Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / Tərcümə Mərkəzi publik hüquqi şəxsə çevrilir: nə dəyişəcək?

Tərcümə Mərkəzi publik hüquqi şəxsə çevrilir: nə dəyişəcək?

Azərbaycan prezidenti İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamın 9-cu bəndində qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasında “Tərcümə Mərkəzi” Publik Hüquqi Şəxs yaradılsın.

Hesab olunur ki, Tərcümə Mərkəzi özünü maliyyələşdirmə sisteminə keçdikdən sonra qurumun çətin günləri başlayacaq. Hətta onun dağılacağını söyləyənlər də var.

Bəllidir ki, Azərbaycanda edilən tərcümələri heç də uğurlu saymaq olmaz. Sosial sorğularda da bu təsdiqlənir ki, insanlar daha çox oxuduqları kitabı Azərbaycan dilinə tərcümədən deyil, orjinalından oxumağa üstünlük verirlər. Bunun müxtəlif səbəbləri olsa da, əsas səbəb kimi tərcümənin keyfiyyəti göstərilir.

Öncə qeyd edək ki, prezidentin yuxarıda qeyd etdiyimiz sərəncamına uyğun olaraq Tərcümə Mərkəzindən başqa, daha 9 publik hüquqi şəxs yaradılır. Onların arasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” da var.

AZƏRTAC-ın baş direktorunun müavini Dağbəyi İsmayılov “Kaspi” qəzetinə bildirib ki, fəaliyyətlərində heç bir struktur dəyişikliyi olmayacaq: “Publik hüquqi şəxs olan qurumların əməkdaşları dövlət qulluqçuları hesab oluna bilər, amma özləri çalışdıqları sahədən gəlir də əldə edə bilərlər”.

Məsələ ilə bağlı Tərcümə Mərkəzi ilə əlaqə saxladıq. Lakin bildirdilər ki, suallarımıza yalnız rəhbərlik cavab verə bilər. Rəhbərlik isə xaricdə ezamiyyətdədir.

Ölkədə tərcümənin problemləri barəsində musavat.com-a danışan şair, tərcüməçi Səlim Babullaoğlu bildirib ki, birmənalı şəkildə ölkədə tərcümələrin səviyyəsinin aşağı olduğunu söyləmək doğru deyil: “1997-ci ildən bəri bu sahədə baş verən tendensiyaları, prosesləri izləyib, analiz etmişəm. 1997-2004-cü illər və 2004-2013-cü illər arasında tərcümə məsələləri ilə bağlı məruzə hazırlamışam. Nəşriyyatların vəziyyəti, mütəxəssislərin hazırlanması kimi məsələləri əsaslı şəkildə araşdırmışam. Bu baxımdan deyə bilərəm ki, bütün problemlərə rəğmən ilbəil həm tərcümə olunan ədəbiyyatların kəmiyyəti artıb, həm də ixtisaslaşma gedib. Təbii ki, kəmiyyət artdıqca müəyyən qədər sənaye üsulu formalaşıb. Sənaye üsulu da sənətdə bəzən özünü doğrultmur. Əlbəttə, aşağı səviyyəli tərcümələr də var. Ancaq bir məqam da var ki, tərcüməçiyə nəzarət etmək mexanizmi də yoxdur. Bu mexanizm sovet dövründə mövcud idi. İndi isə bu iş nəşriyyatların üzərində qalıb. Ümumiyyətlə, tərcümənin heç olmamasındansa, keyfiyyətsiz tərcümələrin olmasının tərəfdarıyam. Çünki keyfiyyətsiz tərcümələr hər bir ölkədə var. Bir misal çəkim ki, Orxan Pamukun romanlarından birinin iki ingilis tərcüməsi olmuşdu. İngiltərədə hazırlanan tərcümə amerikalılar, ABŞ-da hazırlanan isə ingilislər tərəfindən ilin ən pis tərcüməsi elan olunmuşdu. Yəni bu cür faktlar da var”.

S.Babullaoğlu bildirib ki, problemlər əsasən tərcüməçilərin hazırlığı məsələsindən də qaynaqlanır: “Əgər təhsil səviyyəsi aşağıdırsa, təbii ki, tərcüməçinin işi həm bədii ədəbiyyat tərcümə edərkən, həm də sinxron tərcümə ilə məşğul olan zaman aşağı olacaq. Problemdən danışdıqda, əvvəla deyim ki, tərcümə mərkəzlərinin çoxu bu gün özəl strukturlardır. Onların da hansı problemləri olduğunu özləri yaxşı bilirlər. Biz Yazıçılar Birliyinin strukturuyuq. Az bir büdcəmizlə nə mümkündürsə, onu da edirik. Ümumiyyətlə, təkcə tərcümə deyil, ədəbiyyat sferasının da problemli olan bir məsələlər var. Belə ki, kitab satışı infrastrukturu formalaşmadıqca, kitab mağazalarının həm Bakıda, həm də rayonlarda sayı artmadıqca, alıcılıq qabiliyyəti yüksəlmədikcə, yaxşını pisdən ayırmaq çətin olacaq. Kitab alınmalıdır, daha sonra onun səviyyəsi müəyyən olunmalıdır. Əsas problem kitab yayım şəbəkəsinin olmamasıdır. Bundan əlavə deyim ki, misal üçün bir tərcüməçi bir dil üzrə ixtisaslaşır. Tərcüməçilər həmin dil üzrə gedib, müvafiq ölkədə yaradıcı ezamiyyətdə olmalıdırlar. Tərcümə etmək istədikləri yazıçıları, şairləri həmin dilin mühitində tədqiq edib, öyrənməlidirlər. Bu, baş vermədikcə, tərcüməçilərin səviyyəsi yetərincə olmayacaq”.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın