Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Uşaq silahla bacı-qardaşını vurub zövq alırsa, bu mənfi haldır”

“Uşaq silahla bacı-qardaşını vurub zövq alırsa, bu mənfi haldır”

Oyuncaqlar çoxunun gözündə uşaqların vaxt keçirdiyi adi əşyalar olsa da, əslində onlar uşaqların dünyanı dərketmə vasitəsidir. Elə buna görə də, mütəxəssislər hesab edir ki, uşaqlar üçün oyuncaq seçiminə ciddi yanaşmaq lazımdır.

Bəs indi belə əşyalar üzrə ixtisaslaşmış mağazalarda daha çox satılan oyuncaqlar hansılardır? Uşaqlar valideynlərindən daha çox hansı oyuncaqları almağı tələb edir?

Virtualaz.org-un müxbiri bir neçə mağazada apardığı sorğuda öyrənib ki, seçim əsasən ənənəvidir. Qızlar kukla, oğlanlar isə maşın, silah istəyir. Bununla yanaşı, konstruktorlar, pazl və s. bu tipli məntiqi təfəkkürü formalaşdıran oyuncaqlar istəyənlər də az deyil.

Uşaq oyuncaqları satan Vaqif Alıyev deyir ki, qiymətlər oyuncağın imkanlarına görə dəyişir:

“Məsələn, adi balaca maşınlar 3-4 manatdır, amma qapısı açılırsa, onların qiyməti 5 manatdan başlayır. Daha böyük olan, məsələn, dəmiryolu ilə birgə qurulan qatar oyuncağı 25 manatdır. Qızlar isə, adətən, Barbi kuklası, Maşa və s. belə oyuncaqlar alır. Bunların da qiyməti ölçüsünə görə dəyişir. 5 manata olan da var, 40 manata olan da”.

Elə mağazada radtlaşdığımız müştəri Sevda Qurbanova 4 yaşlı qızı üçün

kukla alırdı.

“Seçimi əsasən onun ixtiyarına buraxıram. Düşünürəm ki, həmin oyuncaqla bütün gün o özü vaxt keçirəcək. Gərək ürəyincə olsun ki, əylənə bilsin”.

Psixoloq Narınc Rüstəmova virtualaz.org-a açıqlamasında bildirib ki, uşaqlar üçün oyuncaq seçərkən onun nəinki keyfiyyətinə, hətta rənglərinə də diqqət etmək lazımdır:

“Uşaqlar dünyanı ancaq oyuncaqlarla qəbul edirlər. Uşaqlar üçün hər şey oyuncaqdır. Bahalı boyunbağıdan tutmuş, adi çəngələ qədər hər şey onların gözünə oyuncaq kimi görünür. Doğru oyuncaq uşağın həm fiziki, həm də psixi inkişafına təsir edir. 7-ci aydan başlayaraq uşaq üçün oyuncaq seçimi başlaya bilər. Bu yaş dövründə uşaqlar hər şeyi ağızları ilə qavradığına görə, onlara alınan oyuncaqların da yumşaq materialdan olmasına diqqət etmək lazımdır. Taxta və ya digər sərt materialdan qaçmaq lazımdır. Rənglərə gəlincə isə, qırmızı, yaşıl, sarı və mavi rəngdə oyuncaq almaq lazımdır”. Bunun səbəbini isə psixoloq bu yaş dövründə uşaqların yalnız bu rəngləri tanımasl ilə izah etdi. Onun sözlərinə görə, ətrafda həmin rənglərin bolluğu onların gələcək inkişafına müsbət təsir göstərir. Belə uşaqlar daha zəkalı olur.

N.Rüstəmova əlavə edib ki, 1,5 yaşdan sonra isə uşaqlara taxta oyuncaqlar almaq olar:

“Geriyə doğru sıralama, əşyaları kiçikdən böyüyə doğru yığmaq və s. tipli əqli inkişafa dəstək olan oyuncaqlar almaq olar. Evdəki adi qazanlarla oynamaq, onları bir-birinin içərisinə qoymaq da uşağın dünyanı kəşf etməkdə olduğunun, yeni şeylər öyrənməyə çalışdığının göstəricisidir”.

Oyuncaqların psixoloji təsirinə gəlincə isə, mütəxəssis vurğulayır ki, valideyn aldığı oyuncağın uşaqda aqresiya, şiddətə meyllilik kimi mənfi cəhətlər yaratmamasına diqqət etməlidir:

“Məsələn, satışda silah, avtomat və s. belə oyuncaqlar var. Əgər hansısa silah oyuncaq güllə atmırsa, onu uşağa almaq olar. Çünki əsasən oğlan uşaqları baxdıqları cizgi filmlərindəki qəhrəmanlara oxşamaq, oğruları tutmaq istəyir. Bu onların özünə güvəni, inkişafı üçün vacibdir. Amma uşaq güllə atan silahla qardaş-bacısını vurub, bundan zövq alırsa, bu artıq mənfi haldır. Bundan başqa, əcaib, 3 gözlü məxluqlar uşaqlarda aqressiya yarada bilər. Naməlum obrazlar uşaqlara alınmasa, daha yaxşı olar. Uşaqlar əsasən 7 yaşına qədər oyuncaqlarla oynaya bilər. Əgər 9-10 yaşda da uşaq oyuncaqla oynamağa davam edirsə, bu o deməkdir ki, uşağın emosional inkişafı tamamlanmayıb. Belə uşaqlar adətən ünsiyyətdən qaçır, bir oyuncağa həddindən artıq bağlanır və s.”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın