Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Süpürgəçi qadın: “Heydər Əliyev bizi qucaqlayardı, söhbət edərdi…”

Süpürgəçi qadın: “Heydər Əliyev bizi qucaqlayardı, söhbət edərdi…”

“Briqadirimiz deyir, yarış qabağıdır, hər şey yaxşı olmalıdır. O dedi-demədi, biz öz işimizi səliqəli görürük. Mən istəyərəm Azərbaycan birinci olsun…”

Nizami rayon Mənzil-İstismar Sahəsinin təmizlikçilərindən olan Kəmalə Əbilova zarafatla deyir ki, “ən çox Avropa Oyunlarına hazırlaşırıq”.

 
K.Əbilova həm də prezidentin keçdiyi yollarda işlədiyindən daha çox məsuliyyət hiss edir: “İşə səhər tezdən – saat 5-də başlayırıq. Hər yeri yaxşı-yaxşı süpürürük, gül kimi təmizləyirik. Saat 10-da gedirik yerimizə, bir az çaydan-çörəkdən yeyirik. Sonra yenə çıxıb təmizləyirik. Hər tərəf tərtəmiz olmalıdır. Çünki biz prezident yolunda işləyirik. Bizə səhv eləmək olmaz. Qonaqlar gələndə elə olur saat 6-ya qədər yollarda qalırıq”.
Hənifə Eminova
Kəmalə Əbilova rəfiqələrini də çağırır. Qadınlardan bəzisi danışmağa utanır. Hənifə Eminova isə deyir ki, “əlim kimi dilim də pərgardır”. Avropa Oyunları qabağı öz işlərinə daha çox canfəşanlıqla yanaşdığını bildirir.
O, danışdıqca Kəmalə Əbilova da arada sözünə qüvvət verir: “İstəyərəm ki, bu idman yarışlarında bizim bayrağımız ən yüksəkdə dalğalansın. Səhər 4-dən yola çıxırıq. Biz ona görə işə tez başlayırıq ki, maşınlar bizi vurmasın”.
Hənifə Eminova əlavə edir: “Tez süpürüb işimizi qurtarırıq ki, 7-nin yarısında zibillər götürülsün. 4-ün yarısında biz gedirik. Axşam növbəsində qalanlar 6-dan sonra gəlir. 180 manat alırıq, yanında qəpiyi də var. Bu pula neyləmək olar?! Heç bir şey. Ürəyim istəyəni alıb yeyə bilmirəm…”
Təmizlikçi rəfiqələr yorğun olsalar da üzə vurmurlar, zarafatlaşırlar. Deyirlər, gecə növbəsində işləyənlər daha çox maaş alır.
Prezidentin keçdiyi yolları necə təmizlədikləri haqqında danışanda ciddiləşirlər: “Prezident keçəndə hər şey sabit qalır. Maşınlar da yoldan çəkilir. Həmin vaxt biz öz xüsusi postumuzda qalırıq”.
Hənifə Eminova deyir ki, prezidenti uzaqdan çox görüb. Deyir ki, üz-üzə görüşsəydi, ona dərd-sərindən dədanışardı:“Biz onu uzaqdan-uzağa görürük. Mən prezidenti birinci dəfə bu maşını gördüyüm məsafədə görmüşəm. Onda buralar sökülürdü, gəldi camaatla görüşdü. Mən istəyərdim ki, prezidenti üz-üzə görüm, söhbət eləyim. Görüşsəm, əvvəlcə özünə, ailəsinə cansağlığı arzulayaram. Şəxsi problemim haqqında onu deyərdim ki, qızımın ev yoxdur. İki oğlu var, əsgərliklərini Ağdamda – döyüş bölgəsində çəkiblər. İndi onlar evlənməlidirlər, evləri, işləri yoxdur. Heç nələri yoxdur. Mən öz güzəranımı onlara həsr eləmişəm”.
 
 
Kəmalə Əbilova
Kəmalə Əbilova isə cavanlıqda Cəlilabadda üzümçülük sovxozunda işləyib. Deyir, həmin vaxtlar respublikanın rəhbəri, keçmiş prezident Heydər Əliyevlə çox görüşüb:“Mən prezidentimizi yaxından görməmişəm. Ancaq rəhmətlik Heydər Əliyevi 10-15 dəfə görmüşəm. Onda Cəlilabad rayonunda üzümçülük sovxozunda işləyirdim. Heydər Əliyev onda çox gələrdi. Biz də onun görüşünə gedərdik. Bizi qucaqlayardı, əlini başımıza çəkərdi, söhbət edərdi. 1975-76-77-ci illər idi. 80-ci illərə qədər ildə 3-4 dəfə gəlirdi. Onda vəziyyətimiz yaxşı idi. Sovet dövrü idi. İşləyirdik, maaş alırdıq, 13-cü əməkhaqqı, məzuniyyət pulu, mükafat alırdıq. Kim 500 kilo üzüm yığırdısa, maaşdan əlavə gündə 3 manat, kim 700 kilo üzüm yığırdısa, günə 5 manat mükafat alırdı. O vaxt “Jiqulu” 5 min 500 manat idi. Evdən 5-6 adam işləyəndə bir ailədə 3 nəfər “Jiquli” alırdı”.
Qadın xoş xatirələrdən ayrılır, önlüyünün ətəyini düzədir, bu günə qayıdır. Deyir ki, prezidentin yolunu silib-süpürsə də onu görməyib. “Görüşsəydim, güzəranımdan danışardım” deyir: “Prezidenti görsəydim, deyərdim bir pensiya istəyirəm, bir də burda qalmağa yerim yoxdur. Kirayələrdə qalıram. Bir sığınacaq verərdi, uşaqlarımla, nəvələrimlə qalardım”.
Sonra tez saatı soruşurlar. Süpürgələrini götürüb zarafatlaşa-zarafatlaşa uzaqlaşırlar (“Azadlıq” radiosu).

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın