Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Torpaq sənədlə mənimdir, amma…” – FOTOLAR

“Torpaq sənədlə mənimdir, amma…” – FOTOLAR

“Torpaq ev tikilməsi üçün atama verilib. Amma indi məlum olur ki, ərazi bir neçə il sonra SOCAR-ın tabeliyinə keçib. İndi nə ev tikə bilirəm, nə də torpağı sata bilirəm”. 
Bu sözləri musavat.com saytının reportyoruna Abdulov Turab Zaidxan oğlu deyib.
Onun şikayət etməsinə səbəb, 1992-ci ildə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən atasına verilən torpağın indi geri alınmasıdır. Belə ki, həmin illərdə mənzil növbəsində olan Zaidxan Abdulova mənzil şəraitinin yaxşılaşdırılması üçün Zığ qəsəbəsində torpaq sahəsi ayrılıb.
Həmin sərəncamın rəsmi sənədi hələ də ailədə var. Bu illər ərzində verilən ərazidə maddi imkansızlıq ucbatından sadəcə, birotaqlı ev tikə bilən ailə indi bu evi söküb, normal yaşantı şəraiti yaratmaq üçün ev tikmək istəyirlər.
Lakin məlum olub ki, ərazi bir neçə il öncə ARDNŞ-nin tabeliyinə verilib. Bu haqda məlumat şirkətə göndərilən məktuba cavab verilən sənəddə də öz təsdiqini tapıb: “Göndərdiyiniz müraciətlə bağlı bildiririk ki, göstərdiyiniz torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaqların hüdudlarında yerləşir və torpaqlar yalnız təyinatı üzrə istifadə edilə bilər”.
 
Şikayətçi Turab Abdulov bildirir ki, müraciət ünvanladığı hər yerdən oxşar cavablar alır: “Sənədlərdə deyilir ki, ərazi SOCAR-ındır. Tamam, burada bir problem yoxdur. Tutaq ki, ərazi sonradan onlara verilib. Bəs, mən indi nə etməliyəm? Axı, həmin ərazi 1992-ci ilin dekabr ayının 25-də atama verilib. Əgər torpaq sahəsi sonradan SOCAR-a verilibsə, deməli mənə ya başqa ərazidə torpaq verilməlidir, ya da kompensasiya ödənilməlidir. Mənə hazırda ev lazımdır. Köhnə, hər an uçula biləcək evdə bütün ailəmlə birgə yaşayıram. Amma əlimdə qanuni sənədim olan torpaqda tikinti apara bilmirəm”.
Şikayətçinin sözlərinə görə, məsuliyyəti Suraxanı rayon İcra Hakimiyyəti daşıyır: “1992-ci ildə necə sənəd veriblərsə, indi də arxasında dursunlar. Mənə torpaq vermək onların borcudur. SOCAR normal olaraq öz ərazisini qoruyur. Onlara bu torpağı kim veribsə, indi mənə də torpaq versin. İki otaqlı evdə yaşayırıq. Buna görə də evlənə bilmirəm. Evim olsaydı, mən də ailə həyatı qurardım. Ya torpaq, ya ev, ya da ev ala biləcəyim pulu versinlər, mən də rahat yaşayım”.
Turab Abdulov deyir ki, rəsmi qurumlar məsuliyyəti bir-birilərinin üstünə atırlar: “Suraxanı rayon İcra Hakimiyyətinə göndərdiyim məktubda yazılıb ki, mən şikayəti ARDNŞ-a etməliyəm. Çünki ərazi onlarındır. Ay qardaş, bu ərazini 24 il qabaq bizə siz vermisiniz də, mən niyə ARDNŞ-a şikayət edim? Digər qurumlardan da oxşar cavab alıram. Hamı məsuliyyəti başqasının üstünə atır. Belə olmaz. Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verəcəyəm. Qanun qarşısında cavab versinlər”.



Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın