Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / Uşaqları əyləndirmək əvəzinə… xəstəliyə aparırıq?

Uşaqları əyləndirmək əvəzinə… xəstəliyə aparırıq?

Bakıda uşaq əyləncə məkanları çox olsa da, zərəri xeyrindən çoxdur…

Azərbaycanlı ailələrin son illərdə üzləşdiyi çətinliklərdən biri də azyaşlı uşaqlarını əyləndirməkdir. Heç kimə sirr deyil ki, indi paytaxtda saysız-hesabsız uşaq əyləncə məkanları var. Amma ora girməyə də, orda əylənməyə də ciddi məbləğdə pul lazımdır. Son illər bu məkanlarda baş verənlər valideynlərin narazılığına səbəb olur. 
Uşağı qəfəsə salmaq 5 manat… 
“Metro Park”a uşaqları ilə gələnlər 4-cü mərtəbədə yerləşən “Happyland”i seçməyə üstünlük verir. Sözügedən məkanda uşaqlar üçün attraksionlar, müxtəlif oyun seçimləri yer alır. Təbii ki, bu oyunlara qatılmaq üçün öncə dəyəri 3 AZN olan kart almaq lazımdır. Və o karta istədiyin qədər pul yükləmək. İstədiyin qədər deyərkən nəzərə alaq ki, 2 manatdan az məbləğdə pul yükləmək olmaz. Oradakı oyunların minimum 80 qəpik, maksimum 2 AZN olduğunu nəzərə alanda cibinizin nə qədər “tərləyəcəyini” təsəvvür edə bilərsiz.
Digər tərəfdən, bu məkanda “oyun qaydaları” da ilgincdir. Belə ki, sözügedən karta yüklənən pul qaytarılmır və dəyişdirilmir. Bunu kartın üzərində açıq-aydın yazıblar. Yəni digər bütün əyləncə mərkəzlərindən fərqli olaraq, sən bu məkana girərkən tutaq, 10 manatlıq balans yükləmisənsə və çıxanda o kartda məsələn, 5 manatın qalıbsa, onu geri istəyə bilməzsən. Necə deyərlər, su girdi qaba, oldu içməli…
 
Bu anormallığın səbəbini məkanın inzibatçılarından soruşanda isə cavab heç çaşdırmır: “Bizim şərtlərimiz kartın üstündə qeyd olunub, əvvəldən bilməliydiz”. Yəni istehlakçının hüquqlarına sıfır qədər əhəmiyyət verilmir.
Oyun qiymətlərinin havalarda “uçması” barədə yuxarıda qeyd etmişdik. Təsəvvür edin ki, cəmi 5 oyunla siz 10 manatınızdan keçirsiz. Halbuki o oyunlar başqa əyləncə məkanlarında 80 qəpik-1 manat olduğu halda, burda hansısa səbəbdən 2 manatdır. Daha bir misal: bütün əyləncə məkanlarında 1, ən pis halda 2 manat olan toplarla, yumşaq qəfəslərlə dolu olan hissə burada 5 AZN-dir. Yəni heç bir işıq, enerji sərfiyyatı olmayan yerə uşağınız girib özü üçün hoppanacaqsa, buna görə 5 AZN ödəməlisiniz. Arqument isə hazırdır: vaxt limitsizdir də, istədiyi qədər oynasın.
 
Təkcə içəri girib salam vermək… 5 manatdırsa… 
“Magic Land” Uşaq Əyləncə Mərkəzində də durum fərqli deyil. Burada aparatlar jetonla işləyir və jetonun qiyməti 50 qəpikdir. Hər oyun 2-3 dəqiqə davam edir. “Zoom”a giriş isə 2 manatdır. Mərkəzdə banket zalı ilə yanaşı dərs saatı üçün otaq da var.
“Mələk” Uşaq Əyləncə Mərkəzində də jetonların qiyməti 50 qəpikdir. Burada isə labirint 3 manat dəyərindədir.
“Crazy” Uşaq Əyləncə Mərkəzinə isə bir uşağın girişi 5 manatdır. 5 manat ödəyən valideyn uşağını “zoom”a daxil edə və “şarikovıy batud” adlı əyləncədən istifadə edir. Jeton aparatları isə digərləri ilə eyni qiymətdədir.
Maraqlıdır ki, bütün bu uşaq əyləncə mərkəzlərində kafelər də fəaliyyət göstərir. Və orada qiymətlər də “ceyran belindədir”. Məsələn, mağazadan 30 qəpiyə aldığımız su bu mərkəzlərdə bir qayda olaraq 1 manatdan ucuz deyil. Bu, ən insaflı variantdır. 1.50-2.00 AZN-ə yarım litr su satan məkanlar da az deyil. Bundan başqa, burada bir çaynik çay içmək minimum 6-7 manata başa gəlir. Yeməklərdən isə danışmağa dəyməz. Uzun müddətli gözləmə, aşağı keyfiyyət… bir çox hallarda valideynləri bu məkanlarda yemək yedirtməkdən çəkindirir.
Kartlar niyə blok olunur? 
“Megafun”da isə attraksionların qiyməti 1 manatla 10 manat arasında dəyişir. Burada da attraksionlardan istifadə etmək üçün zaman və balans kartı əldə etmək lazımdır. Kartların dəyəri 1 manatdır. Zaman kartlarından isə 5 manata 20 dəqiqə, 10 manata 50 dəqiqə, 21 manata isə 2 saat istifadə etmək mümkündür. Zaman kartı aktiv edildikdə içərisində olan zaman geriyə hesablanmağa başlayır və  zaman bitdikdən sonra kart deaktiv olur. Bu zaman daxilində müştərilər qiymətindən asılı olmayaraq, istənilən attraksiondan arzuladığı qədər istifadə edə bilərlər. Ancaq cəld hərəkət etməlisən ki, zamanın və pulun boşuna getməsin. Balans kartına istədiyin məbləği yükləyib attraksionlardan istifadə etmək mümkündür.
Amma burda da bir ilginc məqam var. Məsələn, “Megafun”da 21 manata kart almısızsa və uşağınız “Zoom”a girmək istəyirsə, sizin kartınız uşaq orda olduğu 30 dəqiqə ərzində bloklanır və siz ondan istifadə edə bilmirsiz. Halbuki iki uşaqla bu məkana getmisizsə, digər uşaq həmin yarım saat müddətində  hüquqları pozulmuş vəziyyətdə qalır. Lap uşaq olmasın, valideyn də uşağı “Zoom”da əyləndiyi vaxt oyun oynamaq istəsə, ona bu imkan verilmir.
Daha bir detal isə bu əyləncə məkanlarındakı hədsiz səs-küylə bağlıdır. Hətta normal əsəbi olan adam belə orda yarım saat gəzəndən sonra depressiv duruma düşə bilər.
Üstəlik, bəzi təamların əl yandıran qiymətlərini də unutmayaq. Adi bir misal: sözügedən məkanda qaynar qarğıdalı(dənəli) satılır. Onun 150 qramı nə az, nə çox, düz 2 manatdır. Meyvə şirələri, şirniyyatlar da mağaza qiymətlərindən ən azı 2-2.5 dəfə bahadır.
Avtovağzal ərazisindəki “Baku Outlet Park”da yerləşən “Oppalar” Uşaq Əyləncə mərkəzi də seçimlərdən biridir. Burada “Zoom”da oynamaq 1 manatdır. Saat limiti isə yoxdur. Hətta kim istəsə uşağı burada 1-2 manat ödəməklə dayəyə etibar edib, başqa işlə məşğul ola bilər. Burada attraksionlar olmasa da, uşaqların marağını cəlb edən kompüter oyunları var. Bu oyunların ən bahalısının qiyməti 50 qəpikdir.
Qeyd edək ki, karta 5 manat yüklədikdə 1 manat, 10 manat yüklədikdə isə 2 manat bonus gəlir.
Uşaqlar yaşına uyğun olmayan oyunlar oynayır və…
Valideyn düşünür ki, uşaq həyətdə oynamaqdansa, kompüterə baxsın… 
Psixoloqlar isə hesab edir ki, internetdə, ümumiyyətlə, kompüterdə elə oyunlar var ki, uşaqlarda məntiqi təfəkkürü, yaradıcı təfəkkürü, diqqəti möhkəmləndirmək üçün tətbiq olunur və yaxşı da nəticə verir. Ancaq bəzi oyunlar uşaqda asılılıq, müxtəlif psixoloji problemlərə yol açır. Azyaşlıların müxtəlif döyüş oyunları və yaxud avtomobil idarəetmə kimi ağır oyunlar oynaması da adi hal alıb. Bu isə onların psixoloji durumuna çox mənfi təsir göstərir. Uşaq aqressiv olur, uduzanda narahatçılığını ifadə edir və s. bu cür hallar keçirir. Əlbəttə, bu situasiyada bir az diqqətli olmaq lazımdır. Əks təqdirdə uşaqlarda bir çox problemlər yaranır. O cümlədən fobiyalar. Uşaqda adaptasiya prosesi çətin gedir, o, cəmiyyət içərisində özünü adekvat aparmır, rahat olmur, uyğunlaşa bilmir. Bu cür fəsadlara gətirib çıxarır. Xüsusən internetə çıxışı olan kompüterlər var, ailələr burada xüsusilə diqqətli olmalıdırlar ki, uşaqlar hansı proqramlara, hansı sayta girirlər. Onlara da nəzarət eləsələr, yaxşı olardı.
Kompüter oyunları uşaqlara vaxt baxımından mənfi təsir edərək onlarda asılılıq yaradır. Həmin vaxtı uşaqlar daha səmərəli istifadə edə bilərlər, elmlə, təhsillə məşğul ola bilərlər. Bunun fizioloji baxımdan da orqanizmə; gözlərə, qulaqlara ziyanı var.
Uşaqlar əsasən aqressiv oyunlara; sürətlə maşın sürmə səhnələri, döyüş, aqressiya, hərbi oyunlara üstünlük verirlər. Kompüter oyunlarında olan qəhrəman modeli uşağın şüur altına daxil olur və müəyyən situasiya yarananda ki, hansısa konfliktə reaksiya verərkən həmin o qəhrəmanın rəftar modelini uşaq tətbiq etməyə başlayır.
Sürətlə maşın sürmə, avtoşluq oyunları bugünkü gündə kütləvi hal alıb. Uşaqlarda belə oyunları oynadıqca maşına sevgi, sürətlə maşın sürmək meylləri yaranır. Bunu reallaşdırmaq üçün real şərait tapmayan uşaq toplanmış enerjisini başqa istiqamətdə sərf edir.
Ən qorxulusu odur ki, valideynlər öz övladının suallarına cavab vermək əvəzinə, tərbiyəyə vaxt ayırmaq əvəzinə rahatlıqları üçün uşaqlara saatlarla kompüter qabağında oturmağa icazə verirlər.
Bundan başqa, bəzi valideynlər elə fikirləşirlər ki, uşaq həyətdə oynamasa evdə onun gözünün qabağında oturub kompüterdə oynasa daha yaxşıdır. Kompüter diskləri alanda onun üzərindəki yaş məhdudiyyətinə baxmırlar, diskin uşaqlara necə bir ziyan vura biləcəyini fikirləşmirlər. Uşaq kompüter arxasında oturursa, yeməyini yeyirsə demək sakit uşaqdır və bu valideyni qane edir. Buna səbəb bəzən valideynlərin savadsızlığından, bəzən tənbəlliklərindən irəli gələn boşluqlardır. Son vaxtlar bu tip oyunlara marağın yaranması da həmin boşluqlarla əlaqədardır.
3 uşaq atası Sarvan Mehdiyev isə bildirir ki, zəmanə uşaqları oyun, əyləncə məkanları məsələsində doyumsuzdur: “Sanki uşaqlar üçün hər şey adiləşib, sevinmək hislərini itiriblər. Aparırsan gəzməyə, əylənməyəE Qayıdanda baxırsan ki, yenə də narazıdılar. Bəlkə də bu, əyləncə mərkəzlərindəki çeşidlərin bolluğu ilə bağlıdır. Uşaq 1000 dənə əyləncə görür, sən onu 700-nə apara bilirsən. Bu da narazı qalır axırda. İndi uşaqları sevindirmək, əyləndirmək çox çətindir”.
musavat.com

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın