Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Süleyman Dəmirəl ona qılınc vermişdi” – Şəhid zabitimizin atası…

“Süleyman Dəmirəl ona qılınc vermişdi” – Şəhid zabitimizin atası…

Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən biri də Şəhid zabitimiz, Milli Qəhrəman Polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevdir. Bu dəfə Şəhid zabitimizin ailəsi ilə görüşmək üçün Sabirabadın Muğan Gəncəli kəndinə yola düşdük.
Murad Mirzəyev kim idi?
 
Murad Mirzəyev 1976-cı ilin martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbiçi olmağa can atan Murad anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərdə iştirak edib. Briqada komandiri olan zabitimiz aprel döyüşlərində qəhrəmancasına həlak olub.
“Milli Qəhrəmanın evinə gedən bərbad yollar…”
Kəndə gedən marşurutda jurnalist olduğumuzu bilən sakinlər Milli Qəhrəmanın evinə gedən bu yolun bərbad vəziyyətdə olmasından şikayətlənərək, yol problemlərinin də işıqlandırılmasını xahiş etdilər. Muğan Gəncəli kəndinə gedərkən rayonun Qarağac, Beş dəli, Polad-doğay, Dəllək, Azadkənd, Haşibanlı, Cəngən, Çiçəkli və Salmanlı kəndlərindən keçməli olduq. Yarım saatlıq bu yolu bir saat yarıma qətt etdik. Səbəb isə məlum idi: yolların bərbad vəziyyətdə olması. Şəhid zabitimizin evlərinin qapısında dalğalanan üç rəngli bayrağımızdan anlamaq olur ki, bura Muradın doğulub boya-başa çatdığı ata evidi. Bizi şəhid zabitimizin atası Telman müəllim qarşılayıb evə dəvət etdi. Evdə bizi şəhid zabitimizin anası Güllübəyim xanım və qardaşı Süleyman qarşıladılar. Söhbətimizə ilk olaraq şəhid zabitimizin atası ilə başladıq:
Şəhid atası Telman müəllim:
 
“Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl onu bir neçə dəfə təltif edib…”
“Murad 14 yaşından evdən çıxıb C.Naxçıvanski adına hərbi liseydə oxumağa başladı. Ondan sonra isə Türkiyədə “Kara Hərbi Okulu”nda təhsil aldı. Türkiyədə bir il işlədikdən sonra 1998-ci ildə bizim dövlətin çağırışı ilə vətənə qayıtdı. Ailə qurandan sonra iki il Amerikada oxumağa yollandı. Amerikaya gedəndə həyat yoldaşı da onunla getdi. Yenidən vətənə qayıdan Murad Şübanidəki hərbi hissədə işləməyə başladı. Murad ümumilikdə 24 il idi ki, hərbidə idi. Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl onu bir neçə dəfə təltif edib. Hətta Murada qılınc da vermişdi. Evə çox gec-gec gəlirdi. Çox vaxtdı onu görmək üçün biz onlara gedirdik. Axırıncı dəfə martın 26-da onlarda qonaq olduq. Aprel döyüşlərində həyat yoldaşı mənə zəng vurub dedi ki, müharibə gedir Muraddan da xəbər yoxdu. Mən də Sabirabaddan cəbhə bölgəsinə getdim. Amma yenə bir xəbər öyrənə bilmədik. Yalnız aprelin 10-da Muradın nəşini qarşı tərəfdən geri alanda bildik ki, Murad şəhid olub.
“Mən də istəmirəm dəqiqə başı gedib harasa bununla bağlı müraciət edim…”
 
Ölkə başçımızdan, Müdafiə Nazirimizdən çox razıyam. Muradla bağlı nə lazım idisə etdilər. Onun dəfn mərasimini yüksək səviyyədə təşkil etdilər. Murada aprelin 19-da Ali Baş Komandan tərəfindən Milli Qəhrəman adı verildi. Bunlar bir şəhid atası kimi məni çox sevindirir. Amma, Sabirabadın icra başçısı ilə söhbətimiz olmuşdu ki, rayonda texnikom, məktəb və küçə adı Muradın adına veriləcək. Bilmirəm nəyəsə görə hələ ki, vaxt uzanır. Mən də istəmirəm dəqiqə başı gedib harasa bununla bağlı müraciət edim. Murad vətən üçün şəhid olub və bu işlərlə də səlahiyyətli şəxslər məşğul olmalıdı”.
Şəhid zabitimizin anası biz söhbət etdikcə göz yaşlarına hakim ola bilmir. Gülübəyim ana ilk övladı Muradla çox yaxın olduğunu deyir:
Şəhid anası Güllübəyim ana:
 
“Bacıları ilə qardaşları ilə maraqlanırdı…”
 
“Muradgil ailədə dörd uşaqdılar: iki oğlan, iki qız. Murad mənim ilk övladım idi. O, elə bir adam idi ki, nə qədər işi-gücü çox olsa da həmişə mənə zəng vurub hal-əhval tuturdu. Dolanışığımızla maraqlanırdı. Bacıları ilə qardaşları ilə maraqlanırdı. Hamımızı nəzarətdə saxlayırdı. Biz onun bu qədər şeylərə nail olduğunu bilmirdik. Biz indi bilirik ki, Murad beş xarici dil bilirmiş. Uşqalıqda çox yaxşı qarmon ifa edirdi, idamanla məşğul olurdu. Dərslərini çox yaxşı oxuyurdu. Martın 26-da onlarda qonaq olanda yorğun gəldi. Bir az oturdu gördük ki, yuxusu gəlir. Çox yorğun olurdu. Aprel döyüşləri zamanı bizə adamlar gəlib-gedirdi. Sonradan deyirlər ki, Muradın şəhid olmasını hamı bilirmiş, sadəcə mənə deməyiblər. O, başqa oğul idi”. (Ağlayır)
Söhbətimizə çətinliklə də olsa Şəhid zabitimizin qardaşı Süleyman qoşulur:
Qardaşı Süleyman:
 
“Murad qeyri adi insan idi…”
 
“Muradla aramızda həmişə pərdə olub. Yəni böyük qardaş kimi onun hörmətini həmişə saxlamışam. Onun naliyyətlərinə həmişə heyran qalırdıq. Murad qeyri-adi bir insan idi. Onun haqda nə danışım bilmirəm. Axırıncı dəfə kursda oxuyurdu, altı aydan sonra general olacaqdı. Muraddan sonra bizim üçün çox çətindi. (Kövrəlir)
Sonda şəhid zabitimizin ailəsinə başsağlığı verib Muğan Gəncəli kəndindən Bakıya qayıdırıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. (Moderator.az)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın