Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Tanınmış şairdən müharibə çağırışı: “Bir rəsmi himə bəndik”

Tanınmış şairdən müharibə çağırışı: “Bir rəsmi himə bəndik”

Artıq bir neçə gündür ki, Qarabağda gedən döyüşlər, bəzi yüksəklikləri əldə etməyimiz və düşmənə ağır zərbələr vurmağımız ölkədə əsl müharibə əhval-ruhiyyəsi yaradıb.

Ölkənin müxtəlif bölgələrindən cəbhəyə doğru kütləvi axın başlayıb, insanlarımız döyüşmək, əsgərlərimizə əlindən gələn yardım göstərməyə özlərini hazır hiss etdiyini bildirirlər.

Bəs tanınmış şair və yazıçılarımız da özlərini döyüşə hazır hiss edir? Ümumiyyətlə, belə bir şəraitdə qələm aadamlarımız vətən boclarını hansı şəkildə ödəməyi düşünür?

Bununla bağlı AzNews.az-ın suallarını tanınmış şair Salam Sarvan cavablandırır:

– Salam müəllim, sosial şəbəkədə yazmısınız ki, müharibə şəraitində Vətən pafosunun böyük effekti var. Hətta kimsə Azərbaycan bayrağına görüntü naminə bükülürsə, bunun da əhəmiyyəti var. Torpağı işğalda olan cəmiyyətdə müharibə romantikası mütləq olmalıdır…
– Elə düşünürəm…

– Bəs müharibə romantikası nə deməkdir? Söhbət romantikadan, görüntü naminə bayrağa bükülməkdən, yəni söhbət aldanışdan gedirsə, bunları doğrudanmı lazımlı hesab edirsiniz? Və nəyə lazım?
– Söhbət, əlbəttə ki, müharibə şəraitində Vətən pafosunun effektindən gedir. Bunu dünyadakı müharibələrin təcrübəsindən bizə gəlib çatan bilgilər deyir. Əvvəla bayrağa bükülmə hallarının hamısı görüntü naminə deyil. Amma hətta belə hallar varsa da, müharibə ovqatının xeyrinədir. Yəni fakt odur ki, “qeyri-səmimi” yanaşmanın özü də müharibə romantikasına səmimi rənglər qatır. Müharibə romantikası olmadan isə müharibə olmur.

– Sadə insanlar cəbhədə baş verənlərlə bağlı sosial şəbəkələrdə öz fikirlərini ardıcıl şəkildə yazırlar. Müharibə istəyənlər də var, istəməyənlər də… Sizin müharibə istəyənlərə, istəməyənlərə və onların gətirdiyi əsaslara münasibətiniz necədi?
– İnsan haqlarına dair dünyada qəbul olunmuş yazılan və yazılmayan qaydalar var. O haqlardan biri də insan olaraq öz bütövlüyünü qorumaqdır. İndiki reallıq elə qurulub ki, sənin bütövlüyün yaşadığın vətənin ərazi bütövlüyünə çox bağlıdı: həm məntiqi olaraq, həm də hissi olaraq. Biz dünyanın qəbul elədiyi insani normalar avazında deyirik ki, torpağımızın bütövlüyünü təmin eləməliyik. Yəni indi ordumuz qeyr-insani, qeyri-bəşəri heç nə eləmir. Bizi dünya 87 min kvadratlıq sərhədlər daxilində tanıyıb. Yəni bizim sifətimizi, simamızı elə tanıyıb dünya. O sifətin itirilməsiylə barışmaq olmaz, dünya qarşısında tanınmaz hala düşməklə barışmaq olmaz. Torpaqları qaytarmaq lazımdı.

– Torpaq uğrunda insan ölərmi? İnsan hər şeydən qiymətlidir. Analar gözü yaşlı qalmasın. Ana anadır, nə fərqi var ingilis anası olsun, türk anası olsun, erməni anası olsun… Bu kimi fikirlərə münasibətiniz maraqlı olardı.
– Yox, insan hər şeydən qiymətli deyil, inanmıram ki, sən belə düşünürsən. İnsan qorumalı olduğu anasından, balasından ayrılıqda mövcud olmadığı kimi, qorumalı olduğu torpağından da ayrılıqda mövcud deyil. Yəni insan anasından, balasından, torpağından uzaqda əlahiddə eqonun daşıyıcısı olmur. İtkisiz müharibəmi var, ümumən, ölümsüz həyatmı var?

– Hiss edirsinizmi insanlarımız psixoloji cəhətdən müharibəyə tam hazırdır?
– Camaatımızda bu qəlbən coşqunu görmək çox xoşdu . Bu, çox ciddi amildi. Müharibənin bir ritorikası da var ki, arxa cəbhə ön cəbhədən daha güclü olmalıdır.

– Maraqlıdır, sizə görə humanizim nədir? Və humanizim nə zaman, hansı məqamlarda yada düşür, yaxud yada düşməlidir?
– Əvvəla, humanizm başqa xalqların torpağına soxulub baş kəsməmək, göz çıxarmamaq, uşağa-qadına divan tutmamaqdır. İkincisi, humanizm sənin sivil dünyada qəbul olunmuş sərhədlərini keçib dinc həmvətənlərini top atəşinə tutan azğınların qarşısını kəsməkdir ki, adamlar əzab çəkməsinlər. Humanizm həm də odur ki, basılmış bir toplum olaraq ayaqlar altda qalmış qürurunun iniltisinə dözməyəsən, ona işgəncə verməyəsən.

– Səməd Vurğun “Ananın öyüdü” şeirini oxudum ağlıma bir sual gəldi. Siz bir şair kimi insanlarımızı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müharibəyə səsləyərdinizmi?
– Heç bir səslənişə ehtiyac yox ki – nə ana öyüdünə, nə ata məsləhətinə. Adamlar bir rəsmi himə bənddirlər müharibəyə getməyə. Düzdü, belə fikirlərə inanmaq bir az çətin olur, amma şəxsən mən psixoloji cəhətdən özümü hazırlıqlı bilirəm vuruşmağa.

– Hərbi xidmətdə keçdiyiniz təcrübə yaddaşınızdan silinməyib ki?
– Yox. Azacıq itirilmiş vərdişləri də tez bir zamanda bərpa eləmək olur.

– Sizcə, müharibənin taleyini nə həll eləyə bilər? Peşəkarlıq, yoxsa o qədər peşəkar olmayan, sadəcə ürəyi vətən eşqi ilə döyünən əsgər?
– Hər ikisi. Eşq peşəkarlıq qədər vacibdi belə məsələlərdə.

– Sizcə, vətən kimindi? Onun uğrunda ölənin, yoxsa?
– Mən bu klassik düsturu heç vaxt pafos saymamışam ki, “onlar bizim uğrumuzda öldülər”. Aydındır ki, özününkü bilmədiyin dəyərlər uğrunda ölməzsən. Bu torpaq, bu insanlar onların olmasaydı, döyüş yoldaşlarına xətər dəyməsin deyə, qumbaranı qucaqlayıb ölməzdilər.

– Sosial şəbəkələrdə erməni könüllülərindən ibarət bir dəstənin şəkli paylaşılmışdı. Aralarında demək olar ki, gənclər yox idi, hamısı qocalar idi. Bu şəkil sizə nə deyir?
– Ermənistanın iç problemlərini dəqiq bilmirəm. O şəkildən bir-neçə mesaj almaq olar. Ya gənclər kütləvi şəkildə Ermənistanı tərk edib, ya da göstərmək istəyirlər ki, “döyüşə hətta qocalarımız da gedir”…

– Siz necə düşünürsünüz, şəhidlər doğrudanmı ölmür?
– Ölümün fəlsəfəsi çox böyükdü, çox genişdi. O, təkcə məişət ölçüləriylə düşünülə bilməz.

– Bayaq vətən pafosundan danışdıq. Bu hiss sizə pafoslu şeirlər yazdıra bilərmi?
– Müharibə mövzusunda içimdəki səmimiyyət hələ ölməyib ki, pafosa ehtiyac olsun…

– Salam müəllim, son günlər cəbhədə baş verən hadisələr sizə nə deyir? Nəyəsə ümid eləyək, yoxsa bir neçə gün atışma olub, məsələ yenə həll olunmamış qalacaq. Ürəyiniz sizə nə deyir?
– Mən sosial şəbəkədə status da yazmışdım ki, bura qədərki uğurlar da ciddi hadisədir. Söhbət təkcə yüksəklikləri ələ keçirməyin hərbi əhəmiyyətindən getmir. Həmin yüksəkliklərdə dayanmağın mənəvi dəyəri də çox böyükdü. Açıq görünür ki, məğlub durumun kompleksini yaşayan xalqımız iki gündü özünü ucalıqda hiss edir. Şəxsən mən iki gündü varlığımda nəyinsə dirçəldiyini, nəyinsə oyandığını məğrur, ötkəm yaşayıram. Təbii, böyük güclər var dünyada, amma bu böyük güclərin əlindən bir-neçə belə qələbə epizodları qopartmaq da ciddi məsələdi, millətimizə lazım idi bu.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın