Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Vahid Əhmədov Mərkəzi Bankın qərarını tənqid etdi

Vahid Əhmədov Mərkəzi Bankın qərarını tənqid etdi

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun banklardan dollarla kredit götürənlərə güzəştlərin edilməyəcəyi ilə bağlı son qərarı onu cəmiyyətdə və mətbuatda tənqid hədəfinə çevirib. Hətta onu iqtisadiyyatda baş verən neqativ proseslərdə günahkar bilərək, istefasını tələb edənlər də az deyil.  
Qeyd edək ki, AMB dollarla kredit götürənlərə güzəştlərin edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən, bunun maliyyə intizamını poza biləcəyini açıqlamışdı.
 Son olaraq, Gürcüstanın iqtisadiyyat və inkişaf naziri Dmitri Kumsişvili yerli televiziyaya verdiyi müsahibəsində Elman Rüstəmovu tənqid edərək, bildirib ki, Azərbaycan valyuta rezervlərindən 10 milyard dolları xərclədi, ancaq manatın 105 faiz dəyərdən düşməsinin qarşısını ala bilmədi.
D.Kumsişvili deyib ki, açıq bazar iqtisadiyyatında düzgün ticarət balansı istisna olmaqla, valyuta kursunu saxlamaq praktiki olaraq, mümkün deyil: “Azərbaycan iqtisadiyyatı bizdən bir neçə dəfə böyükdür, ölkə 10 milyard dollar xərclədi. Bəs, effekti nə oldu? Bundan da belə nəticə çıxarmaq olar ki, əgər düzgün ticarət balansı yoxdursa, milli valyutanın kursunu süni yolla sabit saxlamağın mənası yoxdur”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə Mərkəzi Bankın son qərarının anlaşılmaz olduğunu qeyd edib: “Bu məsələ bizim tərəfimizdən Milli Məclisdə qaldırılmışdı. Bu məsələlər müdafiə də olunmuşdu. Mərkəzi Bank da bu məsələyə müsbət yanaşmışdı. Ona görə əhali də inanırdı ki, 10 min dollara qədər olan istehlak kreditləri köhnə məzənnə – 1.05 manatla ödəniləcək. Bu, əhali üçün müəyyən güzəşt idi. Lakin mən başa düşmürəm ki, son vaxtlar bu məsələyə niyə belə yanaşdılar? O cümlədən, maliyyə nazirinin də, Mərkəzi Bankın İdarə Heyəti sədrinin də qərarı belə olub. Mən belə başa düşdüm ki, ölkə başçısına bu barədə düzgün məlumat verməyiblər. Əhalinin ən kasıb təbəqəsinin bu qərara ehtiyacı var idi. Biz çalışırıq ki, bu məsələ müsbət həll olunsun. İndi əsas məsələ Mərkəzi Bankla Maliyyə Nazirliyinin mövqeyidir ki, bunlar hansı mövqedə dayanacaqlar”.
Millət vəkili bildirdi ki, bir müddət sonra bu məsələni yenidən gündəmə gətirməyi düşünür: “Hazırda vəziyyət bir qədər mürəkkəbləşib. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycana gəldi və onlar 4 milyard dolların Azərbaycana verilməsi ilə bağlı müqavilə bağlayacaqlar. Orada şərtlər qoyulacaq ki, bu vəsaitləri hansı istiqamətə və nəyə xərcləmək lazımdır. Ancaq əhalinin vəziyyətini də nəzərə almaq lazımdır. Regionlarda vəziyyət daha çətindir. Samir Şərifov bir məsələni düz dedi və mən də onunla razıyam. Banklar əvvəllər kreditləri 35 faizlə verirdilər, yaxşı da gəlir götürürdürlər. İndi də həmin vəsaitləri istifadə edərək, kreditləri 1.05 məzənnəsi ilə hesablasınlar. Ancaq indi bu qərarın qəbulunu niyə fırladırlar, niyə gecikdirirlər, onu anlamıram”.
Vahid Əhmədov BVF-nin ayırdığı 4 milyardlıq kreditdən banklara da yardım edilməsini təklif etdi: “Problemli kreditlər bizi çox narahat edir. Azərbaycanda təxminən 1,4 milyard manata yaxın problemli kredit var. Bu kreditlərin həcmi gündən-günə artır ki, azalmır. Banklar o kreditləri yüksək faizlə verib, qazandığını qazanıb, indi əhali çətin vəziyyətdə qalıb. Problemli kreditlərin artması bankları da pis vəziyyətdə qoyub, kredit portfeli demək olar ki, boş qalıb. BVF-dən 4 milyard dollar kredit alındıqdan sonra həmin vəsaitin müəyyən hissəsi ilə banklara da köməklik göstəriləcək. Çünki, bank sistemi normal işləməsə, iqtisadiyyatda problem yarana bilər”. Musavat.com

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın