Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Vaxtilə bu səhvləri etmişəm…” – Ruhi

“Vaxtilə bu səhvləri etmişəm…” – Ruhi

Azərbaycanda stil ikonası və biznes-ledi kimi tanınan Ruhi Əliyevanın sahibi olduğu “Liatris Holdinq”in açılış mərasimi baş tutub.
Ruhi Əliyeva həm də “Liatris Holdinq” şirkətlər qrupuna aid olan “Liatris Travel” Tibbi və Səyahət Şirkətinin rəhbəridir. Şirkət 2018-ci ilin yanvar ayından fəaliyyətə başlayıb.
Açılış mərasimində Xalq artisti Brilyant Dadaşova və oğlu Cahad, modelyer Afaq İsmayılzadə, aktyorlardan Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov, aparıcılardan Kamilə Babayeva, Hüsniyə Məhərrəmova, Ranar Musayev, rəqqasə Fatimə, Hacı Nuran, müğənnilərdən Xatirə İslam, Elton Hüseynəliyev, Şəbnəm Tovuzlu, Sevda Yahyayeva və başqaları olub.
Ruhi Əliyeva qırmızı lenti kəsdikdən sonra turizm şirkətini qurmaq ideyasının necə yarandığından bəhs edib:
“Keçən il çox səyahət etdim və səfərlərimdə bir çox boşluqlar gördüm. Səyahət zamanı qaldığımız otellərdə hamımız tez-tez müəyyən problemlərlə üzləşirik. Qarşılaşdığım narahatlıqlar məni sövq etdi ki, özümün turizm agentliyimi qurum. Turizm sahəsində çalışan peşəkar iş adamlarıyla görüşdüm, müəyyən problemlər olduğunu onlar da etiraf etdi. Eyni zamanda stimul verdilər ki, biz onları aradan qaldıra və istənilən təbəqəni sərfəli səyahət tur paketləri ilə təmin edə biləcəyik.
Bütün işlərə birbaşa özüm nəzarət edirəm. Ümumiyyətlə, əhaliyə yüksək səviyyədə xidmət göstərmək, onları zövqlə qarşılamaq, yola salmaq və razı salmaq həm gözəl, həm çətin, həm də məsuliyyətli işdir. İnanıram ki, bu biznesdə kifayət qədər uğur qazana və seçilən şirkətlərdən biri ola biləcəyik. Sözsüz ki, bu işdə peşəkar, işinə ciddi və məsuliyyətlə yanaşan işçilərimin payı böyükdür. Əhatəmizə turizm sahəsində 7-8 il təcrübəsi olan peşəkarları yığmışıq”.
R.Əliyevanın sözlərinə görə, holdinqdə imkanı yüksək olmayan əhali üçün də münasib qiymətə və keyfiyyətli tur paketləri təklif olunur:
“Tanıdığım ailələr var ki, yayda səmərəli və sərfəli şəkildə istirahət etmək üçün ilboyu pul yığır. Amma bəzi turizm şirkətləri onları aldadaraq şəkildə göstərdikləri otaq və otellərə deyil, vəziyyəti bərbad olan yerlərə göndəriblər. Nəticədə tətildən üzüqara qayıdıblar. Bu, dərhal əhval-ruhiyyəmizə təsir edir. Belə hadisələrin baş verməsi çox məyusedicidir. Maddi baxımdan imkanları yüksək olmayan insanların ucuz və keyfiyyətsiz səyahət turlarından istifadə etməsinə könlüm razı olmadı. Qərar verdim ki, öz holdinqimi yaradım, onlar üçün münasib və keyfiyyətli səyahət turları təşkil edim. Çox istərdim ki, Azərbaycan xalqı getdiyi ölkələrdə həmişə çox sərfəli, komfortlu və əyləncəli şəkildə dincəlsin.
3 və 4 ulduzlu otellər var ki, bəzi 5 ulduzlu otellərdən geri qalmır. 3 ulduzlu otellərdə də vətəndaşlarımızı yüksək səviyyədə qarşılayan personal xidmət fəaliyyət göstərəcək. Hətta biznesmenləri, məmurları, vəzifəli şəxsləri və onların ailələrini cangüdənlərlə təmin edirik. Bizi hər kəs sevə bilməz, odur ki, onların həyatını sığortalamaq işimizdir. Turizm şirkəti olaraq buna da həll yolu tapmışıq.
Əlbəttə ki, biznes sahəsində qazanc vacib faktorlardan biridir, lakin işçi heyətim də bilir ki, insani tərəflər və peşəkar xidmət səviyyəsi hər şeydən öndə dayanır”.
Biznes-ledi onu da vurğulayıb ki, “Liatris Holdinq”in əsas fərqi ondadır ki, xaricdə müalicə alan xəstələr üçün tibbi səyahət tur paketləri də təşkil edirlər:
“Xəstələr üçün savadlı həkimlər tapırıq. Hətta yaşlı və kimsəsiz insanların yanında qala və qulluq edə biləcək refaketçilər də (müşayiətçi) tapırıq. Xəstələri müalicə edən həkimləri ətraflı araşdırırıq. Onu da deməliyəm ki, reklamı çox olan həkimlərə qaçmaq olmaz. Azərbaycan xalqını belə məsələlərdə aldadan həkimlər çoxdur. Vaxtilə özüm də belə səhvlər etmişəm”.(Publika.az)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …