və istirahət yerlərində vətəndaşların təhlükəsiz tədbirlərini həyata keçirir. Xidmətin Bakı şəhərində 25 xilasetmə məntəqəsi postu və dalğıc axtarış qrupu, rayonlarda isə 17 struktur bölməsi fəaliyyət göstərir. 42 struktur bölmə üzrə 400 nəfər bizim xidmətin xilasediciləri insanların xilasetmə tədbirlərinə cəlb edilib. Eyni zamanda 100-dən artıq su nəqliyyat vasitəsi yüksək hazırlıq dərəcəsinə gətirilib. Bu gün bizim vətəndaşlarımız Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət göstərdiyi çimərliklərdə rahat və təhlükəsiz şəraitdə istirahət edə bilərlər”. 
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov deyib.
Şöbə müdiri xidmətə işə qəbul qaydalarını açıqlayıb: “Dövlət Sularda Xilasetmə Xidmətinə üzməyi yaxşı bacaran, sağlam, hərbi xidməti keçmiş, bu işdə işləmək həvəsi və arzusu olan gənclər müraciət edirlər. Biz onlardan üzgüçülük üçün normativləri qəbul edirik. Onları FHN Akademiyasının metodiki köməkliyi ilə keçirilən müvafiq ixtisaslar üzrə hazırlıq kurslarına cəlb edirik. Bu il xidmətin 60-a qədər əməkdaşı Fövqəladə Hallar Nazirliyinin Akademiyasında və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında həm 3-cü dərəcəli dalğıc hazırlığı kurslarına, həm su nəqliyyat vasitələrinin idarəetmə hüququna malik kiçik həcmli gəmi sürücülük kurslarına və matros xilasedicilərin hazırlıq kurslarına cəlb edilib. Bu kurslarda zərərçəkmişə ilk tibbi yardım göstərmə, zərərçəkənə yaxınlaşma üsulları, sahilə nəql edilməsi öyrədilir. 30 yaşa qədər gənclərə daha çox üstünlük veririk. Bizdə gənclik illərini bu işə sərf edən təcrübəli xilasedicilər var. İşə təzə gələnlər bu təcrübəli işçilərin təcrübəsindən faydalanırlar”.
Elsevər Həsənov xilasetmə məntəqələrində işin qurulması prinsiplərinə də aydınlıq gətirib: “Məntəqələrdə peşəkar xilasedicilər və müvafiq avadanlıqlar var. Hər bir şəraitdə növbətçi fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyətinin 165 saylı 28 aprel 2016-cı il tarixli sərəncamında qeyd olunub ki, ərazisində çimərliyi olan rayonlarda əhalinin normal yay istirahətinin təşkili ilə bağlı icra orqanları müvafiq tədbirləri həyata keçirsinlər. Çimərlik sahilində soyunub geyinmə kabinələri, sanitar qovşaqlar, kölgəliklər, zibilin təmizlənməsi xidməti var. Hal-hazırda təcili yardım briqadaları və həkimləri yalnız Dövlət Sularda Xilasetmə Xidmətinin müraciəti əsasında xidmətin xilasetmə məntəqələrində fəaliyyət göstərir”.
Şöbə müdiri çimərliklərdə asayişin qorunması, eyni zamanda xilasedicilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinə müvafiq müraciət olunduğunu deyib: “Bəzən vətəndaş küləkli hava şəraitində suya girməyə çalışır, belə insanların və sərxoş halda suya girən insanların intizama dəvət olunması ilə bağlı zərurət yaranır və biz hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edirik. Belə halların baş verməməsi üçün daim maarifləndirmə işləri aparılır. 70-ə qədər təhsil müəssisəsində, səhiyyə ocaqlarında çimərlikdə təhlükəsizlik qaydaları, davranış qaydaları gənc nəslə aşılanır. Ən azından minimum ilk yardım qaydaları öyrədilir. Təbii ki, hər bir insanın istirahət etmək hüququ var, amma bu hüquqdan istifadə edərkən bu sahədə cavabdehlik daşıyan qurumların işinə də maneçilik törətmək olmaz. Elə hadisələr olur ki, küləkli hava şəraitində sualtı enmələri aparmaq mümkün olmur, su nəqliyyat vasitələrini suya daxil etmək olmur. Kanallarda boğulma halları baş verərkən, xilasedicinin də həyatını riskə atmaq olmaz. Bəzən kanallarda görüntünün məhdud olması, hava şəraitinin əlverişsiz olması, suyun axın sürətinin güclü olması axtarışların müəyyən qədər uzun müddətli olmasına gətirib çıxardır”.
Elsevər Həsənov su hövzələrində batma hallarının əsas səbəblərini də açıqlayıb: “Əsasən gənclər və yeniyetmələr batma təhlükəsi ilə üz-üzə qalırlar. İnam hissi ilə üzmə sərhədlərini keçirlər. Xəzər daim küləklidir, vətəndaşlar isə çimərlik ərazisinə hava şəraitini qiymətləndirmədən gəlirlər. Valideynləri də məsuliyyətli olmağa çağırırıq, bir çox hallarda məhz valideyn məsuliyyətsizliyindən az yaşlıları itiririk. Bəzən valideynlər uşaqlara yemək yedizdirdikdən sonra öz işlərini bitmiş hesab edirlər. O qədər istirahətə aludə olurlar ki, bəzən 4-5 yaşlı uşaqları unudurlar. Xilasedici bilmir ki, itmiş uşağı suda, yoxsa quruda axtarsın. Bəzən uşaqlar azaraq digər ərazilərə çıxıb gedirlər. Azyaşlılar suda daha tez boğula bilir. Kiçik ləpə azyaşlı uşağı yıxa, bir udum su onun həyatına son qoya bilər. Şirin su ilə müqayisədə duzlu suda insan daha tez boğula bilir. Ona görə daha diqqətli olmaq lazımdır”.
Şöbə müdiri səhər saat 9-dan axşam saat 8-ə qədər çimərlik ərazisində istirahətin daha təhlükəsiz olduğunu deyib: “Hava qaralanda xilasedicilər səs gücləndiricilər vasitəsilə nəzərə çatdırır ki, artıq su nəqliyyat vasitələri sudan çıxarılıb. Vətəndaşlar qeyri-çimərlik ərazilərinə getməsinlər, bu çox təhlükəlidir. Bu il bizim xidmət tərəfindən 600-ə yaxın lövhə çimərlik ərazilərində yerləşdirilibdir. Bir neçə ildir ki, həm Azərbaycan, həm də ingilis dilində yazılan betonlanmış lövhələr qoyulub. Bu lövhələr xidmətin nəzarət etdiyi çimərliklərdə, məntəqənin nəzarət zonasında qoyulur”.
Elsevər Həsənov sahil boyunda sualtı silsilə qayalıq olan ərazilərdə çimməyin təhlükəli olduğunu deyib: “Məsələn, Şüvəlan qəsəbəsində Bilqaya adlanan ərazi silsilə qayalıqlardan ibarətdir, Pirallahı tərəfdə də belə təhlükəli relyefli ərazilər var. Bəzən vətəndaşlarımız yaşadıqları əraziyə yaxın su hövzələrinə də üz tutmağa üstünlük verirlər. Nəzərə çatdırırıq ki, yalnız xilasetmə məntəqələrinin olduğu ərazilərə gəlsinlər. Orada istirahət daha təhlükəsizdir. Dəniz şıltaqlığı sevmir, gənclər var ki, adrenalini dalğalarda yaşamağa çalışır. Onlar yorularaq və ya güclü dalğaların təsiri ilə geri qayıda bilmirlər. Bu kimi hallar bədbəxt hadisələrə səbəb olur. Xilasedicilər tərəfindən üzmə sərhədləri müəyyən edilib. Böyüklər üçün boy həddi 170 santimetrdən çox olan məsafədən uzaqlaşmaq təhlükəlidir. Yaşlı nəsil bu qaydalara daha çox əməl edir. Daha çox azyaşlılar nəzarətdən kənar ərazilərə üz tuturlar. Yaxşı üzmək heç də təhlükəsizliyin qarantı deyil”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın