Bazar , Yanvar 24 2021
Ana səhifə / Şou Biznes / Vüqar Qədirov Ermənistan səfirinin “antigenosid demarşı”ndan danışdı

Vüqar Qədirov Ermənistan səfirinin “antigenosid demarşı”ndan danışdı

Ermənistanın Gürcüstandakı səfiri öz ölkəsinin yürütdüyü siyasəti ifşa edib. Yuri Vardanyanın fevralın 26-da “Hayartun” mərkəzində “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınması ilə məşğul olan Koordinasiya Komitəsinin iclasındakı çıxışı böyük qalmaqal yaradıb.
Daha doğrusu, bu çıxış ermənilərdə şok effektinə səbəb olub. Yuri Vardanyanın “erməni soyqırımı” məsələsini lağlağı obyektinə çevirdiyi, ölkəsini ələ saldığı vurğulanır: “Bilirsiniz, bəzən dayanmalı, nə etdiyimizi düşünməli, bəzi məqamları təhlil etməli, eyforiyaya qapılmamalıyıq. Bizim, yəni ermənilərin yanlışlıqları az deyil və onların arasında ən başlıcası absolyut həqiqət olmadığına əsla şübhə etmədiyimiz məsələlərin dünyada tamamən fərqli şəkildə qəbul olunmasıdır.
Osmanlı Türkiyəsində ermənilərin soyqırıma uğradığını, 1,5 milyon soydaşımızın öldüyünü deyirik. 2014-cü ildə bu hadisənin 100 illiyini də qeyd etdik. Təbii, heç nəyi unutmamalıyıq. Amma realist olmalı, gerçəkləri görməli və illüziyalara qapılmamalıyıq”, – səfir deyib.
Onun sözlərinə görə, İrəvanın yaxınlığındakı Sisernakaberddəki “soyqırım memorial”ına hər il aprelin 24-də ermənilər axın edirlər. Fəqət, bu axın ilbəil azalır.
“İllər keçdikcə ora gedən ermənilərin sayı fasiləsiz azalacaq və günlərin birində memorialda çox az adamın olduğunu görəcəyik. 200-cü ildönümün olacağına ümid edirəm. Amma həmin ildönümdə Sisernakaberddə nə qədər adam olacaq, bilmirəm. Düşünmək də istəmirəm bu barədə, çünki hamımız illüziyaların əsiri olmuşuq, öz dediklərimizə özümüzü inandırır, sonra dünyanın dediklərimizə inandığını düşünürük”, – Y.Vardanyan söyləyib.
Vaxtilə ağır atletika ilə məşğul olmuş Y.Vardanyan bu minvalla ermənilərin “soyqırım” iddialarının əslində yalan olduğuna işarə vurub.
Erməni mediası səfirin vəzifəsindən kənarlaşdırılmasını və cəzalandırılmasını tələb edir, Y.Vardanyanın “soyqırım məsələsini ələ saldığını” deyirlər.
Erməni diplomatının gerçəkliyi ifadə etməsi nə ilə əlaqədar ola bilər?
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun səbəbləri hamıya bəllidir:

“Çünki yalanın da bir həddi var. Onların irəli sürdüyü qondarma soyqırım iddiaları ilə dünyanı əvvəllər bəlkə də təəccübləndirmək olardı. Ancaq uzun sürən proseslərdən sonra hamıya bəlli oldu ki, bu vasitədən ermənilərin əli ilə Türkiyəyə qarşı bir təzyiq kimi istifadə edirlər. Qardaş ölkə olan Türkiyə hər zaman belə polemikaların aparılmasına razı olduğunu deyib. Ermənilər həmin təklifdən daima yayınıblar. Çünki bilirlər ki, tarixi sübutların ortaya qoyulması onların yalanlarını tam ifşa edəcək. Artıq bu etirafı onların öz diplomatları edir. Bu, dünya üçün bir mötəbər dəlil olmalıdır.
Biz səfirin açıqlamasının daha çox tirajlanmasına çalışmalıyıq. Bu etirafla bir daha sübut olundu ki, Ermənistan dövləti və onların diasporu illüziya ilə məşğul olublar.
Artıq həmin fokuslara inananların sayı azaldığı səbəbindən, heç abidəni ziyarət edən də yoxdur. Həmin səfirə qarşı Ermənistanda etirazların edilməsi həqiqətləri bundan sonra ifadə etmək istəyənlərə bir xatırlatma xarakteri daşıyır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın