Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir

Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir

Ölkəmizdə ümumbəşəri sosial bəla olan vərəm əleyhinə səmərəli mübarizə aparılaraq, bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla birgə müvafiq proqramlar və layihələr həyata keçirilir, o cümlədən penitensiar müəssisələrdə bu xəstəliyə qarşı mübarizəyə xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birgə məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində qarşılıqlı fəaliyyət həyata keçirilərək tibb xidməti, məhkumların dərman təminatı yaxşılaşdırılıb, penitensiar müəssisələr ən yeni tibb avadanlığı ilə təchiz olunub. Həmçinin, vərəmli məhkumlar üçün müasir laborator və diaqnostik avadanlıqlarla təchiz edilmiş ayrıca müalicə müəssisəsi fəaliyyət göstərir.
Həyata keçirilən kompleks tədbirlər hesabına cəzaçəkmə müəssisələrində dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə ÜST-nin müəyyən etdiyi hədəflərdən çox – 90 faiz, həmçinin müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə 80 faiz müsbət nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir. Bunun nəticəsi olaraq, son 20 ildə cəzaçəkmə müəssisələrində vərəmə yoluxma hallarının sayında ilbəil kəskin azalma müşahidə olunub, vərəmdən ölüm isə 100 dəfə azalıb.
Azərbaycanın bu sahədə nailiyyətləri ÜST, Qlobal Fond, BQXK, “Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq” və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək region ölkələri üçün nümunəvi təcrübə kimi göstərilib, habelə BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan ABŞ-ın İslah Müəssisələri və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən illik Səhiyyə Mükafatına layiq bilinib.
Eyni zamanda, BQXK birgə fəaliyyətin nəticələrinə əsaslanaraq ölkəmizin penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəsini digər dövlətlər üçün örnək kimi dəyərləndirərək onun dünyada yayılmasının əhəmiyyətini bildirib.
Bununla əlaqədar praktiki olaraq dünyada ilk dəfə cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəni yaymaq məqsədilə 2012-ci ildə İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Beynəlxalq təlim mərkəzi yaradılıb. Mərkəz ölkəmizin penitensiar müəssisələrində işləyən istər tibbi, istərsə də qeyri-tibbi ixtisaslı əməkdaşların vərəm üzrə biliklərə yiyələnməsinə xidmət etməklə yanaşı, digər ölkələrin nümayəndələrinin hazırlığını da həyata keçirir.
Son illər 15-ə yaxın dövlətdən tərkibində səhiyyə, penitensiar xidmət və beynəlxalq təşkilatların vərəmlə mübarizə sahəsində işləyən 120-dək nümayəndələri Bakıda səfərdə olub və müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə oxşar modellərin tətbiqinə başlanılıb.
Azərbaycanın bu sahədə təcrübəsini öyrənmək və vərəmlə mübarizədə son yenilikləri əldə etmək məqsədilə beynəlxalq qurumların dəstəyi ilə bu günlərdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri respublikamızda səfərdə olublar. Ümumilikdə 26 nəfərdən ibarət olan nümayəndə heyətinin tərkibinə Filippin, Makedoniya, Belarus, Ukrayna, Qırğızıstan, Tacikistan və Özbəkistanın Ədliyyə, Daxili İşlər, Səhiyyə nazirliklərini, Cəza-icra qurumlarını, qeyri-hökumət təşkilatlarını təmsil edən penitensiar müəssisələrdə vərəm əleyhinə xidmətlər göstərən həkimlər və rəhbər vəzifəli şəxslər daxildirlər.
Səfər zamanı nümayəndə heyəti üçün ÜST ilə Əməkdaşlıq Mərkəzi statusu olan Beynəlxalq Təlim Mərkəzi tərəfindən “Çoxsaylı / Geniş Dərmanlara Davamlı Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda rus və ingilis dillərində beynəlxalq tədris kursu təşkil olunub.
Qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Kursun açılışında Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev, ÜST Avropa Regional Bürosu Mərkəzi Aparatının və Azərbaycan üzrə Ölkə Ofisinin məsul şəxsləri iştirak edib, beynəlxalq səviyyədə artıq üçüncü dəfə keçirilən tədbirin mühüm əhəmiyyəti qeyd olunub. 5 gün davam edən tədris kursunda dinləyicilər üçün yerli mühazirəçilər, həmçinin dəvət olunmuş ÜST Baş Ofisinin və BQXK-nın həbsxanalarda səhiyyə departamentinin (İsveçrə), ÜST Avropa Regional Bürosunun (Danimarka), “Sağlamlıq naminə tərəfdaşlar” (ABŞ) və “Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq” təşkilatlarının ekspertləri tərəfindən xüsusi proqram üzrə müxtəlif mövzular tədris olunub, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, nümayəndə heyətinə Azərbaycanın penitensiar müəssisələrində vərəmə nəzarət fəaliyyətləri ilə əyani tanışlıq imkanı yaradılıb, dinləyicilər İxtisaslaşdırılmış müalicə müəssisəsinə, Bakı istintaq təcridxanasına və 15 saylı cəzaçəkmə müəssisəsinə səfər edərək vərəmin aşkarlanması, laborator diaqnostikası və müalicəsi ilə bağlı tədbirləri bilavasitə izləyib, həmçinin praktiki məşğələlər keçirilib.
Təlim prosesində müalicənin mərkəzləşdirilmiş qaydada aparılması, dərmanlara həssaslıq göstəricilərinə müvafiq standartlaşdırılmış müalicə rejimlərinin təyini, beynəlxalq standartlara uyğun innovativ laborator diaqnostika metodlarının geniş tətbiqi, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və sosial dəstək kimi Azərbaycanın unikal təcrübəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Kursun yekununda təəssüratlarını bölüşən dinləyicilər səmimi qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Ədliyyə Nazirliyinə minnətdarlıqlarını ifadə edib, penitensiar sistemdə vərəmə nəzarət üzrə Azərbaycanın müsbət təcrübəsini əyani öyrənərək onu örnək kimi qəbul etdiklərini və gələcəkdə öz ölkələrində tətbiq edəcəklərini vurğulayıb, tədbirin onlar üçün faydalı olduğunu qeyd ediblər.
Səfər çərçivəsində, həmçinin ölkəmizin tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb, onlara son illər ərzində respublikamızın hərtərəfli inkişafı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri barədə dolğun məlumatlar verilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın