Ana səhifə / Şou Biznes / “Təhsil boş şeydir, qız ərə gedər, uşaq böyüdər, ev qayğıları çəkər…”

“Təhsil boş şeydir, qız ərə gedər, uşaq böyüdər, ev qayğıları çəkər…”

XXI əsrdə, yəni ən müasir, elmin-texnikanın yüksələn xətlə inkişaf etdiyi bir dövrdə müasir bir dövrdə yaşayırıq. Texnikayla bərabər düşüncələrimiz də, özümüz də inkişaf edirik, yaşamaq, təhsil almaq kimi hüquqlarımızın olduğunu dərk edirik, azadlıq, müstəqillik, müasirlik tələb edirik.
Təəssüflər olsun ki, ilin-günün bu çağında hələ də inkişaf etməyən, etmək istəməyən, cahil düşüncələrlə yaşayan insanlar da var. Özləri ilə bərabər geridəqalmış, lazımsız adət-ənənələri yaşadan cahil insanlar. Ən acınacaqlısı odur ki, belə insanlar inkişaf etməkdənsə cahilliyi böyütdüyü nəslə də zor-xoş qəbul etdirməyə çalışırlar. Hətta gənc nəsli cahilliyin qurbanlarına belə çevirməkdən çəkinmirlər, usanmırlar.
Acınacaqlı olsa da etiraf etməliyik ki, hələ də öz övladlarını təzyiq altında saxlayan, təhsildən yayındıran, erkən nikahlara məcbur edən insanlar bu günkü cəmiyyətimizdə, bizlərin arasında da var. Əsrin, zamanın hansı çağından asılı olmayaraq belələri hələ də mövcuddur.  Ən qəribəsi və faciəvi olanı odur ki, belələri öz əməllərinə ciddi cəhdlə bəraət qazandırırlar. Öz aləmlərində övladlarına xoşbəxt həyat bəxş etdiklərini düşünürlər. Anlamaq istəmirlər ki, hələ həyatın, ailənin nə demək olduğunu dərk etməyən qızın ailə qurması yolverilməzdir. Hələ uşaq olan qızcığaz ərə yox, öz arzularının, xəyallarının arxasıyca getməlidir. Erkən yaşda məcburən ərə verilən qızcığazların kim bilir ürəyində nə qədər arzuları puç olur və yaxud da gələcəyin hansısa mütəxəssisi məhv edilir. Erkən yaşda ərə verilən qızlar özləri üçün deyil, başqaları üçün yaşamağa məhkum olunurlar. Öz hüquqlarını bilmədən həyatın onsuz da ağır olan yükünü zərif çiyinlərində daşımağa məcbur edilirlər.  Uşaq ola-ola uşaq dünyaya gətirirlər aruzları ürəklərində puç olmuş qızcığazlar. Və bundan sonra da özlərinin yaşaya bilmədikləri həyatı övladlarına vermək arzusuyla təsəlli tapırlar.  Bu təsəlliylə də həyatın bütün çətinliklərinə göz yumaraq dözürlər.
Yaxın keçmişdə ailəmizlə birlikdə bir evə qonaq getmişdik. Evin sahibəsi erkən nikahın qurbanı olmuş  24 yaşlı bir “xanım” idi. O qadının yaşadığı həyat hafizəmdə heç zaman silinməyəcək bir iz qoydu. 17 yaşında ərə verilmiş bu qadının evinə bizi atası dəvət etmişdi. Atası o düşüncədəydi ki, qız uşağı nə qədər tez ailə qursa, bir o qədər yaxşıdır. Atası israr edirdi ki, təhsil boş şeydir, qadın ərə gedər, uşaq böyüdər, ev qayğıları ilə məşğul olar. Sanki qadın bu dünyaya elə onun dediyi kimi yük çəkmək, qulluq etmək üçün gəlib… Kim bilir, bəlkə də o ata ərə vermələ öz qızını xoşbəxt görmək istəyirdi. Ancaq əminəm ki, belə deyil, çünki ərə getmək xoşbəxtlik demək deyil hələ. O ata sadəcə öz rahatlığı üçün qızına bu həyatı rəva görmüşdü. Çünki “Bilim ki, qızımın ailəsi, evi, isti ocağı var və mən də rahat olum” deməklə kifayətlənirdir. Bu sözlərin sətiraltı mənasında sanki qadın oxuyarsa, təhsil alarsa, faciə baş verərmiş düşüncəsi gizlənirdi.
17 yaşında təhsil almadan, özünün tanımadığı, sadəcə atasının tanıdığı birinə ərə verilmişdi bu qadın. Evinin olmasına baxmayaraq həyatı düzənliklərdə, çadırlarda keçir. Özüylə bərabər övladlarını da gəzdikləri düzənliklərdəki çadırlarda böyüdür. Həmyaşıdım olmasına baxmayaraq sanki  dünyanın bütün yükü gözlərinə, üzünə hopub. Həyatın ancaq mal-heyvadan, şor-pendir hazırlamaqdan, təndirdə çörək bişirməkdən ibarət olduğunu düşünür. Hər kəsin gözündə də sadiq, fədakar bir qadındır. Bəli, fədakardır! Ancaq öz həyatını, təhsilini, hüquqlarını fəda etmiş bir qadındır! Üzü gülümsəsə də, bizi sevinclə qarşılasa da qadının gözlərində xoşbəxtlikdən əsər-əlamət görə bilmədim. O sadəcə insanların, övladlarının qarşısında məğrur görünməyə məcbur idi. Əlləri cadar-cadar olsa da, saçları baxımsızlıqdan pis görünsə də təbəssümünü əskik etmirdi.
O qadını tanıyandan sonra bir müddət özümə gələ bilməmişdim. Cahillik səbəbindən erkən nikahın qurbanı olmuş həmyaşıdımın həyatı məhv etmişdi məni. Özümü onun yerinə qoyduqca dəhşətə gəlirdim. Gözyaşlarımı görməsin deyə gözlərimi ondan gizləməyə çalışırdım. Qızına bu həyatı rəva görən “ata”ya isə bütün varlığımla nifrət edirdim. “Qızı düzənliklərdə çadır həyatı yaşan o “ata”, ata deməyə belə dilim gəlmir, öz isti evində necə rahat yaşayır görəsən?”, “Budurmu qızına verdiyi xoşbəxt həyat?” sualları beynimin bir küncünü didirdi. Ata zamanında qızına təhsil versəydi, bəlkə də qızı cəmiyyətdə bir mövqe tuta bilərdi, ən azından öz həyatını özünün seçməsi şansı olardı. Və bu gün atasının arzuladığı kimi həqiqətən də xoşbəxt yaşayardı.
Yazıqlar olsun ki, qonağı olduğum evdə tanıdığım o qadın tək deyil. Bu gün onun kimi yüzlərlə, bəlkə də minlərlə erkən nikahların qurbanı olmuş qızcığazlarımız var. Ancaq bir məsələni də unutmamalıyıq ki, öz həyatımızın 100-də 70%-i öz əlimizdədir, öz taleyimizi özümüz yaza bilərik. Bunun üçün ilk növbədə nə olursa olsun valideynlərimizin bizi təhsildən yayındırmasına imkan verməməliyik. Belə olan halda güvənə biləcəyimiz qanunlarımız, dövlətimiz, dövlət və qeyri-dövlət qurumlarımız var. Onlara sığınaraq təhsil almaq hüququmuzu pozanlara qarşı çıxmalıyıq. Unutmamamlıyıq ki, həyat hər kəsə bir dəfə verilir və o həyatı qaraltmağa heç kimin haqqı çatmır! Güc tapın və təhsil almağınıza qarşı çıxanlardan əsla qorxmayın. Nəyə qadir olduğunumuzu kimlərəsə sübut etmək üçün ilk öncə özünüzə sübut etməyi bacarmalıyıq!
Ayşən Quliyeva,
ADAU-nun “Muhasibat uçotuvə audit” fakülətsinin IV kurs tələbəsi

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın