Ana səhifə / Şou Biznes / Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) icra hakimiyyətlərində etik davranış qaydalarının pozulması ilə bağlı edilən şikayətlər araşdırılaraq həll olunub.

Bu barədə Publika.az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Qaynar xətt”ə vətəndaş müraciət edərək Kürdəmir Rayon İcra Hakimiyyətində qəbulda olarkən İcra Hakimiyyəti başçısının Aparatında qulluq keçən dövlət qulluqçusunun onunla kobud rəftar edərək “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9-cu maddələrinin tələblərini pozduğunu bildirib.

 

Vətəndaşın müraciəti ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə sorğu verilib. Aparılmış araşdırma nəticəsində vətəndaş Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilib və müraciətində qaldırdığı məsələ müsbət həll olunub.

 

1 may tarixində vətəndaş müraciət edərək Qazax Rayon İcra Hakimiyyəti başçısının Birinci Şıxlı kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən ona qarşı dövlət qulluqçularının etik davranış qaydalarına dair qanunvericiliyin tələblərinin pozulduğunu bildirib. Vətəndaşın müraciətinə əlavə etdiyi sənədlərdən (Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(104)-614/2014 nömrəli İcra vərəqəsi) dövlət qulluqçusu tərəfindən ona qarşı dövlət qulluqçularının etik davranış qaydalarına dair qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Komissiya Əsasnaməsinin 11.3-cü bəndinə uyğun olaraq Qazax Rayon İcra 7 Hakimiyyətinə Birinci Şıxlı kənd inzibati dairəsi üzrə nümayəndəsi barəsində etik davranış qaydalarına dair qanunvericiliyin tələblərini pozduğu nəzərə alınaraq intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı təqdimat verilib. Rayon icra hakimiyyəti tərəfindən verilmiş məlumatda həmin dövlət qulluqçusu barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən töhmət tətbiq edildiyi bildirilib.

 

14 iyul tarixində vətəndaş müraciət edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Zərdab rayon təhsil şöbəsinin müdirinin ona və həyat yoldaşına qarşı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9-cu maddələrinin tələblərini pozduğunu bildirib. Vətəndaşın müraciəti ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə sorğu verilib və aparılmış araşdırmanın nəticəsində dövlət qulluqçusu tərəfindən etik davranış qaydası pozuntusuna yol verildiyi müəyyən edilmiş və o, tutduğu vəzifədən azad edilib.

 

6 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qulluq keçən dövlət qulluqçusu Komissiyanın inzibati binasına gələrək “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 9-cu maddələrinin tələblərini pozaraq Komissiyanın əməkdaşları ilə kobud rəftar edərək, onlara qarşı qeyri-mədəni davranış nümayiş etdirib və müraciət etdiyi şöbənin iş rejimini pozub. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarının pozulması və həmin pozuntuya görə müvafiq tədbirlərin görülməsi ilə bağlı təqdimat verilmiş və Dövlət Agentliyi tərəfindən yaradılan xidməti yoxlama komissiyasının rəyinə müvafiq olaraq dövlət qulluqçusu barəsində etik davranış qaydalarını pozması nəzərə alınaraq intizam tenbeh tədbiri tətbiq olunaraq ona töhmət verilib. Komissiya mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların ümumiləşdirilərək təhlil edilməsi ilə bağlı müvafiq iş aparmışdır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın