Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / “Tatu – mazoxistlər onun ağrısını təkrar-təkrar istəyirlər” – FOTOLAR

“Tatu – mazoxistlər onun ağrısını təkrar-təkrar istəyirlər” – FOTOLAR

Döymə, əsl adı ilə desək, tattoo (tatu)… Gənclərimizin böyük hissəsi bədənlərinə döymə etdirməyi sevirlər. Bəziləri bunu göstəriş üçün edir, bəziləri də hansısa şəxsi və ya anı əbədi olaraq bədənlərinə həkk etmək üçün… Lakin bəzi gənclərimiz tatu haqda heç nə bilmirlər. Buna baxmayaraq, tələsib, bədənlərinə qeyri-peşəkar şəxslər vasitəsilə döymə vurdururlar. Bu da əksər hallarda fəsadlar yaradır. 
Bunu nəzərə alaraq, musavat.com saytının əməkdaşı tatu haqda kiçik araşdırma aparıb, və işin əsl peşəkarı ilə söhbətləşib.
İlk olaraq, tatu haqda kiçik bilgi – Tattoo, tatuaj, tatu, döymə… Hindlilər, yaponlar, amerikalılar və Afrikadakı bəzi qəbilələr döymədən bəzək olaraq, istifadə etsələr də, bir çox yerlərdə tatu xəstəliklərə və pis ruhlara qarşı qoruyucu bir tilsim olaraq tətbiq edilib. Hətta bəzi qaynaqlarda deyilir ki, bədənlərə vurulan döymələr əsrlər öncə şəxsiyyəti, həmin şəxsin kimliyini, hansı qəbiləyə aid olmasını və vəzifəsini bildirirmiş. Qədim dövrlərdə qullara qul olduqlarını sübut edən damğa qoyurdular. Bu da tatunun bir növüdür.
Tatu etmə ənənəsi xeyli qədimdir. Bizim eramızdan əvvəl 2000-ci illərdə qədim Misirdə, Qalliyalılarda, Britonlarda, Traklarda döymənin mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda və Romada tatu barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcburi sayılırdı. O zamanlarda xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürürdülər.
“Tattoo” sözü Tahiti dilindəki “tautau” sözündən alıb. Tatu 20-ci əsrin əvvəllərindən sonra xüsusilə də dənizçilər arasında məşhurluq qazandı. Romantik duyğuları, vətənpərvərliyi, ya da dindarlığı ifadə etmək məqsədi ilə döymə geniş şəkildə istifadə edilir.
Dövlət qulluğunda olan şəxslər üçün tatu etdirmək çətindir. Çünki bir çox ölkələrdə, həmçinin Azərbaycanda əsasən hərbi qulluqda olan şəxslərə tatu etdirmək qadağan olunub. ABŞ Hərbi Hava Qüvvələrinin və Dəniz Piyadalarının nizamnamələrinə görə hərbiçilərin tatuirovkası bədənlərinin dördə birindən artıq ola bilməz. Əks halda hərbiçilər öz hesablarına tatuirovkanı pozdurmalıdırlar.
Ölkəmizdə də bu sənət geniş formada yayılıb. Lakin hər kəs bu işin ustası deyil. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bədənin hər yerinə tatu etdirmək olmaz. Üstəlik, bu işdə gigiyena da çox önəmlidir.
Müsahibim tatu üzrə peşəkarlaşmış, bu sahədə ölkəmizdə yeganə təhsil almış şəxs olan Tuncay Hasanoğlu öz işinin incəliklərindən bəhs edir: “Mən bu işə 2005-ci ildən başlamışam. 1 il Hollandiyada tatu üzrə təhsil almışam. Bundan sonra isə beynəlxalq sertifikat almışam. Azərbaycanda yeganə sertifikatı olan tatu ustasıyam. Ona görə də, bu barədə rahatlıqla danışa bilərəm. Avropada bu işə sənət kimi yanaşırlar. Orada tatu vurduranların 90 faizinin nəsə bir hekayəsi var. Necə gəldi, sadəcə döymə etdirmək üçün tatu etdirmirlər.
İnsanların Günəşə, Aya, suya sitayiş etdikləri dövrlərdə tatu şəxsiyyət vəsiqəsi kimi olub. Bir qəbilə digər qəbilənin şamanının tilsimindən qorunmaq üçün bədənlərinə döymə etdiriblər. Beləliklə də hər qəbilənin öz tatusu olub.
Azərbaycanda isə vəziyyət bir az başqadır. Bizdə də tatuya tələbat çoxdur. Sadəcə, bizim camaat qiymət baxımından çəkinir. Düşünmürlər ki, tatu adi qələmlə edilən bir şey deyil. Bunun üçün xüsusi iynələrdən, boyalardan istifadə edilir. Hansı ki, onları xaricdən gətirdirəm. Bundan əlavə, insanların 90 faizi tatunu nə üçün etdirdiklərini bilmirlər. Məqsədləri sadəcə kiməsə, “Mənim də tatum var” deməkdir. Təbii ki, mən bu tipli müştəriləri qəbul etmirəm. Çünki tatu istəyən şəxs ən azından istədiyi tatunun gərək mənasını bilsin. Son zamanlar vəziyyət bir az dəyişib. Tatu etdirməyə gələnlərin böyük hissəsi özü ilə eskiz gətirir. Bu, o deməkdir ki, həmin şəxs nə istədiyini bilir”.
– Tatu üçün yaş məhdudiyyəti varmı?
– Var… 18 yaşdan aşağı olan gənclərə tatu etmirəm. Çünki yaş az olanda qərarsızlıq olur. Onun psixologiyası tam formalaşmayıb. Məsələn, bir dəfə yaşı 18-dən az olan bir gənc tatu istədi. Nə qədər razı olmasam da, çox xahiş etdiyi üçün razılaşdım. Ürəyinin üstündə boş ürək tatusu etdirdi. İndi o gənc 2-ci kursda oxuyur. Bu yaxınlarda gəldi və o tatunun üzərindən başqa bir tatu etməyimi xahiş etdi. Yəni, yaşdan çox şey asılıdır. Mənim 70 yaşlı bir müştərim də olub.
– Müraciət edənlər arasında çoxluğu qızlar təşkil edir, yoxsa oğlanlar..? 
– 60 faiz qızlardı, 40 faiz oğlanlar… Qızların tək problemi valideynlərin icazə verməməsidir. Oğlanlarda isə problem dövlət işində və hərbidə çalışanlarda olur. Buna görə də, qız müştərilər daha çoxdur. Xanımlar tatunu görünməyəcək yerlərə vurdururlar. Oğlanlarda isə bu, tam tərsidir. Onlar mümkün qədər görünən yerə tatu etdirmək istəyirlər.
– Tatularda nə kimi fərqlər olur? 
– Qızların istədikləri tatular daha maraqlı olur. Onlar çox vaxt eskiz çəkib, gəlirlər. Xanımlar üçün o döymənin bir mənası olur. Tatu edərkən, söhbət də edirik. Bu zaman həm mənim işim maraqlı olur, onların hekayələrini dinləyirəm, həm də müştəri döymə edən zaman cüzi ağrını yaddan çıxarır.
– Tatu sildirməyə gələnlər də olurmu? Çünki elə adamlar olur ki, münasibətdə olduqları şəxslərin adlarını bədənlərinə yazdırırlar. Sonra isə münasibət pozulur və o adı sildirmək istəyirlər…
– Olur… Amma mən silmirəm. Tatunun formasını dəyişib, üzərində çalışıb, başqa şəkilə salıram. Sırf sildirmək istəyənləri isə başqa şəxslərə yönləndirirəm. Məncə tatu sildirmək yaxşı bir şey deyil. Çünki tatu bir xatirədir. Xatirələri silmək olmaz.
Yox, buna baxmayaraq, döyməni sildirmək istəyənlər olursa, silmək mümkündür. Təbii ki, əgər, o döymə peşəkar şəxs tərəfindən edilibsə… Bəzən döymələri əsgərlikdə, hərbidə edirlər. Onlar da həm ziyanlıdır, həm də silinməsi çətindir. Peşəkar görülən işləri silmək olur. Heç bir izi qalmır. Digər formalarda edilən tatuları isə silən zaman dəridə iz qalır. Belə tatular insan üçün çox zərərlidir. Xəstəliklər də yarada bilər. Bizim istifadə etdiyimiz rənglərin tərkibində süni boya yoxdur. Təbii bitkilərdən əldə edilən rənglərdir. Ona görə də, insana heç bir ziyanı olmur. Hər kəsə məsləhət görürəm ki, boya seçimində keyfiyyətli məhsullardan istifadə etsinlər.
– Kimlərə tatu etmirsən?
– İçkili, narkotik maddələrin təsiri altında olanlara tatu vurmuram. Hamilə, xüsusi xəstəliyi olan şəxslərə, işimə hörmət etməyənlərə tatu etmirəm. “Oğru aləmi”nə aid tatular istəyənləri də qəbul etmirəm. Mənim müştərilərimi özüm seçmə hüququm var. Hamilə qadınlara tatu etmirəm, çünki ağrılar az da olsa, onda sancılar yarada bilər. Narkotik təsiri altında olanlara tatu etmirəm, çünki o anda onun şüuru yerində olmur. Nə etdiyinin fərqində deyil. İçkili olanlarda isə qan daha tez dövr edir. İş görən zaman qan daha çox çıxır. Bu da problem yarada bilər. Xərçəng, şəkər kimi xəstəliyi olanlara tatu etmirəm. Bir şərtlə onlara döymə edərəm ki, həkimindən yazılı kağız gətirsin.
– Tatu üçün iynələr və boyalar lazımdır. Bunları necə əldə edirsən?
– Bakıda bunları tapa bilirəm. Lakin çox bahadır. Xaricdən sifariş vermək daha ucuza başa gəlir. Əvvəllər müştərilərimə minimal qiymət olaraq, 30 manat deyirdim. Amma artıq məcburam ki, indi bu qiyməti 50 manat edim. Çünki manat 2-ci dəfə devalvasiya oldu. Ləvazimatlar xaricdən dollarla alınır. Qiymət istər-istəməz artır. Mən pulgir adam deyiləm. “Damara baxıb, qan alıram”. Maksimum çalışıram ki, qiyməti az deyim. Çünki istəyim budur ki, bu sənət yayılsın. Azərbaycanda tatuya layiqli qiymət verilsin.
– İnsan bədəninin hər yerinə tatu etmək olarmı?
– Bədənin hər yerinə tatu etmək olmaz. Düzdür, edənlər var. Amma bu, düzgün deyil. Misal üçün üzə, dirsəklərə, qulağın arxasına, diz qapaqlarının, qolun və ayağın bükülən hissələrinə döymə vurdurmaq olmaz. Çünki damara, sümüyə toxunma problemi ola bilər və bu, təhlükəlidir. Amma elə adamlar olur ki, israrla bədənlərinin təhlükəli, ağrıların bol olacağı yerlərinə tatu etdirmək istəyirlər. Ağrıya dözürlər. Hətta ağrını sevirlər. Tatu elə bir şeydir ki, mazaxistlər, yəni ağrını sevənlər bu ağrını təkrar-təkrar istəyirlər. Amma tatunun ciddi bir ağrısı olmur. Bir neçə dəqiqədən sonra ağrı hiss edilmir.
Bir nüansa da toxunmaq istəyirəm. İnsan inanan zaman tatunun gücünü hiss edə bilir. Bəzən elə olub ki, tatunun ona güc verdiyini düşünüb və elə də olub. Bu, həm inancdır, həm də psixoloji bir şeydir.





















Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın