Cümə , Avqust 23 2019
Ana səhifə / Şou Biznes / Sui-qəsdlərdə zəhər: mərgümüşdən poloniuma

Sui-qəsdlərdə zəhər: mərgümüşdən poloniuma

Son günlər Rusiya mətbuatının cidd-cəhdlə inkar etməyə, dünya mətbuatının isə israrla işıqlandırmağa davam etdiyi mövzulardan biri də sabiq FSB əməkdaşı Aleksandr Litvinenkonun qətli ilə bağlı üzə çıxan yeniliklərdir. Britaniyada keçirilən ictimai dinləmələrin nəticəsinə görə, bu qətlin prezident Vladimir Putinin razılığı ilə həyata keçirilməsi ehtimalı güclüdür. 
İllərdən bəri davam edən bu mübhəm nəhayət ki, gözlənilən nəticəni verdi. Siyasət və kəşfiyyat dünyası üçün qaranlıq qalan məqamlar aydınlandı. Musavat.com Litvinenkonun zəhərlənməsi hekayəsi ilə bağlı bir neçə dəfə yazdığı üçün təfərrüatlara varmır. Amma bu hekayə bizə zəhərlənmələrin incə nüansları ilə bağlı məlumatları yada salmağa vadar etdi.
Təbii kii, Litvinenkonun zəhərlənməsi tarixdə nə birinci, nə də sonuncu hadisədir. Hələ elmin bu qədər inkişaf etmədiyi vaxtlarda belə, şah saraylarında bir-birindən fərqli zəhər növləri icad edilmişdi. Neçə-neçə şah yeməyinə qatılan zəhərlə öldürülməyibmi? Qatı açılmayan neçə cinayətin tərkibində zəhərlənmə detalı olmayıbmı?
Tarixi mənbələrə istinad etsək, məsələn, Stalin Trotskini dəfələrlə zəhərləmək cəhdləri edib. Əvəzində Trotskinin katibi və cangüdəni pnevmoniyaya oxşar qəribə xəstəlikdən qəfil vəfat ediblər. Stalin qaynı Pavel Alliluyevi tənbəki ilə zəhərlədib. Bolşevik dövləti emiqrasiya etmiş düşmənlərə qarşı işləyirdi. Xüsusi xidmət orqanları sosializmdə yaşamaq istəməyən keçmiş vətəndaşları xaricdə də rahat buraxmırdı. Kommunist zəhərinin “əli” qonşu dövlətlərin siyasi partiyalarına da çatırdı. Qorbaçovun bir qədər boşaltdığı buxovlardan sonra – Yeltsinin zamanında da Rusiya əvvəlki üsullarından əl çəkməmişdi. Fəaliyyəti yenidən bərpa edilmiş gizli laboratoriya bu dəfə milli təhlükəsizlik adıyla işini görürdü. 2004-cü ildə Şimali Osetiyada, Beslanda götürülmüş girovlar məsələsini tədqiq edən jurnalist Anna Politkovskaya az qala isti içkinin qurbanı olacaqdı. Oliqarx Boris Berezovskinin zəhərlənməsi məsələsini tədqiq edən Aleksandr Litvinenko ölkədən qaçandan sonra kitabında gizli laboratoriyanın işindən danışırdı. O, açıq şəkildə Putini ittiham etdiyindən London hotellərinin birində səhər çay içərkən zəhərləndi. Bunu bilərəkdən açıq-aydın etdilər ki, qalanlara görk olsun.
Düşünülənin əksinə olaraq, tarixdəki bir çox sui-qəsdlər səs-küylü olmayıb. Əsasən “səssizcə”, bir çimdik mərgümüşlə (sink-fosfit) həll edilib. Bu mənada sui-qəsd təkcə silahın köməyi ilə baş vermir. Hədəflərindəki insanları məhv etmək üçün min bir yolu inkişaf etdirən sui-qəsdçilər “gizli sui-qəsd” üsulu ilə bir çox siyasətçi, əsgər, alimin həyatına son veriblər.
Ancaq bu ölümlərin isbatı o qədər də asan olmadığı və çox vaxt üstü örtüldüyü üçün onun üzə çıxarılması qeyri-mümkünə çevrilir. Çünki normal görünən bir çox ölümün – Turgut Özal, Adnan Kahveci, Muhsin Yazıcıoğlu, Alparslan Türkeş – arxasında bəzi gizli qüvvələrin olması şübhəsi var.
Türkiyədə bu mövzu ilə bağlı ən maraqlı araşdırmanın müəllifi yazar Atilla Akardır. Onun “Gizli sui-qəsdlər – şübhəli ölümlər” adlı kitabında ört-basdır edilmiş qəza, intihar, xəstəlik, infarkt halları araşdırılıb. A.Akar bildirib ki, gizli sui-qəsdlə açıq sui-qəsdin bir-birindən xeyli fərqi var. Belə ki, birincisi məqsəd və vasitə baxımından bu sui-qəsdlər fərqlənir. Açıq sui-qəsdlər hər kəsin bilməsi üçün və hamının gözü qarşısında həyata keçirilir. Adətən toplumda qarşıdurma, sensasiya, dəhşət və ya xaos yaratmaq üçün həyata keçirilir. Halbuki gizli sui-qəsdlər belə deyil: burada məqsəd hədəfdəki insanı yox etməkdən ibarətdir.
Açıq sui-qəsd zamanı tapança, tüfəng, bomba kimi hücumlardan istifadə olunduğu halda, gizli sui-qəsdlər zamanı zəhər, xəstəlik yaradan müxtəlif mikrob yükləmələri, intihar görüntüsü yaratmaq kimi metodlardan istifadə olunur. Əlbəttə, bunların özlərinə görə iz və dəlilləri olsa da, digərləri qədər bariz deyil və bu səbəbdən də asanlıqla ört-basdır edilir.
Müəllif öz kitabında gizli sui-qəsdin üsullarından da bəhs edib. Məlum olub ki, ildən-ilə bu metodlar daha da təkmilləşib və indi bu, az qala elm kimi formalaşıb. Hazırda bu mövzunu dərinliyinə qədər bilən toksikoloqlar, kimyagərlər, həkimlər, mühəndislər ixtisaslaşdırılıb. Nəticədə isə ağlınıza gələ biləcək hər şey gizli sui-qəsd vasitəsi ola bilər. Xüsusən də zəhərlər bu işdə əsas rolu oynayır. Qida və içkilərə zəhər qatmaq, zəhərli spreylər, zəhərli diş pastası, zəhərli diş çöpü, zəhərli kitab… bu kateqroiyaya aiddir.
İnfarkt yaradan dərmanlar, insan sağlamlığına zərbə vuran mikrob kokteylləri, mikrodalğa və ya radioaktiv şualarla insanın fiziki varlığı hədəfə alınır. Eləcə də intihar, maşın, motosiklet, təyyarə qəzası görüntüsü vermə üsulu da tətbiq oluna bilir. Burada şahzadə Diananın avtomobil qəzasını da nümunə kimi yada salmaq olar.
Statistikaya görə, açıq sui-qəsdlər daha çoxdur. Xüsusən keçmiş dövrlərdə, saraydaxili intriqalarda gizli sui-qəsdlər çox geniş yayılmışdı. Hər padşah və ya kral zəhərlənmə riski altında olub. O səbəbdən də yanlarında hər zaman yeməklərini öncədən dadan insanlar saxlayıblar. Hazırda da bir çox prezidentlərin şəxsi heyətlərində belə şəxslər var. Onlar prezidentlərə yemək təqdim etməzdən əvvəl onun dadına baxırlar.
Müəllifin kitabında antisovet yazıçısı Lev Rebetin 1957-ci ildə infarktdan ölməsi faktı da öz əksini tapıb. Müəllif yazıb ki, bu hadisədən bir neçə il sonra DTK-da onun ölümünü təşkil edən şəxs xaricə qaçıb və Rebetin üzünə zəhərli qaz fısqırtdığını, bunun isə infarkta səbəb olduğunu etiraf edib.
Bəzi zəhərləri yada salaq. Bunlardan ən geniş yayılanı ritsin adlı zəhərdir. Ritsinlə zəhərlənən şəxs qrip və qızdırmadan əziyyət çəkir, bir neçə gündən sonra isə dünyasını dəyişir. Son dövrlərə qədər bu zəhərə çarə tapılmayıb. 1978-ci ildə Londonda dünyasını dəyişən dissident Georgi Markovun bu vasitə ilə aradan götürüldüyü deyilir. Onun bədəninə dayanacaqda avtobus gözlədiyi zaman “təsadüfən” ucunda zəhərli iynə olan çətir dəyir. Bir neçə saat sonra isə o, qızdırmadan dünyasını dəyişir.
Tetraetilqurğuş adlı zəhər mərkəzi əsəb sistemini sıradan çıxarır. Beyinə güclü təsir edən bu xoşətirli qazın cüzi miqdarı beyinin funksiyasının pozulmasına səbəb olur. Bir müddət davam edən xəstəlik ölümlə nəticələnir.
Digər təhlükəli zəhər polonium-210-du. Adətən nüvə araşdırmalarında istifadə edilən bu maddənin 7 pikoqramı (1 pikoqram – qramın trilyonda bir hissəsidir) insan üçün ölümcül doza sayılır. Zəhər 138 günə insanın bütün orqanlarını sıradan çıxarır. Bu zəhərin yaradıcısının qızı isə kapsulun sındığı laboratoriyada bir neçə saat işləyəndən sonra xərçəng xəstəliyinə tutulub.
Yuxuda ölümə gətirən zəhərlər də az deyil. Belə zəhərlər hələ orta əsrlərdən məlumdur. Zəhərlənən insan heç bir ağrı və narahatlıq hiss etmir. Lakin yuxuya gedəndən bir müddət sonra ürəyi dayanır. Bu zəhərlərin əksəriyyətini sonradan orqanizmdə aşkar etmək mümkün olmur.

Həmçinin oxuyun

Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı – VİDEO

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.Müğənninin kürəkəni bu gün keçmiş …

Bir cavab yazın