Ana səhifə / Şou Biznes / Taksi sürücüsü: “Tapançanı çıxarıb böyrümə dirədi” – REPORTAJ

Taksi sürücüsü: “Tapançanı çıxarıb böyrümə dirədi” – REPORTAJ

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edir.

İttihama görə, Ramin Məmmədov tanışı Səbuhi Qarayevlə əlbir olaraq 25 avqust 2015-ci ildə Əli Qəribovun idarə etdiyi “KİA” markalı, 90 CN 873 dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək onları Maştağa qəsəbəsinə aparmalarını xahiş ediblər. Avtomobili Maştağa qəsəbəsi, 2-ci Albalı bağ massivindəki boş əraziyə sürdürərək orada saxlatdırdıqdan sonra alışqan-tapança ilə sürücüyə hədə-qorxu gəliblər. Sürücünün əllərini kapron iplə bağlayaraq, onu maşının yük yerinə salmağa cəhd etdikdə zərərçəkən qaçmağa başlayıb. Sükan arxasına əyləşən Ramin Məmmədov  avtomobilin sahibini izləyərək onu qəsdən vurub. Sonra isə ayağından xəsarət alan Ə.Qəribovu arxa oturacağa oturdublar və maşını boş sahəyə sürərək orada yerə atıblar.

Polis əməkdaşları tərəfindən həbs olunan R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərbə vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hadisənin digər iştirakçısı S.Qarayev barəsində isə axtarış elan edilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Ramin Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində dostu Səbuhi Qarayevlə (S.Qarayev barəsindəki cinayət işi ayrılıb – virtualaz.org) taksi sürücülərinə basqın etməklə bağlı öz aralarında plan qurduqlarını göstərib. Bu məqsədlə Kürdəxanı qəsəbəsinə gələrək yoldan keçən avtomobillərə əl ediblər: “Sonradan adını bildiyim Əli Qədirovun maşınına əyləşdik, Maştağaya aparmasını xahiş etdik. Yaşayış evlərinin qurtardığı yerdə maşını saxlatdıq. Maşın dayananda belimdə saxladığım tapança-alışqanı Əlinin böyrünə dirədim. Səbuhi də arxadan sürücünün boynundan tutub özündə olan tapança-alışqanla onu hədələdi. Sürücüdən pul və qiymətli əşya istədik. O isə dedi ki, heç nəyi yoxdur. Onun əllərini plastik “xomut”la bağladım və könüllü maşının yük yerinə girməyi tələb etdim. Müqavimət göstərdiyinə görə yumruqla vurdum. Elə bu vaxt sürücü əllərini açıb qəsəbəyə tərəf qaçdı. Sükan arxasına oturub onun dalınca sürdüm, Əliyə çatıb onun qarşısını kəsdim. Əli hasarla maşının arasında qaldı və aldığı zərbədən yerə yıxıldı. Sürücünü maşına qoyub boş sahəyə apardıq və orada qoyub getdik”.

Təqsirləndirilən şəxs ifadəsində hadisədən sonra Rusiyaya getdiyini, 6 sentyabr 2015-ci ildə Azərbaycana qayıdarkən həbs olunduğunu bildirib.

Zərərçəkmiş şəxs qismində dindirilən Əli Qəribov ifadəsində taksi sürücüsü işlədiyini, özünə məxsus avtomaşınla sərnişin daşımaqla ailəsini dolandırdığını göstərib: “Günorta saatlarında Balaxanı qəsəbəsi ilə hərəkət edərkən iki nəfər əl edib saxlatdı. Biri qabaqda, digəri arxada əyləşdi. Albalı yaşayış sahəsinə çatanda yanımda oturan böyrümə tapança dirədi, arxadakı isə boynumu sıxmağa başladı. Əllərimi “xomut”la bağladıqda birtəhər özümü azad edib qaçdım. Həmin uşaqlar arxamca gəlib maşınla məni vurdular. Zərbədən ayağa qalxa bilmədim. Onlar yenidən hədə-qorxu gələrək məni yerdən qaldırıb arxa oturacağa qoydular. Bədənimdə güclü ağrılar olduğundan müqavimət göstərə bilmədim”.

Zərərçəkmişin ifadəsinə görə, həmin şəxslər onu çöllük ərazidə maşından yerə atıblar. Ayağa qalxa bilmədiyindən qışqıraraq köməyə adam çağırıb. Bir qədər sonra anası ilə birgə təsadüfən həmin ərazidən keçən Səbuhi Mahmudzadə ona yaxınlaşıb. Üst-başı qanlı vəziyyətdə olan Əliyə elə ilk yardımı da onlar göstəriblər. Daha sonra isə “102” xidmətinə zəng vuraraq hadisə barədə polisə məlumat veriblər.

Cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın