Ana səhifə / Şou Biznes / Srtasburqda ilk azərbaycanlı vəkil: “Vəkil hər zaman möcüzəyə inanmalıdır”

Srtasburqda ilk azərbaycanlı vəkil: “Vəkil hər zaman möcüzəyə inanmalıdır”

Dilbadi Qasımov: “Ermənistandan qovulmuş və əmlaklarından məhrum olunmuş bir neçə Azərbaycanlının iddiasını Avropa Məhkəməsinə Ermənistana qarşı təqdim etmişəm və ümid edirəm ki, müsbət nəticə əldə edəcəyəm

Onun haqqında ilk dəfə ötən il Strasburqda olanda məlumat almışdım. Amma mən orada olanda Dilbadi Qasımov Strasburqda olmadığı üçün onunla görüşmək imkanlarım olmamışdı. Marağımı çox çəkdi. Ötən bir il ərzində ondan məlumatlar aldım və əlaqə yarada bildim. İlin-günün bu vaxtında Avropanın siyasi ürəyində, bütün Avropaya ədalət paylayan, milyonlarla insanın ümidinə çevrilən Avropa İnsan Haqları Məhkəməsində işlərə çıxan bir azərbaycanlı vəkilin olması mənim üçün gerçəkdən qürurverici bir olay idi. Nəzərə alsaq ki, bu vəkil Strasburqda işlərə təbii ki, fransız dilində çıxır, bu, ayrı bir qürurdur.

Strasburqda ilk azərbaycanlı vəkil olan Dilbadi Qasımovla görüşümüz bu il Strasburqda səfərdə olanda alındı. Sadə, səmimi, istedadlı, çalışqan və məsuliyyətli bir adamdır. Gəncdir, amma çox bacarıqlıdır. Üzərində işlədiyi hər halindən məlumdur. Vəkillik edir, roman yazır, fransız dilində nəşr etdirir, fransız dilində nəşriyyat qurur və daha neçə arzuları var. Bu sferada işləmək Fransa kimi ölkədə, Strasburq kimi şəhərdə çox çətindir, bilirəm, amma bunu bacaran azərbaycanlılar var, onu da görüb fəxr etməmək əldə deyil. Şükür ki, Azərbaycanı Azərbaycandan kənarda və ləyaqqətlə təmsil edən belə oğullarımız da var.

Dilbadi Qasımov vəkil olsa da, elə də danışan adam deyil. Mənim də əlimdə kameralarım yox idi. Çox cəhd etsəm də, videosöhbətimiz alınmadı, amma belə – sözlü-yazılı müsahibəmiz alındı. Ümid edirəm ki, Dilbadi Qasımovu – bu adı azərbaycanlılar hələ indən sonra çox eşidəcək, onun Avropanın siyasi ürəyinin döyündüyü şəhərdə – Strasburqda uğurları haqqında hələ çox danışılacaq.

İndi isə bizə qalır “16-1” layihəsində onu dinləmək.

Müsahibimiz Strasburqda fəaliyyət göstərən yeganə azərbaycanlı vəkil Dilbadi Qasımovdur…

Əvəz Zeynallı

Strasburq, Fransa

 

– Xahiş edirəm, özünüz haqqında məlumat verəsiniz.

– Mən Şərur rayonun Düdəngə kəndində dünyaya gəlmişəm, 1997-ci ildə həmin kəndin orta məktəbini bitirdikdən sonra, Azərbaycan Dillər Universitetinin fransız dili fakultəsinə daxil olmuşam, 2001-ci ildə təhsilimi davam etdirmək üçün Fransanın Strasburq şəhərinə gəlmişəm və həmin il Strasburq universitetinin hüquq fakultəsinə daxil olmuşam. 2005-ci ildə hüquq üzrə magistraturanı başa çatdırmışam. 2009-cu ildə həmin universitetdə doktorantura işimi müdafiə etmişəm. Bundan sonra, Azərbaycana geri dönərək, 1 il ərzində hüquqşünas kimi fəaliyyət göstərmişəm, 2010-cu ilin sonunda yenidən Fransaya geri dönərək 2 il davam edən vəkillər məktəbini oxumuşam. 2014-cü ilin əvvəlindən etibarən, Strasburq şəhərinin Vəkillər Kollegiyasına daxil olmuşam və o zamandan bəri Strasburqda öz şəxsi kabinetimi yaradaraq vəkil kimi fəaliyyət göstərirəm.

 Sizi Strasburqa aparan yol necə olub? Bu yolun tarixçəsini Oxucularımızla paylaşa bilərsinizmi?

– Mən təhsilimi davam etdirmək üçün Fransanı, fransız dilini öncədən bildiyim üçün seçmişəm. Strasburq şəhərinə gəlmək isə təsadüfən baş verib, çünki Fransanın bir neçə universitetinə sənədlərimi yollayandan sonra Strasburq Universitetinə qəbul olunduğum üçün bu şəhəri seçmişəm.

 

“Balaca Quş” adlı romanım Fransada çap olunub

 

– Bildiyimə görə, siz geniş nəşriyyat işləri ilə də məşğul olursunuz…

– Bəli, doğrudur, nəşr sahəsi mənim üçün olduqca maraqlıdır, buradakı əsas sahəm olan hüquqla bağlı nəşrlərdən söz gedə bilər. Universitetdə doktorantura təhsilimi aldığım zaman, Strasburq universiteti tərəfindən nəşr olunan hüquq jurnalının redaktoru vəzifəsində çalışmışam, eyni zamanda da müxtəlif jurnallarda elmi məqalələr yazmışam. İkinci bir tərəfdən də, ədəbiyyata böyük marağım olduğundan, 2016-cı ildə yazdığım “Balaca Quş” adlı romanım Fransada tanınmış nəşriyyat tərəfindən çap olunmuşdur. Bununla yanaşı, hazırda Fransada bir neçə yoldaşla bərabər öz nəşriyyatımızı qurmaqdayıq və gələcəkdə bu işi daha da professional səviyyəyə çatdırmağı düşünürük.

– Bu məsələ ilə bağlı gələcək planlarınızı bir neçə kəlmə deyə bilərsinizmi?

– Təəssüf ki, bu məsələ ilə bağlı ətraflı çox şey danışa bilməyəcəyəm. Sirli olmayan məlumat odur ki, məqsədimiz, Fransada nəşr olunmaq istəyən hər bir yazıçının üzünə açıq olmaqla bərabər, xarici dillərdə, əsasən də Azərbaycan dilində olan əsərlərin tərcüməsini və nəşrini həyata keçirməkdir.

 

Strasburqda ilk azərbaycanlı vəkil

 

– Belə başa düşdüm ki, Azərbaycandan ilk vəkilsiniz ki, Strasburqda rəsmi ofisiniz var və Avropa Məhkəməsində işlərə çıxırsınız. Bu barədə danışa bilərsinizmi?

– Bəli, hələ ki, Strasburqda bizim ölkədən başqa vəkil fəaliyyət göstərmir, ümid edək ki, gələcəkdə bu tendensiya dəyişəcək və Avropada yaşayan bizim gənclər yüksək təhsil alaraq, bu kimi vəzifələrə yiyələcəklər. Bu da Azərbaycan xalqının Avropada təmsil olunmasına yüksək təsir göstərəcək. İkinci suala gəldikdə isə, Fransanın daxili məhkəmələri ilə birlikdə, müvəkkillərimi, eyni zamanda beynəlxalq məhkəmələr qarşısında da müdafiə edirəm. Buraya, Cenevrədə yerləşən BMT-nin nəzdində olan beynəlxalq məhkəmələr və Strasburqda yerləşən Avropa Şurasının nəzdində təsis olunan Avropa İnsan Haqları Məhkəməsi daxildir.

– Fransada vəkil kimi fəaliyyət göstərmək sizin üçün çətin deyil ki?

– Ümumiyyəylə, Fransada vəkillik işi çox çətindir. Bunu hətta Fransız əsilli vəkillər də etiraf edirlər. Bu, onunla bağlıdır ki, fransiz qanunvericiliyi çox genişdir və prosessual hüquq normaları həddindən artıq qəlizdir. Hər tip işin öz qaydaları var və fərqli prosessual normalara itaət edirlər. Bütün bu məsuliyyət də vəkilin üzərinə düşür. Bəli, bu işə başlamazdan öncə əslən fransız olmadığım üçün mənə daha da çətin olacağını düşünürdüm, amma işə başlayandan sonra bunun tamamilə əksini gördüm. Fransıiz dilini ve hüquq sistemini mükəmməl bildiyim üçün elə də çətinliklə qarşılaşmadım. Bu işdə sözsüz ki, uzun illər yüksək səviyyədə aldığım hüquq təhsili, eyni zamanda Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsində və Strasburqda Avropa Şurasındakı iş təcrübəm və həmçinin təhsil aldığım illərdə hüquq firmalarında keçdiyim stajların köməyi çox oldu. Doktorantura işinin yazılma prosesi, bu işdə aparılan tədqiqatlar insanı hüquqi sənədləri asanlıqla başa düşməyə və işləməyə hazırlayır. Bu gün ən çox hiss etdiyim çətinlik zamanın azlığı ilə əlaqədardır. Bundan əlavə, işlər adətən bir neçə fərqli dillərdə olur və bu da işin çətinləşməsinə səbəb olur. Çünki Beynəlxalq Məhkəmələrə təqdim etdiyimiz işlər fərqli ölkələrə qarşı olduğu üçün biz ingilis, rus, türk, alman və Azərbaycan dillərində işləməyə məcburuq.

 

Vəkil hər zaman möcüzəyə inanmalıdır

 

– Bildiyimiz kimi, vəkilin ən çətin anı uduzduğu andır, bəs siz bu halda hansı hissləri keçirirsiniz?

– Yəqin ki, tarix boyunca heç bir vəkilə müdafiə etdiyi işlərin hamısını udmaq nəsib olmayıb. Bir məhkəmə işində adətən iki rəqib tərəf olduğu üçün, onlardan biri udmalı, digəri də uduzmalıdır. Məhkəmə qərarı müvəkkilimin xeyrinə olarsa, əlbəttə, bu, mənim üçün çox sevindirici və xoşbəxt andır. Uduzanda isə sözsüz ki, bu, çox böyük təəssüf hissi yaradır. Bəzi işlərin öncədən uduzulacağı məlum olsa da, vəkil hər zaman möcüzəyə inanmalıdır.

– Hansı ölkələrinin vətəndaşlarının işlərini aparmısınız, yadınızda qalan ən maraqlı iş hansı olub?

– Beynəlxalq məhkəməklər qarşısında, indiyə qədər 10-a yaxın ölkəyə qarşı iddia ərizəsi təqdim etmişik. Fransa məhkəmələri qarşısında isə fransızlarla bərabər, əcnəbi müvəkkilləri də müdafiə edirəm. Buraya Fransada yaşayan bütün millətləri aid etmək olar. İkinci suala gəldikdə isə, Fransa qanunlarına əsasən, vəkilin tam ciddi məxfilik öhdəliyi vardır. Belə öhdəliyim olduğu üçün, heç bir iş haqqında, heç bir tərzdə danışmağa haqqım yoxdur. Amma ümumi olaraq deyə bilərəm ki, Ermənistandan qovulmuş və əmlaklarından məhrum olunmuş bir neçə Azərbaycanlının iddiasını Avropa Məhkəməsinə Ermənistana qarşı təqdim etmişəm və ümid edirəm ki, müsbət nəticə əldə edəcəyəm.

 

Avropa Məhkəməsinə baş vurmuş insanların qəzəbini başa düşmək olar

 

– Avropa Məhkəməsi niyə belə ləng işləyir? Məsələn, 2010-cu ildən daha əvvəlki tarixlərdən işlər var ki, hələ də xəbər yoxdur. Niyə bu işlərə belə ləng baxılır?

– Avropa İnsan Haqları Məhkəməsində bu gün ən aktual problemlərdən biri işlərə gec baxılmasıdır. Bu gün ümumi olaraq, 10 minlərlə iş asılı vəziyyətdə qalmışdır və baxılması üçün növbələrini gözləyirlər. Bundan əlavə, hər gün yüzlərlə yeni iş daxil olur. Gecikmə məsələsi bütün ölkələrlə bağlıdır və daxil olduğu gündən etibarən bir işin baxılma müddəti təxmini 2-6 il arası dəyişə bilər. Avropa məhkəməsində işləyən bir hüquqşünas, sadəcə bir işə baxması üçün, işin çətinliyini nəzərə alaraq, bir aydan çox vaxt sərf edə bilər. Bu da orta hesabla ildə, hər hüquqşünasa təxmini 10-20 arası iş deməkdir. Bundan nəticə çıxara bilərik ki, bir hüquqşünasın üzərinə düşən illik öhdəlik çox yüksək deyildir. Maliyyə problemlərini nəzərə alaraq, Avropa Şurasında hər dövlət üçün işləyən hüquqşünasların sayı həddindən artıq azdır və bu da nəticədə işlərin baxılmasında gecikməyə səbəb olur. Avropa Məhkəməsinə baş vurmuş insanların qəzəbini başa düşmək olar. Amma onu da nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsi dördüncü instansiya məhkəməsi deyildir və prinsipcə məhkəmə mübahisələri, daxili məhkəmələr tərəfindən lazımınca həll olunmalıdır ki, Avropa Məhkəməsinə sadəcə çox ciddi məsələyə aid olan işlər təqdim olunsun. (Strateq.az)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın