Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Şou Biznes / Təhsil Nazirliyi aqronomun məktəb direktoru olmasına necə razılıq verib?

Təhsil Nazirliyi aqronomun məktəb direktoru olmasına necə razılıq verib?

Saatlıda Vüqar Qəmbərov “nümunəsi” təhsilin evini yıxıb, yeni şöbə müdiri isə ilk “barı”nı onun əliylə dərmək fikrindədir

Oktyabrın 12-də Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov çıxış edərək buraxılış siniflərində şagirdlərin əksəriyyətinin zəif olduğunu qeyd edib.

Düzdür, təhsil naziri konkret rayon adları çəkməyib. Ancaq qeyd edək ki, təhsildəki uğursuzluğun ən yüksəyi Saatlı rayonunda qeydə alınıb. Ona görə ki, bu rayonda təhsil şöbəsinin sabiq müdiri Şamil Nurəliyevin rəhbərliyi altında 10 il rayon təhsili bazar səviyyəsində idarə olunub.

Qeyri-ixtisas peşə sahiblərinin məktəblərə müəllim təyin olunması, heç bir ixtisasartırma və ixtasasdəyişmə kurslarına getmədən müəllimlərin ixtisaslarının dəyişməsi, aqronomun məktəb direktoru təyin olunması və digər rüsvayçı faktlar məhz Saatlı rayonunda baş vermişdir. Söz yox ki, bütün bunlara görə gec də olsa, rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyev tutduğu vəzifəsindən uzaqlaşdırıldı. Lakin pedaqoji sahəyə yad amillər hələ də Saatlı təhsilində davam etməkdədir. Bunlardan biri də ixtisasca aqronomun rayonun Mircəlalkənd tam orta məktəbinə direktorluq etməsidir. Bu barədə bir qədər əvvəl yazdığımız məqalədə ətraflı məlumat verilmişdi.

Məqalədə qeyd olunurdu ki, ixtisasca aqronom olan Vüqar Qəmbərov Mircəlalkənd tam orta məktəbinin direktorudur. Qeyd edək ki, V.Qəmbərov 1999-cu ilə qədər kənd təsərrüfatı sahəsində aqronomluq edib. Çünki bu, onun əsas peşəsi və ixtisası olub. Elə həmin il aqronomluqdan birbaşa Mircəlalkənd tam orta məktəbinə kimya müəllimi təyin olunub(?!).

Rayon təhsil şöbəsinin sabiq müdiri Şamil Nurəliyev söz-söhbətin getdikcə böyüdüyünün qarşısını almaq üçün guya Vüqarı İxtisasartırma və Yenidənhazırlanma adı ilə əvvəlcə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına, sonra isə Qazax filialına göndərib. Əslində isə V.Qəmbərov heç bir yerə getməyib və həmin il məktəbdə əmək haqqı da alıb. Saxta diplom əldə etdikdən sonra isə Ş.Nurəliyev aqronomu məktəb direktoru təyin edib. Halbuki, həmin məktəbdə təcrübəli və stajlı müəllimlər həddindən artıqdır. Qanuna görə qeyri-pedaqoji ixtisas sahibləri Yenidənhazırlanma və İxtisasartırma kursuna göndərilə bilməz.

Bu məsələ barəsində JAM.AZ saytında məqalə dərc olunandan sonra aqronom direktor əl-ayağa düşüb və saxta diplomunu ört-basdır etmək üçün yollar axtarıb. Bu işdə ona Saatlı Təhsil şöbəsində müdir kreslosunda hələ yerini bərkidməmiş Zabit müəllim yardımçı olub. Aqronom direktor bu günlərdə Kapital Bankın Saatlı filialından 5 min manat kredit götürüb və deyib ki, artıq Təhsil Nazirliyində bu işi düzəldən adam da tapıb. Təhsil nazirliyinin nümayəndəsi deyib ki, aqronomun məktəb direktoru işləməsində heç bir qəbahət yoxdu. Üstəlik o, kənd sakinlərini ələ salaraq deyib ki, kənd uşaqları, həm də kənd təsərrüfatını bilməlidirlər.

Aqronom direktor məktəbin müəllimlərinə acıqla bildirb ki, həm təhsil şöbəsinin müdirini əvəz edən Zabit müəllim ( o, əvvəllər Şamil müəllimin birinci müavini olub), həm də Təhsil Nazirliyindəki dostu deyib ki, “Get direktorluğunu et. Ancaq bizim “şirinliyimizi” vaxtında çatdır. Evimi də satsam, direktor özüm olacağam. Hələlik bu 5 min manatı götürüm, gerisinə baxarıq”.

İndi Təhsil nazirindən soruşmaq istərdik: Direktoru aqronom olan məktəbdən hansı keyfiyyəti gözləmək olar? Bu məktəbin məzunları buraxılış imtahanlarını necə versinlər?

Deyəsən, Saatlı təhsil şöbəsinin müdir əvəzi Zabit müəlim də yeni kabinetin ilk barını aqronom direktordan görmək istəyir.

Arif Quliyev,
Saatlı rayonu

P.S. Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Həmçinin oxuyun

“Bugünkü qazancla hərə öz ailəsini güclə dolandırır” – Manaf Ağayevdən maraqlı açıqlamalar

Müğənni Manaf Ağayev “5 də 5” verilişinin növbəti qonağı olub. Yerli şou-biznesin ən zəngin simalarından hesab …

Bir cavab yazın