Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Şou Biznes / Teatrlarımızda rollara aktyor seçimlərinin pərdəarxası əsl dəhşət imiş…

Teatrlarımızda rollara aktyor seçimlərinin pərdəarxası əsl dəhşət imiş…

“Təəssüf ki, bu gün də bəzi rejissorlar tamaşalarda baş rolları əsasən öz yaxınlarına, tələbələrinə, şəxsi münasibətdə olduqları aktrisalara, onlarla həmrəy olan aktyorlara verirlər”

Teatrşünas: “İnanın, bu, teatrda o qədər qısqanclıq və paxıllıqla qarşılanır ki, aktrisa məşqi yarımçıq saxlayıb o teatrdan qaçmağa məcbur olur”

Bir qisim aktyor, rejissor üçün teatr məbəd sayılsa da, onlar bu sənət ocağını öz istedadlarının nümayiş olunduğu bir məkan hesab etsələr də, bir qisim aktyor və rejissorlar teatr səhnəsindən öz şəxsi maraqlarını təmin etmək üçün istifadə edirlər. Artıq bu bir reallığa çevrilib.
Tarixdən də məlumdur ki, teatrlarda həm istedadlı, həm orta istedadlı, həm də istedadsız insanlar fəaliyyət göstərib, bu gün də fəaliyyət göstərirlər. Bu, başqa bir mövzunun söhbətidir. Əsas məqsədə keçək. Bilirik ki, teatrlar istedadlı sənətkarların istedadının ifadə edildiyi məkan olmaqla yanaşı, həm də bir intriqa yuvası olub. Təəssüf ki, bu gün də teatrlarımızda intriqalar, söz-söhbətlər, dedi-qodular, aravurmalar və s. mənfi hallar mövcuddur. Bu əsasən aktrisa və aktyorlar arasında baş verir ki, bunun da bir neçə səbəbi var. O səbəblərdən biri də teatrlarda rol bölgüsü ilə bağlıdır. Teatrlarda rol bölgüsü ən həssas proses olduğu üçün, hər zaman aktyor və aktrisalar arasında ciddi narazılıq və qarşıdurmalar yaradır.

Teatrları intriqa yuvasına, dedi-qodu məkanına çevirən amillərin əsasən rol bölgüsü ilə bağlı yaşandığını qeyd etdik. Azərbaycan teatrlarında rol bölgüsünün açıq və gizlin tərəfləri nədir?
Uzun illərdir teatrlarla və teatrda çalışan insanlarla sıx əməkdaşlıq nəticəsində bununla bağlı bir sıra xoşagəlməz halların şahidi olmuşam. Bir sıra hallarda rol bölgüsü zamanı aktyorlar və rejissorlar arasında yaşanan qalmaqalların münaqişələrə çevrilməsi də jurnalistlərin gözləri qarşısında baş verib. Jurnalistlər teatrların içində oynanılan gerçək tamaşaları az görməyiblər.
Tanınmış teatrşünaslar, teatra yaxın olan şəxslərdən biri bizimlə söhbətində bildirdi ki, Azərbaycan teatrlarında bütün zamanlarda ədalətsiz rol bölgüsü halları olub. Adının çəkilməsini istəməyən teatrşünas dedi ki, hələ keçən əsrin 30-cu, 40-cı, 50 və 60-cı illərində, eləcə də ondan sonrakı dövrlərdə teatrda qeyri-obyektiv rol bölgüsü nəticəsində aktyorlar, aktrisalar, rejissorlar arasında uzun illər boyu davam edən düşmənçiliklərin əsası qoyulub. Ekspert qeyd etdi ki, klassik sənətkarlardan qalan intriqa ənənələri bu gün də bizim teatrların böyük əksəriyyətində davam etdirilir. Ekspertin dediyinə görə, bu mənfi yüklü mirasın bu günə ötürülməsi teatrlarda zəhərli ab-havanın formalaşmasına səbəb olub. Teatrşünasın verdiyi məlumata görə, teatrlarda rol bölgüsü əsasən aktyorun, yaxud aktrisanın rola uyğun gəlməsi, onun parametrlərinə cavab verməsi ilə deyil, şəxsi münasibətlər müstəvisində aparılır. O bildirdi ki, hər rejissorun özünün “lyubimçik” aktyoru, yaxud aktrisası olur və rola uyğun gəlib-gəlməməsindən asılı olmayaraq, qoyduqları tamaşalarda baş rolları həmin şəxslər oynayır. Bu da aktyorlar arasında qalmaqal yaratmaqla yanaşı, rejissor-aktyor qarşıdurmasını dərinləşdirir. Müsahibimiz bildirdi ki, bu gün Akademik Milli Dram Teatrı başda olmaqla, bütün teatrlarda rol bölgüsü zamanı böyük qalmaqallar yaşanır. Onun sözlərinə görə, çox nadir hallarda baş rollar verilərkən ədalət prinsiplərinə riayət olunur, əksər vaxtlarda olunmur. Onun verdiyi məlumata görə, rollar şəxsi münasibətlər müqabilində verildiyindən, bu cür problemlər teatrlarda qalmaqdadır. Quruluşçu rejissorların münasibətdə olduqları aktrisalara, dostluq etdikləri aktyorlara, onlara hədiyyələr gətirənlərə, hətta rüşvət verənlərə baş rolları verdiklərini deyən teatrşünasın sözlərinə görə, bu neqativ halın qarşısını alan yoxdur: “Tarixən teatrlarımızda ən çox qalmaqal yaradan intriqaların bir sıra pərdəarxası məqamları var ki, onlardan sadə tamaşaçıların xəbəri yoxdur. Deyim ki, əsas problemlərdən biri teatrlarda qoyulan tamaşalarda baş rolların kimlər tərəfindən oynanılması məsələsidir. Hələ keçən əsrdən “miras” qalan bir sıra problemlər var ki, onlar bu gün də teatrlarda mövcuddur. Təəssüf ki, bu gün də bəzi rejissorlar əsasən tamaşalarda baş rolları öz yaxınlarına, tələbələrinə, şəxsi münasibətdə olduqları aktrisalara, onlarla həmrəy olan aktyorlara verirlər. Bu lap əvvəldən belədir. Siz teatrlarda qoyulan tamaşaların tarixinə nəzər salsanız görərsiniz ki, bir rejissorun bütün tamaşalarında baş rolu eyni aktrisa oynayıb, ikinci dərəcəli rollar da bəlli aktrisalara verilib, anturajda, epizodik rollarda isə tərəfsiz aktyor və aktrisalar rol alıb. O vaxt da hər rejissorun öz aktyoru və aktrisası var idi. Bu da klassik aktyorlar arasında, sözün əsl mənasında, dava-qırğın yaradırdı. Tarixə baxsaq görərik ki, klassik sənətkarlar arasında da umu-küsü halları çox olub, bəzən onlar ölənə qədər bir-birini danışdırmayıblar. Lakin onlarda sənət yanğısı güclü olduğu və teatr sənətinə bağlı olduqları üçün, tamaşalarda tərəf-müqabil olublar. Yəni onlar indikilər kimi rejissorun qarşısına “filankəs bu tamaşada rol alırsa, mən öz rolumdan imtina edirəm” şərtini qoymayıblar, ona görə də dahiyanə obrazlar yaradıblar. Məsələn, keçmişdə böyük aktrisalardan biri qocalana qədər “Antoni və Kleopatra” tamaşasında Kleopatra rolunu oynayıb, özü də çox məharətlə, möhtəşəm. O, məsələn, bu rola qısqanclıqla yanaşırdı və onu gənc aktrisaların oynamağını istəmirdi. Qətiyyən razı deyildi ki, bu rolu özündən başqa kim isə oynasın. Rejissorlar da onun zabitəsindən, nüfuzundan çəkindikləri üçün bu rolu başqa bir aktrisaya həvalə edə bilmirdilər. Bu faktlar da var. Bu gün də teatrlarda bəzi xalq artistləri var ki, sözün həqiqi mənasında, hegemonluq edirlər. Yəni onların hərəkətləri qarşısında teatrların baş rejissorları və direktorları da aciz qalıblar. Elə hallar olur ki, tamaşalarda kimlərin baş rolları oynayacağını həmin aktrisalar müəyyən edirlər. Bax, bu xoşagəlməz hallar da mövcuddur. Teatrlarda elə aktyor və aktrisalar var ki, illərlə nəinki baş rol, heç ikinci dərəcəli rollar oynaya bilmirlər. Hər rejissor 5-6 aktyor-aktrisanı nəzərə alıb tamaşalar hazırlayır. Bəs bu halda digər aktyor və aktrisalar nə etsinlər? Aktrisa var, 25 il idi eyni roldan yapışmışdı ki, bu rolu heç kəs oynamamalıdır. Ona qarşı çıxanlar tapıldığı üçün hikkəsindən teatrı tərk etdi, adını da qoydu ki, “filmlərə çəkilirəm, teatra gəlməyə vaxtım yoxdur”. Bir sıra hallarda yaşlı aktrisalar gənc və istedadlı aktrisaların qarşısına çəpər çəkir və təəssüf ki, rejissorlar da o çəpəri dağıda bilmirlər. Bu yolverilməzdir. Yaxud elə aktrisa var ki, teatra yeni gəlib və teatr direktorunun saxladığı olduğu üçün, ona baş rol verirlər. Halbuki, o ona həvalə edilən rola nə uyğundur, nə də o rolun öhdəsindən gəlməyə istedadı və peşəkarlığı yetərincədir. Kimin kiminlə şəxsi münasibəti varsa, onu teatr səhnəsindən kənarda davam etdirsin, onu teatr səhnəsinə gətirməsin. Başqa məqamlardan biri də teatr direktorlarının öz tələbələrinə rəhbərlik etdikləri teatrlarda geniş meydan verməsidir. Bu da əksər hallarda başqa gənc aktyorlarla problemlərin yaranmasına səbəb olur. Son illər “Azdrama”da rol bölgüsü zamanı nə qədər qarşıdurmalar, problemlər yaşandı. Siz bilirsiniz ki, bəzi gənc aktyorlar buna görə teatra qarşı üsyan edərək bildirdilər ki, baş rol bölgüsündə şəxsi əlaqələr əsas rol oynayır. Burada rol almaq üçün gərək kiminsə tələbəsi olasan. Son zamanlar “Azdrama”da Cəfər Cabbarlının “Almaz” tamaşası səhnəyə qoyulub. Almaz rolunda teatrın direktoru Azər Paşa Nemətin tələbəsi Məsmə Aslanqızı oynayır. Məsmə Aslanqızı qətiyyən bu rola uyğun gəlmir. O, tamaşa boyu Almaz obrazını qətiyyən aça bilmir. Bizim əsərdə oxuduğumuz cəsarətli, qolçomaqlara qarşı mübarizə aparan, maarifçilik və qadın azadlığı uğrunda yaşadığı quruluşa savaş elan edən Almazı səhnədə görə bilmədim. Bu rolun ona həvalə edildiyinə bir teatrşünas kimi təəssüfləndim. Məsmə xanım istedadlı aktrisadır, yaddaqalan rolları var, ancaq bu rol onun boyuna biçilməyib. Ona rolu Azər Paşa müəllimin tələbəsi olduğu üçün veriblər. “Azdrama”da Almaz rolunun öhdəsindən gələn aktrisalar az deyil, obraz bu rola uyğun aktrisaya verilməli idi. Yenə də deyirəm, rol bölgüsü zamanı dostluq, qardaşlıq, şəxsi münasibətlər ikinci planda olmalıdır, yəni teatrın qapısının çöl hissəsində qalmalıdır o münasibətlər”.

Teatrşünas qeyd etdi ki, mövcud teatrlarda ən böyük problemlərdən biri rejissorun dəvəti ilə kənardan teatra gələn aktyor və aktrisalara qarşı mənfi münasibətdir. Onun sözlərinə görə, son illər teatr mühitində formalaşan bu mənfi ənənə günü-gündən daha da şaxələnir: “Bəzən görürsən ki, hansısa bir rejissor teatrlardan birində tamaşa hazırlayır. O, baş rolda tamaşa hazırladığı teatrın aktrisalarını deyil, başqa bir teatrın aktrisasını görür və onu tamaşaya dəvət edir. İnanın, bu, teatrda o qədər qısqanclıq və paxıllıqla qarşılanır ki, aktrisa məşqi yarımçıq saxlayıb o teatrdan qaçmağa məcbur olur. Son illər analoji hal bir neçə teatrda yaşanıb. Bəzən teatrlarda yaradılan ab-hava, mühit rejissorun işinə yersiz müdaxilələrin olmasına şərait yaradır. Bunun da yenə arxasında şəxsi əlaqələr durur. Bir neçə akrtisa var ki, onların oynadığı rolları başqası oynasa, böyük davalar düşər. İndi özünüz fikir verin, görün, teatrların pərdəsi arxasında ictimaiyyətə məlum olmayan nə qədər sirr gizlənir. Bütün intriqaların da başında şəxsi münasibətlər müstəvisində həyata keçirilən rol bölgüsü dayanır. Bu da çox iyrənc mənzərə yaradır. Aktyor var ki, bütün göstəriciləri rola tam uyğun gəlir, ancaq rejissora ad günündə bahalı hədiyyə almayıb deyə, ona rol verilmir, yaxud hansısa xanım aktrisa baş rejissorun üzünə gülümsəməyibsə, o da baş rol oynamaqdan məhrum olunur. Teatrlarda aktrisalar var ki, onlar bir-birilə rəqabət aparır. Biri baş rol oynadısa, o biri də bütün əlaqələrindən, imkanlarından istifadə edib başqa tamaşada baş rol almağa nail olur, yaxud o rolu həmkarının əlindən alır. Belə hallar da çoxdur. Məsələn, bir neçə il əvvəl aktyorların birinə 20 ildən artıq idi ki, tamaşalarda rol verilmirdi, o yazıq ölənə qədər rol ala bilmədi. Təəssüf ki, bunlar hamısı bizlərin gözləri qarşısında baş verir.
Bu da yenə teatrların direktorlarına, baş rejissorlara bağlı məsələdir. Bir məqamı da deyim ki, bu hallarla yanaşı, layiq olduğu baş rolu oynayan sənətkarlar da var, ancaq onların sayı çox azdır”.
Teatrlarda rol bölgüsünün açıq və gizlin tərəfləri ilə bağlı çoxsaylı fakt əldə etmişik və bu istiqamətdə araşdırmalarımızı davam etdiririk. Növbəti saylarımızda mövzuya qayıdaraq, rol bölgüsü zamanı ədalətsizliklə üzləşən sənətkarlarımızın fikirləri ilə sizi tanış edəcəyik. (Bakı-Xəbər)

İradə SARIYEVA

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …