Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Süni mayalanmanın reklamı yasaqlandı, bəs tətbiqinə ehtiyac varmı?

Süni mayalanmanın reklamı yasaqlandı, bəs tətbiqinə ehtiyac varmı?

Bu günlərdə ölkə başçısı Milli Məclisin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna etdiyi son əlavələri təsdiq etdi. Qanuna əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Bu məsələ ictimaiyyətdə xeyli müzakirələrə səbəb olub. Bir çoxları düşünür ki, bu qanunla əslində süni mayalanma qadağan olunur. Əslində isə süni mayalanma deyil, onunla bağlı tibbi xidmətlərin reklamı qadağan olunub.

Qeyd edək ki, süni mayalanma ilk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutub. Təxminən 10 ildən çoxdur ki, ölkəmizdə də bu cür metod tətbiq olunur və minlərlə uşaq sözügedən üsulla dünyaya gəlib. Bu metodun necə tətbiq olunmasına gəldikdə isə ekspertlər qeyd edir ki, süni mayalanma, sadəcə, bir termindir. Əslində bu, yardımçı reproduktiv texnologiyalar çərçivəsində ekstrakorporal mayalanma deməkdir. Korpus bədən, ekstra isə xaric deməkdir. Yəni qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, laboratoriyada baş tutur, daha sonra isə qadının uşaqlığına yerləşdirilir. Laboratoriyada həm kişi, həm də qadın hüceyrələrinin içərisində ən yaxşıları seçilir və onlar mokroinyeksion üsulla mayalandırılır, yəni kişi hüceyrəsi xüsusi mikroinyeksion iynə vasitəsilə yumurtahüceyrəyə daxil edilir.

Nəticədə əmələ gələn embrionlar inkubatora yerləşdirilir. Onlar 3 gün nəzarətdə saxlanılır, öyrənilir və içərisindən ən yaxşısı seçilib heç bir narkoz vermədən xüsusi kateter vasitəsi və ultrasəs cihazının nəzarəti ilə qadının uşaqlığına yerləşdirilir. Ekspertlərə görə, hüceyrələr seçilərkən onun qız və ya oğlan, hətta əkiz, üçəm olması ilə bağlı əvvəlcədən sifariş etmək olur. Süni mayalanmanın alınma şansına gəldikdə isə bu şans yaş faktoruna görə 30-60 faiz arasında dəyişir. Belə ki, 30 yaşa qədər olan qadınlarda bu şans 60-70, 30-35 yaş arasında olan qadınlarda 40-50, 40 yaşdan yuxarı olan qadınlarda isə 20-30 faiz olur. Bəzən alınmadıqda bu metod bir neçə dəfə tətbiq olunur.

Süni mayalanmanın qiymətinə gəldikdə isə bu məsələ də klinikalarda dərmanların alınıb-alınmamasından asılı olaraq dəyişir. Yəni əgər dərman alınarsa, xidmət üçün orta hesabla 2500 manat xərcləmək lazım gəlir. Məsələn, Mərkəzi Klinikada bu proses ümumilikdə 3500, dərmanlarsız 2500 manata, “Baku Medical Plaza”da ümumi 4500, dərmanlarsız isə 2500 manata, Reproduktiv Sağlamlıq Mərkəzində isə 4500 manata başa gəlir.

Ümumilikdə isə süni mayalanma Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Həm dini, həm də milli-mənəvi baxımdan bu metodun cəmiyyətimizə uyğun olmadığını düşünənlər kifayət qədər çoxdur. Bir neçə il öncə “Reproduktiv sağlamlıq və ailə planlaşdırma haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılarkən deputatların əksəriyyəti layihədə öz əksini tapan “surroqat ana” və cinsi toxumlar üzrə donorluq məsələlərinin milli mentalitetimizə, dini dəyərlərimizə zidd olduğunu əsas gətirərək, bu barədə qanunun qəbul olunmasının əleyhinə səs vermişdilər. QMİ (Qafqaz Müsəlmanları İdarəsi) də bu məsələyə qarşı çıxmışdı. Belə ki, İslam dininə əsasən süni mayalanma prosesində iştirak edən qadın və kişi ər-arvad olmalıdır. Onların dini kəbini olarsa, bu proses halal hesab olunur.

Əgər hər hansı bir səbəbdən qadın embrionu daşıya bilmirsə, bu zaman surroqat anadan istifadə olunur. Öz uşaqlığında donor embrionu daşıyan, uşaq dünyaya gətirməyə qadir olan qadın surroqat ana adlanır. İslam dinində qadının yumurtahüceyrəsinin ərinin sperma hüceyrəsi ilə mayalandırılaraq digər bir qadının bətninə yerləşdirilməsinə icazə verilmir. Bəzən ərin sperma hüceyrəsi yad qadının yumurta hüceyrəsi ilə mayalandırılır və qadının bətninə yerləşdirilir. Bu zaman əgər yumurta hüceyrəsi götürülən qadınla kişi arasında dini kəbin varsa, bu iş halal sayılır. Əks təqdirdə, dinimiz bu prosesə icazə vermir. Kişi sonsuzluğu zamanı bəzən qadının yumurta hüceyrəsi yad kişinin sperma hüceyrəsi ilə mayalandırılır. İslam dininə görə, bu proses haramdır.

Həkim Vaqif Qarayevin sözlərinə görə, süni mayalanma ilə doğulan uşaqlarda mütəmadi müxtəlif problemlər üzə çıxır: “İlk öncə süni mayalanma üçün ciddi müayinədən keçmək lazımdır. Bu zaman müəyyənləşdirmək olar ki, cütlüyə süni mayalanma tətbiq etmək olar, ya olmaz. Heç kəs kiməsə qadağan edə bilməz ki, süni mayalanmadan uşaq dünyaya gətirməsin. Burada insan haqları var. Tutaq ki, ölkəmizdə süni mayalanma ilə bağlı tibbi xidmətin reklamı deyil, metodun özü belə qadağan olunsa, insanlar bunun üçün digər ölkələrə müraciət edəcəklər. Məsələn, qonşu Gürcüstanda bu məsələ çox geniş yayılıb və kim istəsə, həmin ölkəyə gedib süni mayalanmaya müraciət edə biləcək, burda bir problem yoxdur. Yəni bu metodun reklamının qadağan olunmasının mən də tərəfdarıyam. Hətta abortun da reklamının qadağası ilə razıyam. Lakin inzibati qadağalarla bunun qarşısını almaq mümkün deyil. Çünki ilk növbədə bu məsələdə insanın düşüncəsi dəyişməlidir”.
Həkimin fikrincə, bu cür uşaqların əqli və zehni inkişafında müəyyən problemlər üzə çıxır və yaxud tez-tez xəstələnirlər: “Doğrudur, təbii hamiləliklə dünyaya gələn uşaqlarda da problemlər olur. Lakin süni mayalanma ilə doğulan uşaqlarda bu faiz daha çoxdur. Buna görə də qanunvericiliyə əsasən, süni mayalanma ilə dünyaya gələn uşaqlara ciddi tibbi nəzarət olur. Bizim cəmiyyətdə bu məsələ bir qədər birmənalı qarşılanmır. Bu da əsasən dinlə bağlıdır. Deyə bilmərəm ki, süni mayalanma ilə dünyaya gələn uşaqlara cəmiyyətin mövqeyi, yanaşması necə olacaq, amma düşünürəm ki, şəxs əgər övlad istəyir və bunu süni mayalanma ilə həyata keçirmək istəyirsə, biz onun haqqına girə bilmərik. Sadəcə, hər şey qanunla tənzimlənməlidir. Yəni yalnız müxtəlif müayinələrdən sonra tibb işçiləri qərar verməlidir ki, şəxs təbii yolla hamilə qala bilməz və bu zaman süni mayalanma tətbiq etmək olar”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın