Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Tarık Akanın 10 ən yaxşı filmi – SİYAHI

Tarık Akanın 10 ən yaxşı filmi – SİYAHI

Dünən 67 yaşında dünyasını dəyişən türk kinosunun əfsanəsi Tarık Akanın ölümü türk dünyası, Türkiyə üçün həqiqətən də əsl sənət incisinin itkisidir. Şöhrətinin pik nöqtəsində əsl sənətin naminə hər şeyi qurban verən, hətta milyonların sevimlisi olmasına baxmayaraq taksi sürücülüyü edən Tarık Akan Türkiyə sənət tarixində əsl mərhələ idi.
Moderator.az saytının kollektivi Tarık Akanın çəkildiyi 10 ən yaxşı filmin siyahısını hazırlayıb. Siyahı nisbi xarakter daşısa da, tərtibat və sıralama zamanı bu filmlərin və orada çəkilən aktyorun uğurları, filmin öz çəkisi əsas götürülüb:
10. “Ah nerede” (1975)
Tarık Akanın Müjdə Arla tərəf müqabili olduğu bu film aktyorun “Yaşılcam”dakı sonuncu varlı oğlu, şorgöz gənc rollarından biridir. “Yaşılcam” təəssüf ki, Tarık Akanı ən çox bu cür bəsit romantik- komediya filmlərində sınayırdı. T. Akanın “Yaşlcam”la vida “xütbə”lərindən biri olan film böyük uğur qazandı. Türk romantik- komediya janrının o dövrlər üçün ən çox baxılan filmi oldu.
9.”Hababam sinifi”(1970)
Ərtəm Əyilməzin 1970-ci ildə çəkdiyi bu film Türkiyə kinosu tarixində həqiqətən də bir partlayış oldu. Bu səbəbdən filmin daha beş hissəsi də çəkildi. Bunların ikisində çəkilən Tarık Akan məşhur “Damad Fərid” obrazını canlandırdı. Ə. Əyilmez sonradan Tarık Akanı bu cür rollarda-məsuliyyətsiz, ərköyün varlı övladı rollarında çox sınadı. Amma sonradan ciddi kinoya can atan T.Akanın bu yolda ilk böyük düşməni elə Əyilməz oldu.
8.”Mavi boncuk” (1974)
“Yaşılcam” korparasiyasına daxil olan “Arzu”filmin çəkdiyi “Mavi boncuk” o zaman üçün əsl partlayış idi. Kinoteatrlar bu filmin sayəsində aşıb-daşırdı. Doğrudu, Ertem Eğilmezin çəkdiyi başqa ekran nümunələri kimi bu film də məzmunca bəsit və banal xarakterli idi. Filmin ideyası köhnədən də köhnə olsa da, çox güclü aktyor heyəti- Münir Özkul, Adilə Naşit, Əməl Sayın, Tarık Akan, Mətin Akpınar, Kamal Sunal, Zəki Alasya, Xalid Akçatəpə “Mavi boncuk”u rezonans yaradan filmlər cərgəsində daxil etdilər.
7-“Su da yanar” (1987)
Bu film yuxarıda adını çəkdiyimiz üç filmdən əsaslı surətdə fərqlənir. Buradakı Tarık Akan həyatının ikinci- sənət üçün olan mərhələsini yaşayır. Xalqın ağrılarını sənət müstəvisində göstərməyi qarşısına məqsəd qoyub. “Su da yanar” tarixi-siyasi filmdir. Böyük şair Nazim Hikmət haqqında film çəkmək istəyən bir rejissorun sərgüzəştlərindən bəhs edir. Baş rolda isə təbii ki, Tarık Akandır.
6-“Dəli dəli olma” (2009)
2009-cü ildə lentə alınan film Tarın Akanın aktyor kimi son işlərindəndir. Burada da baş rolu böyük aktyor canlandırır. Filmdə Şərqi Anadoluya sürgün edilən malakanların ağır həyatından bəhs edilir. Moderator.az kollektivi həm bu, həm də aşağıdakı filmlərin izlənilməsini tövsiyyə edir.
5-“Vizontele- tuuba” (2004)
Tarık Akan rejissor Yılmaz Erdoğanın bu filmində kitabxanasız qəsəbəyə kitabxana müdiri təyin edilir. Təsəvvür edin, ştat var, amma həmin ştatın icra olunması gərəkən kitabxana yoxdur. Tarık Akanın iradəsi hesabına kənddə kitabxana tikdirməsi, onun həyatına, sənət üçün gördüyü işlərə də bir işarədir. O, da sənətin “kitabxanası”nı tikməyə çalışırdı. Və bunu bacardı da…
4-“Canım Kardeşim”-1973
Bu film Tarık Akanın aktyor kimi bir çox bacarığını ortaya qoydu. Artıq kino şirkətləri Tarık Akan haqqında başqa rollar, ideyalar düşünməyə başladılar. Amma artıq gec idi. Elə bu filmin oyatdığı Tarık Akan cəmi iki ildən sonra banal kinodan gedəcəkdi. Qəribə və ağrılı melanxoliyası olan filmdə Tarık Akan və Xalid Akçatəpə, həmçinin kiçik qardaş Qəhrəman Kral əsl istedad nümayiş etdiriblər. İki sərsəri gənc ölüm ayağında olan balaca Qəhrəmanın kiçik istəkləri üçün istəmədən, xəbərləri belə olmadan müdriklik çağına qədəm qoyurlar.
3-“Mədən” – 1978
Bu film Tarık Akanın şöhrəti sənətə qurban verdiyi, nəinki Türkiyə, eləcə də dünya kinosu üçün nümunə sayılacaq xidmətlərinin aid olduğu bir mərhələnin başlanğıcıdı. Onu çox incitsələr də, əzablara qatlaşsa da, 1978-ci ildə bu filmlə əsl sənətə gəldi və insanlar onu artıq ərköyün varlı övladı kimi yox, sənətin və xalqın fədaisi kimi qəbul etdilər. Cüneyt Arkınla birgə çəkildiyi bu film Türkiyə kinosunun ən çox rezonans yaradan ekran əsərlərindəndir.
 
2-“Sürü”- 1978
Tarık Akanın çəkildiyi şedevr ekran əsərlərindən biri məhz bu filmdir. Böyük rejissor Yılmaz Güney həbsdə olarkən filmin ssenarisini yazır. Kütlənin əsrlər boyu aşa bilmədiyi naqisliklər və buna qarşı döyüşən insanın faciəsi “Sürü”nün əsas ideyasıdır. Dünya kinosu ilə tam əminliklə ayaqlaşa bilən bu filmdəki siyasi-ictimai replikalar da “Sürü”yə əlavə rəng qatır.
1-“Yol”-1981
Bu film haqqında danışmağa və artıq söz deməyə ehtiyac yoxdu. 1982-ci ildə Kann Kinofestivalının qalibi olan “Yol” Türkiyə kino və incəsənəti tarixində əsl inqilabdır. Film dünya kinosunun inciləri sırasındadır. Yılmaz Güneyin həbsdə ola-ola çəkdiyi film rejissora dünya şöhrəti qazandırır. Tarık Akanın canlandırdığı Seyid Əli obrazı naqisliklərə, əsrlər boyu formalaşan kütlə cahilliyinə qarşı ölümlü bir yola çıxır. Burada yol özü-özülüyündə güclü bir simvoldur.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın