Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Tarixçi alim Xətaini “xristian” adlandıran professoru debata çağırdı — QALMAQAL

Tarixçi alim Xətaini “xristian” adlandıran professoru debata çağırdı — QALMAQAL

Bütöv Azərbaycan Ocaqlarının ideologiya üzrə başqan müavini, tarixçi alim Dilavər Əzimli azərbaycançılıqla bağlı bir neçə kitabın müəllifi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadənin Şah İsmayıl Xətai ilə bağlı qalmaqallı müsahibəsinə münasibət bildirib.

D.Əzimli Ölkə.Az-a müsahibəsində deyib ki, Azərbaycanda son zamanlar “beşinci kolon” yenidən aktivləşib.

Onun sözlərinə görə, bunlar zaman-zaman öz məqsədlərini həyata keçirmək üçün xüsusi taktiki xətt həyata keçirirlər:

“Bütün bunlar isə bir mənbədən qaynaqlanır. Mültikulturalizm və digər layihələrlə məqsədlərinə çata bilməyənlər indi birbaşa millətçiliyə qarşı gedirlər. Türkçülüyün üzərinə yeriyən bu insanlar Azərbaycan ictimaiyyətinə bəlli və o qədər də sevilməyən insanlardır. “Beşinci kolon” bu mənada onları pis seçməyib. Bu adamlar verdikləri müsahibələrdə xalqın milli hisslərinin üzərinə getməklə onları zaman-zaman yoxlayırlar. Görəndə ki, hələ milli hisslər ölməyib və onlara qarşı alternativ hücumlar baş verir, ya susurlar, ya da ki, geri çəkilirlər, yəni sözlərini geri götürürlər. Amma bu o demək deyildir ki, susacaqlar. Son bir ay ərzində üç nəfər bu istiqamətdə öz fəaliyyətini göstərdi: Zərdüşt Əlizadə, Araz Əlizadə və Arif Rəhimzadə. Arif Rəhimzadə daha da irəli getdi və Türkçülüyə birbaşa zərbə endirmək istədi. Amma öz deputat həmkarlarının da müqavimətini görüb sözünü dəyişdi. Əvvəlkilərdən fərqli olaraq Arif Rəhimzadənin müsahibəsinə elmi və siyasi sahədə cavab verənlər çox oldu. Bu cavab verənlərin əksəriyyəti dolayısı yolla onu müdafiə etdi və bildirdilər ki, bu adam pis adam deyildir və yəqin ki, bilmədən edibdir”.

Tarixçi alim qeyd edib ki, milli məsələdə güzəşt olmur:

“Güzəşt razılaşmaq kimidir. Bu məsələyə münasibət bildirən filologiya elmləri doktoru, peofessor Nizammədin Şəmsizadənin müsahibəsi diqqətimi daha çox cəlb etdi. İnsafən bir sıra məsələlərə yerində və yaxşı cavab veribdir. Amma razılaşmadığım onun türkçülük məsələsində son dərəcə ehtiyatlı davranması məsələsidir. Nizaməddin müəllim daha çox azərbaycançılığı önə çəkir və hətta Məhəmməd Əmin Rəsulzadəyə də söykənir. Amma Nizaməddin müəllim unudur ki, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Cümhuriyyətinin Ana Yasasında milli mənsubiyyət yerinə Türk yazılmışdı və Türk adı 1920-ci ilə qədər deyil, 1937-cu ilə qədər pasportlarda qalırdı. “Türkün türkdən başqa dostu yoxdur” şüarına münasibət bildirən Nizaməddin Şəmsizadə yazır: “Azərbaycanda talış, tat, ləzgi, kürd və digər etnik qruplar var. Ona görə də “Türkün Türkdən başqa dostu yoxdur” şüarı Azərbaycanda ötən əsrin 90-cı illərində detonator rolunu oynadı”. Hansı detenator, Nizaməddin müəllim? Bəlkə Ələkrəm Hümbətovun rəhbərliyi altında, yaxud “SADVAL”-ın təşkilatçılığı ilə, Dağlıq Qarabağda ermənilərin separatizmini bu şüar hazırladı? Bəs Moskva, Qərb, ABŞ, İran hara getdi? Cənab Şəmsizadə siz bu şüardan qorxamayın! Bizdə talış, tat, ləzgi, kürd və digər etnik qruplar həmişə türklərlə mehriban və dost yaşayıblar, əksinə onların içərisindən çıxanlar daha çox türkçülüyə xidmət ediblər. Biz Türk deyəndə onları da nəzərdə tuturuq. Biz bir ağacın meyvələriyik”.

D.Əzimli Nizaməddin Şəmsizadəni Əbülfəz Elçibəyin türklərlə bağlı mqəalələrini oxumağa çağırıb:

“Sizə məsləhət görərdim ki, Əbülfəz Elçibəyin Türk kimliyi haqqında məqalələrini oxuyun. Bunun əvəzinə onu ifratçılıqda günahlandırırsınız. Yazırsınız: “Rəhmətlik Əbülfəz Elçibəy çox ağıllı və milli düşüncəli adam olsa da, bəzən ifrat millətçilik siyasəti yürüdürdü. Əbülfəz Elçibəy deyirdi ki, mən Çinə türk bayrağını sancacağam. Əbülfəz Elçibəy İrana qarşı da ifrat siyasət yürüdürdü. Bu isə doğru addımlar deyildi və ifrat millətçilik idi. Yaxşı düşünülməmiş siyasət hər zaman məğlubiyyət gətirir”. Nizaməddin müəllim Əbülfəz Elçibəy haqqında yayılan qeyri-dəqiq fikirləri gündəmə gətirir. Siz deyə bilərsinizmi, Əbülfəz Elçibəy nə zaman deyirdi ki, mən Çinə Türk bayrağını sancacağam? Sizə xatırladım ki, Əbülfəz Elçibəy uyğurları müdafiə edirdi. O zaman da, indi də Çində uyğurlara qarşı genosid siyasəti həyata keçirirlər. Neyləməliydi, susmalıydı? Yaxud yazırsınız ki, İrana qarşı ifrat siyasət yürüdürdü. Nizaməddin müəllim, bəlkə İranın qarşısında əyilməliydi?”

Tarixçi alim söyləyib ki, İran bir manyak dövlətdir:

“Din pərdəsi altında gizlənən fars rejimi sənin millətini məhv edir. İndi nə əcəb bir ziyalı kimi dinmirsiniz? Orada gündə bir həmvətənimizi asırlar. Bilirsiniz nə üstə? Məkəblərdə doğma türk dilində dərs keçmək tələbi üstündə. Nizaməddin müəllim, İranda azərbaycanlı fəallar 45, 62 gün aclıq etdilər. O zaman nə siz, nə bir digər bir sizin kimi ziyalı səsini çıxarmadı. Bütöv Azərbaycan Ocaqları onları müdafiə etmək üçün mətbuat konfransı keçirdi. Nə əcəb gəlmədiniz? Elçibəyin addımını doğru saymırsınız. Elə buna görə də bu gündəyik. Torpaqlarımız işğal olunub, əlimizdən dilimiz alınıb, hələ buna görə də Elçibəyi qınayırsınız. Yazıqlar olsun! Yazırsınız: “Biz türkçülüyün azərbaycançılıq formatını qəbul etmişik. Onun üçün də dilimiz Azərbaycan dili oldu”. Türkçülüyün də azərbaycançılıq formatı olar? Kitabların üstündə Azərbaycan dili yazmaq bu millətə təhqirdir. Nizaməddin müəllim mənim çoxlu sayda etnik dostlarım vardır. Onlar deyirlər ki, kitabın üstündə Azərbaycan dili yazılsa da bu Türk dilidir. Biz Türk dilini öyrənirik. Gəlin elə öz adını yazaq da… Biz Talış dilinin, Tat dilinin və sairə dilinin öyrənilməsinin tərəfdarıyıq. Amma çoxluğun dili Türk dilidir. Azərbaycançlıq bir coğrafiya əhatəsində yaşayan bütün xalqları birləşdir. Lakin azərbaycançılıq bizim üçün ideologiya ola bilməz. Bizim ideologiya türkçülükdür və bu biz yalnız bununla Turana gedə bilərik. Bunun sübuta ehtiyac yoxdur. Məhəmməd Əmin Rəsulzadə də bunu ortaya qoyurdu. Onu təhrif etməyin. Onun vaxtında dərsliklərin üzərində Türk dili yazılırdı”.

D.Əzimli bildirib ki, Nizaməddin Şəmsizadə tarixə toxunanda ciddi səhvlərə yol verib:

“Xüsusilə Şah İsmayıl barədə gül vurub. Görün nə yazır: “Dünyanın 94 faiz müsəlmanı sünnidir, cəmi 6 faizi şiədir. Çox təəssüf ki, bu gün şiəliyi qabartmaq tendensiyası mövcuddur. Əslində, şiəliyi Şah İsmayıl Xətai şişirtməyə başlayıb. Tarixdə inqilab yaratmaq üçün şiəlikdən iki lider istifadə edib. Bunlardan biri Şah İsmayıl Xətaidir, digəri isə Ruhullah Xomeynidir. Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi. O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı. Şah İsmayılın nənəsi olan Uzun Həsənin arvadı Aləmşah bəyim Trabzon imperatoru Komnenoslardan IV İohannın qızı Dəspinə xatun idi. Dəspinə xatun yunan xristianı olub”. Adama qəribə gəlir ki, bunu elmlər doktoru deyir. Bu adam dünyanın sünni-şiə faizini hansı statistikaya əsasən hesablıyıb? Bu adam hələ də Avropa, Rusiya, İran tarixşünaslığının xəttini müdafiə edir. İstər Azərbaycan, istərsə də Türkiyədə nəşr olunan yeni nəşrlərdən xəbəri yoxdur. Nizaməddin müəllim mən sizi bu məsələdə debata çağırıram. Əgər siz mənə Şah İsmayılın bir şiə olduğunu sübut etsəniz, mən də öz diplomumdan imtina edərəm. Siz orta əsrlər şiəliyi ilə indiki fars şiəliyini qarışdırırsınız. Sizə yüzlərlə Avropa ədəbiyyatı göstərərəm ki, orada orta əsrlər şiəliyinin indiki şiəlik ilə eyni olmadığını vurğulayırlar. Heç olmasa İren Melikoffu oxuyun da! Siz Şah Xətaini Ruhulla Xomeyniyə oxşatmısınız. Düzü, sizin alimliyinizə belə şübhə etdim. Yuxarıda yazırsınız ki, Şah İsamyılı Azərbaycanın üçüncü böyük imperiyasınıı yaradıb. Sonra da onu Ruhulla Xomeyniyə oxşadırsınız. Sizin mövqeyiniz indiki İran tarixçilərinin və anti-Şah İsamyılçıların mövqeyi ilə üst-üstə düşür. Heç olmasa Ramiz Mehdiyevin kitablarını oxuyun da! Nizaməddin bəy Şah İsmayıl Sultan Heydərin oğlu idi. Anası da Aləmşahbaəyim idi. Bir də kişi atasına çəkər. Şah İsmayıl bir Türk idi və özü də bunu həmişə təkrar edibdir. O, Sultan Cüneydin və Sultan Heydərin edə bilmədiklərini başa çatdırıb, Azərbaycan Türk dövlətini yaratdı. Şah İsamyılın anası Aləmşahbəyim kiçik yaşlarından anasından ayrılmışdı və bir Türk balası kimi böyümüşdü. O, Böyük Türk Həsən bəy Bayandurinin qızı idi. Qurani-kərimi əzbər bilirdi”.

Tarixçi alim deyib ki, Şah İsmayıl Xətainin qanında atasının qanı axırdı:

“Ona görə də Azərbaycan dövlətinin yaranmasında oğluna çöx böyük xidmət göstərmişdi. Aləmşahbəyimin anası yunan qızı idi. Amma Avropaya xalası oğlu Katereino Zeno vasitəsilə casusluq etdiyi üçün Həsən bəy Bayanduri tərəfindən cəzalandırılmış, başı qırxılaraq, eşşəyə mindirilmiş və Trabzona yola salınmışdı. Odur ki, Nizaməddin müəllim, gəlin tarixi məsələlərə girişməyin. Çünki səhvlərə yol verirsiniz. Səmimi deyim ki, bu sizin imicinizə böyük ziyan vurur”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın