Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Tarık Ediz” mağazasından narazı qalan müştəri DİN başçısına müraciət etdi

“Tarık Ediz” mağazasından narazı qalan müştəri DİN başçısına müraciət etdi

İyunun 15-də Qafqaznews.az saytında ““Tarık Ediz” mağazası şikayət edən müştərini necə cəzalandırdı?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, “Tarık Ediz” mağazasının sahibləri onlardan min manata paltar alan, sonradan ləkə aşkarlandığına görə geri qaytaran vətəndaşa nə pulu, nə də paltarı geri verməkdən imtina edirlər. Həmin vətəndaş Sevinc Oqtay qızı Hacıyeva Azərbaycanın daxili işlər naziri, polis general-polkovniki Ramil Usubova müraciət edib. Həmin müraciətin mətnini qafqaznews.az oxucularına təqdim edirik:

“Əvvəla, qarşıdan gələn DİN işçilərinin peşə bayramı münasibəti ilə Sizi təbrik edirəm! Siz hər zaman hüquqları pozulan və özbaşınalığa məruz qalan vətəndaşların yanında olmuş, qanunu pozanların cəzalandırılması üçün hər zaman diqqət və həssaslıq göstərmisiniz. Ölkəmizdə ictimai asayişin bərqərar olunmasında, qanunlara hörmət prinsipinin cəmiyyətdə üstünlük qazanmasında Sizin və rəhbərlik etdiyiniz DİN-in rolu danılmazdır. Lakin təəssüflər olsun ki, bəzi işbazlar qanunlara məhəl qoymadan, istehlakçı hüquqlarını tapdalayır və onlardan şikayət edən vətəndaşlara qarşı qisasçı yanaşma nümayiş etdirirlər.

Möhtərəm Ramil Usubov! Bir neçə ay öncə – 2015-ci ilin sentyabr ayında qızımın nişan mərasiminə hazırlıq məqsədi ilə, “Tarık Ediz” mağazasına baş çəkərək, ordan 1000 manat dəyərində xüsusi paltar götürdüm. Sonra dərziyə gedib paltarı bədən quruluşuna uyğunlaşdırmaq istədik. Dərzinin atelyesi mağazanın yaxınlığında idi. Paltara baxan dərzi Ramin Ələkbərov ləkə müəyyən edərək mənə bildirdi. Bu ləkəni mağazada görməmişdim. Mən paltarı götürərək mağazaya qayıtdım. Və tələb etdim ki, ya təzəsini verin, ya da pulumu qaytarın. Ancaq satıcılar mənim tələbimi yerinə yetirmədilər. Onlar bildirdi ki, biz ancaq paltarı təmizləməyə göndərə bilərik. Mən onlardan soruşdum ki, korlanmış-zay paltar mənim nəyimə lazımdır?

Onlar isə əlavə şərh verməkdən imtina etdilər. Cənab Nazir! Mən məsələ ilə bağlı Nəsimi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevə müraciət etdim. Lakin Nəsimi RPİ-də mənim şikayətimə hüquqi qiymət verilmədi. Belə olduğu halda, mən mətbuata müraciət edərək, Qafqaz Xəbər Agentliyinin əməkdaşlarından məsələni işıqlandırmağı xahiş etdim. Bu isə “Tarık Ediz” mağazasının rəhbərliyini qəzəbləndirdi. Hətta agentlik əməkdaşı mənim adımdan “Sevinc xanım gəlib paltarı götürə bilərmi?” deyə soruşduqda, “Tarık Ediz” mağazasının müdiri Aynur xanım (həyat yoldaşı Ramin mağazanın sahibidir) belə cavab verib ki, o nə paltarı geri ala biləcək, nə də pulunu. Söhbət əsnasında, Aynur xanım bu yanaşmasını mənim mətbuata şikayət etməyimlə əlaqələndirib. Bir sözlə, mağaza sahibləri məndən qisas alırlar. Bu söhbətin səs yazısı Qafqaznews.az saytında da yayımlanıb. “Tarık Ediz” təmsilçiləri nəinki istehlakçı hüquqlarını pozurlar, həm də vətəndaşın pulunu mənimsəyərək, dələduzluğa əl atırlar.

Hörmətli DİN başçısı! Mən inanıram ki, qanunların aliliyinin təmin olunduğu və tərəfinizdən qorunduğu bir zamanda, müştərilərlə, istehlakçılarla bu cür kobud davranan, qisasçı yanaşma nümayiş etdirən bu insanlar cəzasız qalmayacaq. Sizdən xahiş edirəm ki, məsələnin obyektiv araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verərək, hüquqlarımın müdafiəsində mənə yardımçı olasınız.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın