Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Tahir Kərimovu bitirən ov – sabiq başçını hansı ceyranın ahı tutdu

Tahir Kərimovu bitirən ov – sabiq başçını hansı ceyranın ahı tutdu

Salyanın icra başçısı vəzifəsindən çıxarılan Tahir Kərimovla bağlı son günlər maraqlı xəbərlər yayılır. Onun vəzifədən çıxarılmasına səbəb olan məqamlar mətbuatda yayıldıqca, cəmiyyət ölkəyə necə məmurların rəhbərlik etdiyinin bir daha fərqində olur.
Ötən saylarda T.Kərimovun vəzifədən çıxarılma səbəblərindən yazmışdıq. Həmçinin bildirmişdik ki, Hesablama Palatası sabiq başçının fəaliyyətini təftiş etmək üçün martın 15-dən Salyana komissiya yollayıb, kompleks yoxlamalara başlayıb. Onu da vurğulamışdıq ki, bu yoxlamanın nəticələrini hüquq-mühafizə orqanları səbirsizliklə gözləyir.
Digər saytlar T.Kərimovun işdən çıxarılma səbəbləri haqda xəbər yayıblar. Deyilənə görə, sabiq başçı “Salyan OİL” şirkətinin fəaliyyətinə tez-tez və yersiz müdaxilələr edirmiş. Bunun nəticəsində şirkət rəhbərliyi Kərimovdan “yuxarılara” şikayət edib. Bundan sonra T.Kərimov vəzifəsini itirib.
Amma Tahir Kərimovun işdən çıxarılmasını bir səbəblə bağlamaq doğru olmazdı. Onun Salyana rəhbərlik etdiyi müddət mediada öz əksini neqativ şəkildə tapıb. Yerli sahibkarları incitməsi, əhalini basqı altında saxlaması, ona aid olmayan işlərə müdaxilə etməsi, nəhayət, T.Kərimovun sonunu gətirib. Deyilənə görə, T.Kərimov Salyandan cənub zonası istiqamətinə gedən yolun kənarlarını qanunsuz şəkildə özününküləşdirib. Hətta əvvəllər ayrı-ayrı sahibkarlara aid obyektlər belə müxtəlif bəhanələrlə onların əlindən alınıb. Üstəlik rayon ərazisində 100 hektarlarla torpaq sahəsinin T.Kərimov və yaxınları tərəfindən ələ keçirildiyi deyilir.
Sabiq başçının ceyran-cüyür “xəstəliyi”
 
Salyandakı mənbələr xəbər verir ki, Tahir Kərimov Salyan ərazisindəki Şirvan Dövlət Təbiət Qoruğunda tez-tez ova çıxırmış. Onun əsasən ceyran, cüyür və digər bu kimi ekzotik heyvanlar ovladığı deyilir. Aidiyyatı qurumların etirazı ilə üzləşdikdə isə T.Kərimov “bu ovları lap yuxarılara göndərirəm” deyirmiş. Onun bu əməlləri bir gün “lap yuxarıdakıların” qulağına çatır. Deyilənə görə, bundan sonra Tahir Kərimovun qulağını sözün siyasi və inzibati mənasında möhkəm çəkiblər. Necə deyərlər, tüfəngi sabiq başçının əlində açılıb…
 
Salyanda son 5 ildə narkomaniya niyə çoxalıb? 
 
Etibarlı mənbənin “Yeni Müsavat”a verdiyi başqa bir məlumatda isə bildirilir ki, Tahir Kərimovun Salyana başçı təyinatından sonra rayonda narkomaniya sürətlə çoxalıb. Bu isə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə bilməzdi. Mənbə bildirir ki, son 5 illik statistika dövlətin ayrı-ayrı qurumlarını dəhşətə gətirib. Deyilənə görə, bu haqda T.Kərimovun özünə də sual verilib. Onun cavab təbii ki, özünü müdafiə elementləri ilə zəngin olub. İddia etmirik ki, Salyanda 2011-ci ildən bəri narkomaniyanın geniş yayılması Tahir Kərimovun bu rayona rəhbər təyinatı ilə bağlıdır. Amma bu, təsadüfdürsə də, maraqlı təsadüfdür. İnanırıq ki, bəhs etdiyimiz istiqamət üzrə aidiyyatı orqanlar araşdırma aparır…
 
Keçmiş başçı haqda 3 il öncə nə yazılıb?
 
Ötən dövr ərzində Salyanda baş verən maxinasiyalar, yeyintilər haqda mətbuatda xeyli yazılıb. Məsələn, “Yeni Müsavat”ın 2013-cü il 4 oktyabr tarixli sayında “Salyanın icra başçısı dövlətin pullarını Almaniyaya daşıyır” sərlövhəli yazı dərc olunmuşdu.
Həmin yazıda T.Kərimovun kriminal keçmişindən bəhs edilməklə yanaşı onun dövlət büdcəsinin talanmasından əldə olunan pulların xaricə daşımasına dair xəbərlər də yer alırdı.
Həmin yazıdan sitat: “Fırtına Həsən” ləqəbli kriminalla yaxın münasibətdə olan Tahir Kərimov o dövrlər (icra başçısı təyin olunmazdan illər öncə – E.H) “Zəli Tahir” kimi tanınıb. Tahir Kərimovun icra başçısı olduqdan sonra yerli iş adamları, idarə müdirləri ilə qurduğu münasibət kriminal aləmin qayda-qanunlarına çox yaxındır. Məsələn, onun icra başçısı keçər-keçməz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində salınmış və 2010-cu ilin dekabrında yerli əhaliyə paylanmış yeni yaşayış massivindəki evlərin (167 mənzil) sənədləşməsinə 1500 manat vəsait tələb etməsi böyük hay-küy yaratmışdı. Kərimovun sonrakı fəaliyyəti də göstərdi ki, o, Salyana öz “vəziyyət”ini daha da yaxşılaşdırmağa gəlib. Və deyilənlərə inansaq, buna da artıqlamasilə nail olub. Tahir Kərimov Salyana icra başçısı təyin olunduqdan az sonra Muğan düzündə min hektarlıq bir ərazini əhatə edən təsərrüfat saldırıb.
 
Bu torpaq ayrı-ayrı Salyan sakinlərinə məxsus olsa da, başçı onlara aid sərəncamları ləğv etdirərək ərazini ələ keçirib. İçindəki fermanın tikintisi il yarım davam edib. Mənbə deyir ki, 15 kilometr uzaqlıqdan – Akuşa çayından yatağa çəkilən su kanalının smetası 2 milyon manatdan çox olub. Qəribədir ki, icra başçısının şəxsi obyektinə çəkilən su kanalının tikintisində dövlətin texnikasından istifadə olunub. Mənbə deyir ki, hazırda fermada 2 min başdan artıq qoyun, 40-50 baş iri buynuzlu mal-qara saxlanılır. Başçının Salyandakı təkcə bu fermasının dəyəri, içindəki mal-qara ilə birlikdə, bir neçə milyon manatla ölçülür. Lakin T.Kərimov bununla kifayətlənmir və Salyanda yeni torpaqları “fəth etməyə” can atır. 
Mənbə deyir ki, maldarlıq bir yana, T.Kərimov bu il əkinçilikdən də yaxşı qazanc götürüb. Belə ki, dövlət fonduna məxsus, ancaq əhalinin istifadəsində olan torpaqları ələ keçirərək 350 hektar ərazidə arpa və buğda, 60 hektarda yonca əkdirib. T.Kərimov bu torpağın əkilməsi üçün toxumluğu bələdiyyə və icra nümayəndələrindən tələb edib. Torpağın əvvəlki istifadəçilərinin 2012-ci ilin sonlarında Prezident Administrasiyasına yüzlərlə şikayətləri isə heç bir nəticə verməyib. Başqa bir məlumatda isə bildirilir ki, T.Kərimovun oğlu tez-tez dünyanın bahalı kurort şəhərlərinə səfərlər edir. Bu yaxınlarda onun Maldiv adalarında olduğu deyilir”.
 
Kərimovun Mahmudovsayağa piarı – “yeni vəzifəyə gedəcək” 
Tahir Kərimov işdən çıxarıldıqdan sonra özü haqda şayiələr yaydırır. Deyilənə o, adamlarına tapşırıb ki, yaxın günlərdə daha yüksək vəzifəyə təyin olunacağı haqda şayiə yaysınlar. Hətta bir-iki saytda bu tip xəbərlər yazdırıblar. Xatırladaq ki, Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra belə bir xəbər yayılmışdı ki, guya o, baş nazir təyin ediləcək. Sonradan bunun yalan olduğunu hər kəs anladı, gördü. Deyəsən, Tahir Kərimov da E.Mahmudov məktəbinin məzunudur. Özü haqda şayiə yaydırıb hədəfdən yayınmaq istəyir.
Bəs onu hədəfə çıxaran nədir? Sabiq başçı niyə illüziyaya qapılıb? Bu haqda yaxın günlərdə ətraflı yazacağıq.
 
Tahir Kərimov yazılanlar barədə mövqe bildirmək istəsə, onu dinləməyə və fikirlərini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın