Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Turistlərin “Tufandağ”da devalvasiya tufanı… (Foto, video)

Turistlərin “Tufandağ”da devalvasiya tufanı… (Foto, video)

Əməkdaşımız qış turizminin məşhur ünvanında oldu, gördüklərini və başına gələnləri qələmə aldı ; Tufan hələ ki, dağda yox, turistin cibində qopur

DAĞA ÇIXMAQ İSTƏYİRSƏN –AVTOBUSA MİN, GET! 
 “Yeni Müsavat”ın reportyoru həftə sonu yolunu Qəbələdəki Tufandağ Qış İstirahət Kompleksindən saldı. Dedik, görəsən bu qış semestr tətilində ora gedən tələbələr çoxdurmu? Gücü Davosa, Zermata, Uluduğa getməyə çatmayan bakılılar yerli qış turizm məkanlarında “gözünün qurdunu” öldürə bilirlərmi?
Öncə ondan başlayaq ki, bura gəlmək istəyənlər üçün bir neçə variant var. İmkanı çatanlar şəxsi avtomobilləri ilə Tufandağa gəlib, bir günlük əyləncə keçirir, istəsə bir neçə gün oteldə istirahət edir. Amma maşını olmayan sakinlər yerli turizm firmalarının bir günlük Tufandağ turundan yararlanırlar. Sonuncunun qiyməti  21 AZN məbləğindədir. Qiymətə Daxildir:
 
• VİP Komfortlu Avtobusla Gediş – Dönüş
• Səhər yeməyi • 
• Tur Rəhbəri • Foto çəkiliş (şəkillər CD ve DVD disklərdə pulsuz olaraq verilir) 
• Çay süfrəsi
• Yol Boyu əyləncəli oyunlar , Qaliblərə gözlənilməz Hədiyyələr
Toplaşma 06:30
Çıxış 07:00
Dönüş 21:00
Bu cür turlarda 5 yaşa qədər uşaqlar pulsuz olsa da, 5 yaşdan yuxarı olanlara tam ödəniş tələb olunur.
Əksər turizm firmalarının elanlarında qiymətlər və şərtlər aşağı-yuxarı eynidir. İnsanların bu cür turlara daha çox üstünlük verməsinin səbəbi isə: 1) maşınsızlıq, 2) maşını olanlar üçün uzun məsafə – söhbət 320 kilometrdən gedir –  maşın sürmə əziyyətini yaşamaq istəməməsidir.
 
KANATA MİN, XİZƏKLƏ SÜRÜŞ, GEYİM KİRAYƏLƏ… ƏLİN CİBİNDƏ OLSUN… 
 

Bəli, bu variantlardan birini seçdik və gəldik “Azərbaycanın Uludağı” adlandırılan bu məkana. Bir turisti burda nələr gözləyir? Cibinə və zövqünə uyğun nələr var? 
«Tufandağ» kompleksinə gələnlər daha çox kanat gəzintisinə üstünlük verirlər. Kanat gəzintisi 6 yaşadək uşaqlar üçün pulsuz, 6 yaşdan böyüklər üçün isə gündə 10 manatdır. «Tufandağ»da xizək avadanlıqlarından istifadə qiymətləri isə böyüklərə yarım gün üçün 30 manat, bütöv günlük isə 45 manatdır. 6 yaşınadək uşaqlar üçün isə xizək avadanlıqlarından istifadə qiyməti yarım gün üçün 10 manat, bütöv gün üçün isə 15 manat təşkil edir. Eyni tarif snoubard, xizək geyim dəsti üçün də keçərlidir.
Təqribi hesablama bizə imkan verir ki, 4 nəfərlik orta statistik azərbaycanlı ailənin Tufandağda sadəcə əyləncə məsrəfini müəyyənləşdirək. 40 manat kanat gəzintisi+yarım günlük xizək məsrəfi 120 manat.
Amma heç də hamı xizək sürməyi bacarmır və bu sahənin professionalı deyil. Təlim almaq istəyənlər də məşqçilərə müraciət edə bilər. Bir nəfər üçün bir dərsin qiyməti 40 manatdır. İki nəfər üçün bu məbləğ 70 manat, üç nəfər üçün 90 manat, dörd nəfər üçün 100 manat ödəməlidir. Burada söhbət qrup halında dərs almaq istəyənlərdən gedir.
Hesab edək ki, kirayə götürdüyünüz xizək və xizək vasitələrinə ziyan vurdunuz. Bu halda da kompensasiya ödəməlisiniz: Xizək 280 AZN, bağlama 60 AZN, ayaqqabı 200 AZN, snoubard 300 AZN, eynək 35 AZN, əlcək 18 AZN, uşaq üçün sanka (kirşə) 30 AZN, böyük üçün sanka (kirşə) 15 AZN. 
 
İLHAMƏ MƏMMƏDOVA: “ÖZÜMÜZLƏ EVDƏN QƏLYANALTI GƏTİRƏNDƏ İSTİRAHƏT UCUZ BAŞA GƏLİR, RESTORAN BİZƏ UYĞUN DEYİL”
İlhamə Məmmədova adlı yerli turist iki oğlu və yoldaşı ilə birlikdə cəmi bir neçə saatını burda keçirməyə qərar verib. Sözügedən kompleksə yol avtobuslarından biri ilə, adambaşına 15 AZN yolpulu ödəyərək gəliblər. Dediyinə görə, evdən özləri ilə hazırlayıb gətirdikləri buterbrodlar, şirniyyatlar və termosda çay olmasaydı, səfər onlara daha başa gələrdi: “Səhərdən axşama qədər oturduq. Burdakı restorandan yemək almadıq. Qiymətlərlə maraqlananda gördük ki, cibimizə uyğun deyil. Özümüzlə gətirdiklərimiz bəs elədi. Uşaqlara nə lazımdır? Əyləncə, sürüşmək, qartopu. Onsuz da düz əməlli yemək yemirlər. Şəkil çəkdik, video çəkdik, xatirəmiz qaldı…”
İ. Məmmədova arzu edir ki, sözügedən qış kompleksinin rəhbərliyi qiymətlərə bir qədər düzəliş etsin. Onun fikrincə, bu halda istirahətə gələnlər restoranlarda da rahat yemək yeyə bilərlər: “Restoranda sulu yemək 4 manat idi. Bir şiş kabab isə 10 manat. 1 banka qazlı su 2 manata satılırdı. Haradasa 4 nəfər oturub ortabab yemək yesək, 60 manat hesab ödəməli idik. Onu hesabladıq”.
3 UŞAQ ATASI DURUMU TƏHLİL EDİR: “ULUDAĞA, İSVEÇRƏYƏ GEDƏ BİLMİRİK, UŞAQLARIMIZA BU SEVİNCİ YAŞATMALIYIQ”
 

3 uşaq atası Vaqif Mehdiyev isə hesab edir ki, belə komplekslərin olması müsbət haldır. Onun fikrincə, uşaqlarına belə əyləncə yaşatmaq istəyənlər üçün “Tufandağ” normal seçimdir: “Gəlin hesablayaq. Əgər mən bu gün 5 nəfərlik ailə üzvlərimlə Uludağa və ya İsveçrənin qış turizmi məkanlarına getmək istəsəm, nə qədər ödəyəcəm. Bunun təyyarə pulu, otel pulu, yemək pulu var. Belədə isə maşına tam çən benzin vurdum, heç 20 manat eləmədi. Gəldim bura, uşaqlar da əyləndi, yeməyimzi də yedik, indi də qayıdırıq evə. Qar hər yerdə qardır, sürüşmək də hər yerdə eynidir. Özü də uşaq üçün tətil Azərbaycanda oldu, ya ölkə xaricində, heç bir fərqi yoxdur. Əsas odu ki, əylənsinlər. Ağzında əyləncə deyirsən, əyləncə hər zaman pul tələb edir”.
Şikayətlənənlər və razı qalanların fonunda isə fotolar və videolardan da gördüyünüz kimi, məkanda adam əlindən tərpənmək mümkün deyildi. Amma heç də hamı qənaət edib, təkcə kanata minmirdi. Geyim, xizək avadanlıqları, sürüşmə meydançasında var-gəl edənlər… deməyə imkan verirdi ki, ölkədəki böhrana baxmayaraq, heç də hamı pis yaşamır.
DAĞA ÇIXDINSA, GECƏLƏMƏYƏ YERİN OLMALIDIR 
İstirahətini daha yüksək səviyyədə təşkil etmək istəyənlər isə kompleksdəki otellərdə gecələməyə üstünlük verirdilər. Öyrəndik ki, hazırda burda “2 gün, 1 gecə” kampaniyası həyata keçirilir. 2 nəfər üçün bunun qiyməti 179 AZN-dir. Bura səhər yeməyi və xizək kompleksi daxildir.
Normalda isə 2 nəfər üçün həftə içi bir gecələmə 110-120 AZN-dir. Həftə sonunda bu məbləğ 150-170 AZN – ə qədər qalxır. Tək adamın həftə içi bir gecəlik qonaqlaması 95 AZN, həftə sonu isə 130 AZN-dir. Tariflərə əsasən, bura tək gəlmək o qədər də sərfəli sayılmır.
Müşahidələrimiz isə onu deməyə əsas verdi ki, orta təbəqədən fərqli olaraq, imkanlı insanlar bu məkanda hər şeydən yararlanmağa üstünlük verirdilər – xizək dərslərindən tutmuş, oteldə gecələməyə, hər çeşiddə yeməyə qədər. Necə deyərlər, istirahətin haqqını verirdilər. Amma orta statistik turistlər istirahətin minimalından yararlanıb, mənzil başına qayıtmağı tərcih edirdilər.
Sonda… Təbiət xarüqəsi olan dağlar, ecazkar iqlim və qış turizmi üçün münbit şərait. Amma kaş ki, işbazlar sıravi azərbaycanlının bura gəlməsi üçün daha praktik çözümlər və şərtlər təklif edə biləydi. O zaman qış turizminin ürəyi məhz bu məkanda döyünərdi. Hələliksə, tufan dağda yox, turistin cibində qopur… 
 

 

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın