Ana səhifə / Şou Biznes / Vəfat etmiş şəxsə təmtəraqlı doğum günü keçirmək olarmı?

Vəfat etmiş şəxsə təmtəraqlı doğum günü keçirmək olarmı?

Avqustun 17-də mərhum xalq artisti İlhamə Quliyevanın ad günü keçiriləcək. Bu barədə Lent.az-a mərhumənin dayısı oğlu Eldar İsmayılov deyib.

O, bildirib ki, İ.Quliyevanın özəl günündə yalnız onun sənətinə yaxın olan insanlar dəvət olunacaq: “Əslində İlhamə xanım dünyasını dəyişən gündən sonra onun xatirəsi üçün gözəl bir gün təşkil etmək istəyirdim. Amma düşündüm ki, bunu elə onun ad günündə etsəm, daha yaxşı olar. Artıq qərar vermişəm, avqustun 17-də İlhamə xanımın ad günü ilə bağlı tədbir olacaq. Həmin günə mərhumənin sənət dostları və şou-biznesin bir çox tanınmış simaları dəvət olunacaq. Doğum günü qeyd olunan məkan isə İlhamə xanımın ən sevdiyi yerlərdən biridir. Onu da deyim ki, həmin görüşdə İlhamə xanım barədə bir çox məlumatlar veriləcək. Onun mənə söylədiyi arzularını, istəklərini qonaqların diqqətinə çatdıracağam”.

Xalq artistinin dayısı oğlunun açıqlaması sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, vəfat etmiş insana təmtəraqlı doğum günü keçirilməsinin nə dərəcədə doğru addım olacağı mübahisə yaradıb.

Bəs, din bu məsələyə necə yanaşır? Rəhmətə gedən insana təmtəraqlı ad günü keçirmək dini cəhətdən qəbul olunandırmı? Açılan süfrə ehsan kimi qəbul edilə bilərmi?

Musavat.com mövzu ilə əlaqədar dini ekspert Kənan Rövşənoğlu ilə əlaqə saxlayıb və məsələyə münasibətini öyrənib.

K.Rövşənoğlu bildirib ki, vəfat etmiş şəxslərə doğum gününün keçirilməsi dini baxımdan qadağan olunmayıb: “Rəhmətə gedən adamlara, xüsusilə məşhur simalara bəzən ölümündən sonra ildönümü, yubileylər keçirilir. Dinin bu mövzuda konkret hökmü yoxdur. Bu kimi məsələlərə din müdaxilə etmir. Bu cür situasiyalarda insanlar adət-ənənələrə uyğun davranır. Təbii ki, bu zaman dindar insanlar dinin əsas hökmlərini də nəzərə alır. Məsələn, haram qidalar süfrəyə qoymaq, haram buyurulmuş əməllərə yol vermək olmaz. Bu, ümumi hökmlərdir. Bir qayda olaraq, müsəlman həyatındakı digər isləri də bu normalara uyğun əməl edir. Ancaq konkret olaraq, dinin bu məsələ ilə bağlı hər hansı göstərişi yoxdur. Ümumi qadağan olmayan qaydalara riayət etməklə kimisə yad etmək, xatırlamaq insanın öz ixtiyarındadır”.

Ekspert “Bu qayda şəhidlərə də aiddirmi” sualına isə belə cavab verib: “Dində şəhidlərin xüsusi yeri var. Allah yanında ən dəyərli insanlardan biri də şəhidlərdir. Lakin din şəhidlərə doğum günü keçirməyi əmr etmir. Müsəlman cəmiyyətində şəhidlərə xüsusi ehtiram var. Ona görə də, yad edirlər. Lakin bunu bir dini əmr olaraq deyil, bir ehtiram olaraq keçirirlər. Din belə bir göstəriş vermir”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın